Azərbaycan Avropa İttifaqı ölkələrinə qaz nəqlinin coğrafiyasını genişləndirir
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilən “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada çıxışı zamanı Azərbaycanın dünya ölkələrinin enerji təhlükəsizliyində oynadığı müstəsna rola toxunub. Cənub Qaz Dəhlizinin və onun mühüm tərkib hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyindəki roluna xüsusi diqqət yetirib. Bildirib ki, hazırda Azərbaycanın qaz nəql etdiyi ölkələrin sayı 16-na bərabərdir, onların əksəriyyəti Avropa İttifaqına üzv olan ölkələrdir. Bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının 10 ölkəsini təchiz edən və Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur. Kəmərin genişləndirilməsi nəticəsində Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artacaq.
Pan-Avropa enerji təchizatçısı
Yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır. Hazırda boru kəmərləri vasitəsilə qaz ixracının coğrafi əhatəsinə görə, Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsaslı hüquqi çərçivə olan 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunun tələblərinə uyğun olaraq emal infrastrukturlarının genişləndirilməsi və qaz təchizatının artırılması planlaşdırılır. Ölkəmiz yeni həcmlərin əldə edilməsi üçün yeni yataqların kəşf edilməsi istiqamətində geoloji kəşfiyyat işlərini də davam etdirir.
Mövcud proqnozlara görə, 2026-2028-ci illərdə ölkəmizin Avropa regionuna ixracı 15-16 milyard kubmetrə çatacaq. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu məsələ bir neçə gün əvvəl Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı da əsas müzakirə mövzularından biri kimi diqqətə çatdırılıb.
Tərəflər arasında sadiqlik və həmrəylik amili nəzərə alınmaqla, uzunmüddətli vacib enerji platforması qurulacaq. Cənab Antonio Koştanın da etiraf etdiyi kimi Azərbaycanın Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində rolu nəzərə alınaraq bu istiqamətdə mövcud imkan resurslarının daha da diversifikasiyası nəzərdə tutulur. Mövcud möhkəm hüquqi çərçivə sənədinə əsasən, Cənub Qaz Dəhlizinin nəql infrastrukturlarının artırılması da bu ssenariyə daxildir.
Cənub Qaz Dəhlizinin genişləndirilməsinə yeni sərmayələr cəlb olunacaq
Azərbaycanın hasilatı və ixracı artırmaq üçün kifayət qədər potensialı mövcuddur. Hazırda qaz tədarükündə əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən illik 16-17 milyard kubmetr qaz istehsal olunur. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa, “Azəri-Çıraq-Günəşli” (ACG) blokundan hasilatın həcmi yüksəlir. Cəmi bir neçə ay əvvəl AÇG-nin dərin qaz yatağından - “ACG Deep Gas” adlandırılan layihə çərçivəsində hasilata başlanılıb. Eyni zamanda, təsdiq edilmiş iş proqramı və investisiya portfeli əsasında mövcud yataqlarda da hasilatın artırılması istiqamətində ardıcıl işlər görülməkdədir. “Abşeron” və “Ümid” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2025-ci ildə bu yataqdan 2 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir.
Nəticədə, hasilat həcmlərinin artırılması Azərbaycanın qaz istehsalı nəqlinin böyüməsi fonunda Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsi də labüdləşir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır. Dövlət başçısı bu məsələyə münasibət bildirərkən xatırlatdı ki, həm hasilat həcmlərinin artması, həm də bölgədə baş verən geosiyasi proseslər, xüsusilə də, Rusiya-Ukrayna müharibəsi mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsini zəruri edir. Bu baxımdan əsas sual ondan ibarətdir ki, boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması üçün zəruri maliyyə vəsaiti tələb olunur ki, həmin sərmayələrin cəlb edilməsi Aİ ölkələri və maliyyə təşkilatları ilə müzakirə olunmaqdadır.
Beləliklə, “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada səsləndirilən fikirlər bir daha qlobal enerji bazarında, o cümlədən Avropa regionunda Azərbaycanın etibarlı, sadiq geoiqtisadi reallıqlar fonunda alternativ və dayanıqlı mənbə olduğunu təsdiqləyir. Bu isə Azərbaycanın Aİ ölkələri üçün xüsusi əhəmiyyət kəsb etdiyini və əməkdaşlıq və etimad mühitinin daha da möhkəmləndirir.
E.CƏFƏRLİ