Dünya İqtisadi Forumunun 2010-2011-ci illər üçün Dünya Rəqabətlilik Hesabatı dərc olunub. Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hər il olduğu kimi Cəmiyyət Dünya İqtisadi Forumunun yerli partnyor təşkilatı olaraq Dünya Rəqabətlilik Hesabatı çərçivəsində bu il də Azərbaycanda sorğu keçirib. Sorğunun nəticələri hesabatın hazırlanmasında istifadə edilmiş və onun əsasında ölkəmizin rəqabətlilik reytinqi hesablanıb.
Azərbaycan 2009-2010-cu ilin hesabatında 51-ci yeri tutub. 2010-2011-ci illərin hesabatında isə Azərbaycan rəqabətlilik reytinqinə görə 57-ci yerdədir. Buna baxmayaraq, Azərbaycan MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olub.
Real göstəricilərə görə, Azərbaycan inkişaf dinamikası və rəqabətlilik səviyyəsini qoruya bilib. Belə ki, 7 xallıq cədvəl üzrə Azərbaycan 4,3 xal toplayıb, bu, keçən ilin göstəricisi ilə eynidir.
Dünya Rəqabətlilik Hesabatında (2010-2011-ci illər) ilk beşliyə İsveçrə, İsveç, Sinqapur, ABŞ və Almaniya daxildirlər.