İqtisadiyyat naziri Mikayıl Cabbarovla “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo arasında keçirilən görüşdə Azərbaycan-Çin iqtisadi əməkdaşlığı müzakirə olunub. Çin şirkətlərinin ölkəmizdə infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə fəaliyyətinin artırılması perspektivləri nəzərdən keçirilib. Tərəflər Azərbaycan-Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə “CSCEC International” şirkəti ilə potensial əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Qeyd edək ki, “CSCEC International” bina və infrastruktur layihələrini həyata keçirən beynəlxalq şirkətdir. Şirkət daşınmaz əmlak, investisiya, layihələndirmə və mühəndislik sahələrində fəaliyyət göstərir.
Sumqayıt Kimya Sənaye Parkında Çin rezidentlərinin sayı artır
Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər, qeyri-neft sektorunun inkişafında sənaye zonalarının əhəmiyyəti, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən vergi-gömrük güzəştləri, digər stimullaşdırıcı mexanizmlər Çin sənaye ailəsinin marağına səbəb olmaqdadır. Çin şirkətləri bu münbit iqtisadi şəraiti nəzərə alaraq son illərdə Azərbaycanda birgə layihələrdə geniş təmsil olunmaqdadır. Azərbaycanda 450-dən çox Çin şirkəti və korporasiyası müxtəlif iqtisadi sahələrdə təmsil olunur ki, həmin şirkətlərin təxminən 40 faizi sənaye və “ağıllı texnologiyalar” sektorunda fəaliyyət göstərir. Azərbaycanın ən nəhəng sənaye zonalarından biri olan Ələt Azad İqtisadi Zonasında çinli investorlar xeyli müddətdir ki, sənaye şəbəkəsinə qoşulub. Çinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” burada günəş panelləri istehsalı müəssisəsi yaradıb. Müəssisələrdə illik 3 qiqavat (QVt) istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunur.
Çinin “Vanhong Ceramics Co.” MMC bir neçə ildir ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi sənaye istehsalına öz töhfəsini verir.100 faiz Çin kapitallı olan şirkət sənaye parkının ərazisində ilk mərhələdə 40 milyon dollar investisiya yatırıb və keramik plitələr istehsal edir. Şirkət son 2 ildə sərmayələrini daha da böyüdərək istehsal olunan məhsulların xarici ölkələrə ixracında da fəal yer almaqdadır.
“BYD Company Limited”lə birgə əməkdaşlıq
Son bir ildə Çin investorları ilə Azərbaycan dövlət nümayəndələri arasında keçirilən görüşlərdə irimiqyaslı əməkdaşlıq, investisiya şərtləri və strateji prioritetlər barədə açıq dialoq qurulub və sənaye korporasiyaları arasında əlaqələndirməyə dair anlaşmalar əldə olunub. aparılıb, B2B formatlı görüşlər keçirilib. Ötən ildən başlayaraq Sumqayıt Kimya Sənaye Parkında Çinin nəhəng avtomobil sənayesi holdinqi olan “BYD Company Limited” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların istehsalı həyata keçirilməkdədir. Çinin “Ka Shui International Holdings Ltd.” şirkəti ölkəmizdə sənaye parklarına investisiya yatırılması imkanlarını nəzərdən keçirir. Eləcə də, məşhur “Dragon Mining Resources Ltd.” şirkəti də Sumqayıt Kimya Sənaye Parkında rezident statusu əldə etmək niyyətindədir. “Ka Shui International Holdings Ltd.” şirkətinin də sənaye zonalarına marağı böyükdür. “Wenzhou Wanhong Trading Co.” şirkətinin də Azərbaycanın sənaye zonalarında müştərək istehsal imkanlarında təmsil olunması nəzərdə tutulur.
Çinin “China Datang Overseas Investment Co”, “Dongfang Corporation”, “ZTE Corporation”, “Sinoma Beijing Triumph”, “Jiangsu Inter-China Group” və digər korporasiyaları da Azərbaycanın sənaye sektorlarında uğurlu fəaliyyətini davam etdirməkdədir.
Qarabağdakı sənaye parklarında Çin şirkətlərinin təmsilçiliyi
Çin şirkətləri Qarabağda yaradılan sənaye parklarında investisiya imkanlarından yararlanmaq niyyətini gizlətmir. Bir müddət əvvəl ölkəmizdə səfərdə olan Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndəsi Van Veyveyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi arasında keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli biznes imkanları müzakirə olunub. Çin nümayəndə heyəti Qarabağda yeni qurulan sənaye bölmələrinə sərmayə qoymaq planlarını təqdim edib, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsinə razı olduqlarını diqqətə çatdırıb.
Ümumilikdə, qlobal “yaşıl sənaye” cəmiyyətinə keçiddə mühüm rol oynayan Çin dünyanın ən böyük sənaye zəncirlərini qurmaqdadır. Çinin qlobal sənaye şirkətləri dünya bazarında İT və sənaye mübadilələrində mühüm mövqeyə malikdir. Həmin şirkətlərin böyük bir qisminin ölkəmizdə sənaye sektorunda təmsil olunması vahid sənaye bloklarının qurulması, sənaye zonalarında müştərək istehsal-emal-ixrac xəttininin və Sənaye Parkının qurulmasını labüdləşdirir. Bu baxımdan, Azərbaycanla birgə əməkdaşlıq sənaye arxitekturasının möhkəmlənməsinə, müasir iqtisadi inkişafda töhfəverici rol oynayan sənaye zonalarının əlavə dəyər yaratmasında potensiallarını gücləndirəcək. Birgə Sənaye Parkı Cənubi Qafqazda və digər regionlarda böyükhəcmli sənaye ixracı şəbəkəsini formalaşdırmaqla, Azərbaycan və Çinin müştərək sənaye simasını qlobal ticarətə təqdim edəcək.
E.CƏFƏRLİ