Dialoqun davam etdirilməsinin vacibliyi bir daha təsdiqləndi
2020-ci il Vətən müharibəsi bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da regionda uzun illər davam edən münaqişə mərhələsi arxada qaldı və yeni inkişaf dövrünün təməli qoyuldu. Müharibədən sonrakı mərhələdə formalaşan reallıqlar təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün yeni imkanlar yaradıb. Ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, Bakı əldə etdiyi hərbi-siyasi üstünlüyü revanşizm və qarşıdurma siyasətinə deyil, əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlər sisteminin qurulmasına yönəldib. Yeni dövrdə sülh prosesinin daha da inkişaf etdirilməsi İrəvan üçün də bölgənin yeni konfiqurasiyasında əsaslı rol vəd edir. Yaranan fürsətdən istifadə edə bilsə, İrəvan gələcəkdə müstəqil siyasi xətt, iqtisadi azadlıq əldə edə biləcək.
Dublində növbəti görüş
Noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb. Görüşdə 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi, iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişlər, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivləri müzakirə olunub. Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qeyd olunub. Ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar. Liderlər sülh prosesində müsbət dinamikanın qorunub saxlanılmasının, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
Yükdaşımalar 105 min tona çatıb...
Qeyd olunduğu kimi, Azərbaycanın apardığı siyasət revanşizmə deyil, regionun davamlı inkişafına hesablanıb. Post-müharibə dövründə Bakı yalnız bəyanatlarla kifayətlənməyərək, konkret addımlar atmaqla yeni yanaşmasını praktik müstəvidə nümayiş etdirdi. İlk növbədə sülh şəraitinin yaradılması istiqamətində görülən işlər diqqət çəkir. Azərbaycan hərbi qələbədən sonra bölgədə gərginliyi artıracaq addımlardan imtina edərək, diplomatik kanalları ön plana çıxardı.
Eyni zamanda Ermənistana neft məhsullarının ixracı, Ermənistan üçün ərazimizdən keçərək yük daşınmasına icazə verilməsi və yükdaşımaların 105 min tona çatması mühüm siyasi mesaj daşıyır. Bu addım göstərdi ki, Azərbaycan regionda iqtisadi blokadalarla deyil, qarşılıqlı əlaqələr və fayda prinsipi ilə hərəkət etməyə hazırdır. Neft və enerji məhsullarının ixracı məsələsində də Bakının konstruktiv mövqeyi özünü göstərdi. Enerji təhlükəsizliyi məsələsində Azərbaycan yalnız öz maraqlarını deyil, regionun ümumi rifahını nəzərə alan aktor kimi çıxış etdi. Bütün bu addımların ünvanı aydındır - Ermənistan yaranmış tarixi fürsətdən maksimum yararlanmalıdır. Bakı açıq mesaj verir: sülh qarşı tərəf üçün risk deyil, inkişaf şansıdır. Əgər İrəvan bu çağırışlara cavab verməzsə, regional layihələrdən kənarda qalmaqla siyasi və iqtisadi baxımdan uduzan tərəf olacaq. Azərbaycanın postmüharibə yanaşması artıq faktiki olaraq yeni regional davranış modelinə çevrilib və bu model beynəlxalq aləmdə də maraqla qarşılanır.
Zəngəzur dəhlizi (TRIPP) Ermənistan üçün mühüm perspektiv vəd edir
Azərbaycanın Cənubi Qafqaz üçün formalaşdırdığı ən mühüm yeni mərhələ isə Zəngəzur dəhlizinin (TRIPP) reallaşmasıdır. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün, xüsusilə İrəvan üçün mühüm əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi (TRIPP) ümumən regionun inkişaf dinamikasını artırma imkanına malikdir. Dəhliz Şərq-Qərb marşurutu üzərində ən qısa yoldur. Təbii ki, istər yükdaşımalarında, istərsə də digər ticarət mübadilələrində ən qısa yolun seçilməsi iqtisadi baxımdan da böyük mənfəət vəd edir. Eyni zamanda, Zəngəzur dəhlizi təhlükəsiz marşurut sayılır. İnfrastruktur baxımından da Zəngəzur dəhilizi olduqca əlverişlidir. Zəngəzur dəhlizinin (TRIPP) ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.
Vurğulandığı kimi, Ermənistan bu dəhlizin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan verəcək. Eyni zamanda, Ermənistanda xarici sərmayə artacaq - açıq sərhədlər və sülh mühiti Ermənistan iqtisadiyyatına inamı artıracaq. İqtisadi dalan mühiti aradan qalxacaq - Ermənistan üçün həm istehsal xərcləri azalacaq, həm də ixrac imkanları genişlənəcək.
Sülh üçün...
Müharibədən sonra yaranmış yeni reallıqlar region üçün böyük imkanlar açsa da, bu imkanların tam şəkildə reallaşdırılması yalnız sülh müqaviləsinin imzalanması ilə mümkündür. Sülh olmadan iqtisadi potensialın tam istifadəsi, investisiyaların cəlb olunması və regional inteqrasiyanın dərinləşdirilməsi çətinləşir. Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalaması təkcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, həm də bütün Cənubi Qafqazın gələcəyi üçün mühüm addım olacaq. Bu addım regionun uzun illər istifadəsiz qalmış iqtisadi potensialını üzə çıxara bilər. Azərbaycanın uzunmüddətli və ardıcıl xarici siyasət kursu nəticəsində formalaşmış beynəlxalq tərəfdaşlıq şəbəkəsi region dövlətləri üçün yeni imkanlar yaradır. Ermənistan da bu prosesə qoşulmaqla iqtisadi və siyasi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoya bilər. Lakin bunun üçün ilk növbədə siyasi iradə nümayiş etdirilməlidir. Regionda yeni dövrün tələblərinə uyğun davranmaq, keçmişin qarşıdurma siyasətindən imtina etmək və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərmək vacibdir. Qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması, münasibətlərin normallaşdırılması və hüquqi əsasların formalaşdırılması sülh prosesinin uğurunu müəyyən edən əsas amillərdir. Bunun üçün isə Ermənistan mütləq şəkildə konstitusiyasanda yer alan Azərbaycana qarşı əsassız iddialardan geri çəkilməlidir. Məhz bu halda Cənubi Qafqaz sabitlik, rifah və inkişaf məkanına çevrilə bilər.
P.İSMAYILOV