Strateji tərəfdaşlığı möhkəmləndirən mühüm addım

Strateji tərəfdaşlığı möhkəmləndirən mühüm addım

Azərbaycan və ABŞ aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Birləşmiş Ştatlara səfəri çərçivəsində Vaşinqtonda ABŞ Ticarət Palatasında ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə hibrid formatda dəyirmi masa keçirilib.Tədbirdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, müasir texnologiyaların və süni intellektin aqrar sektorda tətbiqi müzakirə olunub. ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının əhəmiyyətinə toxunaraq sənəddən irəli gələn mühüm təşəbbüslərin Amerika şirkətləri tərəfindən dəstəkləndiyini bildirib. ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatının strateji sahələrindən biri olan kənd təsərrüfatında təmsil olunmaq niyyətini ifadə edib.

Qeyd edək ki, dəyirmi masa çərçivəsində ABŞ-ın kənd təsərrüfatı texnikası istehsalçısı olan “John Deere” şirkəti ilə imzalanması nəzərdə tutulan strateji tərəfdaşlıq sazişinin detallarına da diqqət çəkilib. Həmçinin, iki ölkənin Kənd Təsərrüfatı Nazirlikləri arasında qarşılıqlı Anlaşma Memorandumunun imzalanması istiqamətində işləri davam etdirilir.

Yüksəksəviyyəli nümayəndə heyətləri arasında anlaşmalar

Azərbaycan nümayəndə heyəti ilə ABŞ-ın kənd təsərrüfatı nazirinin birinci müavini Stephen Vade arasında keçirilən görüşdə də aqrar sahədə əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkə arasında aqrar sahədə tərəfdaşlığın ikitərəfli münasibətlərdə inkişaf etdirilməli vacib istiqamətlərdən biri olduğunu, bu cür dialoqların əməkdaşlığı daha da genişləndirmək üçün gözəl imkanlar yaratdığını qeyd ediblər.

S.Vade ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidməti (ARS) və Milli Ərzaq və Kənd Təsərrüfatı İnstitutu (NIFA) ilə Azərbaycanın müvafiq qurumları arasında birgə elmi-tədqiqat layihələrinin və eksperimental sınaqların həyata keçirilməsinin əhəmiyyətinə toxunub, bu istiqamətdə əlaqələrin daha da gücləndiriləcəyini xatırladıb.

Hər iki ölkənin nümayəndə heyətləri arasında keçirilən digər görüşlərdə də müştərək əməkdaşlığın perspektivlərinə nəzər salınıb. ABŞ şirkətlərinin Azərbaycanın aqrar sektorunda müasir texnologiyalar, kənd təsərrüfatı texnikası, məlumatların təhlili, süni intellekt və proqnozlaşdırma sahələrində əməkdaşlıq edəcəyi nəzərdə tutulur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun fikrincə, birgə əməkdaşlıq ölkəmizdə ekstensiv kənd təsərrüfatından intensiv kənd təsərrüfatına keçidin, daha az resursdan istifadə etməklə daha yüksək əlavə dəyərin yaradılmasının və ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verə bilər.

Əlverişli biznes mühiti ABŞ investorları üçün maraq doğurur

Azərbaycan nümayəndə heyətinin Vaşinqtona səfəri iki ölkə arasında aqrar sahədi münasibətlərin çoxşaxəli inkişafı üçün yeni dövrün başlandığını bir daha təsdiqləyir. Nəzərə alsaq ki, son aylarda iki dövlət arasında iqtisadi və siyasi bloklarda ardıcıl xarakter alan sıx təmasların artması və qətiyyətli iradənin ortaya qoyulması Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni dövrə daxil olmasını təmin etməkdədir. Bu tədbir Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, biznes mühitinin inkişafı və müasir aqrar modellərin tətbiqi üçün əlverişli imkanların yaradılması və özəl sektor nümayəndələri arasında əlaqələrin gücləndirilməsi üçün mühüm fürsət sayıla bilər.

Yaxın vaxtlarda e-kənd təsərrüfatı, süni intellekt, yeni aqrar transformasiyaya keçid sahələrində nəzərdə tutulan sənədlərin imzalanması isə Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni investisiya layihələrinin reallaşdırılmasına və uzunmüddətli strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına texnologiya və inovasiyanın transferinin sürətlənməsinə gətirib çıxaracaq.

Azad ərazilərdə Birləşmiş Ştatların aqrar təcrübəsindən istifadə olunacaq

ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir, iqlimə davamlı və rəqəmsal texnologiyalara əsaslanan modelə də marağı böyükdür. Bu ərazilərdə beynəlxalq standartlara uyğun aqrar istehsal modelinin qurulmasında ABŞ-ın elmi-tədqiqat təcrübəsindən yararlanmaq nəzərdə tutulur. Eləcə də, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsində ABŞ-da tətbiq olunan müasir texnologiyaların ölkəmizə gətirilməsinin təşviqi istisna edilmir. Tərəflər arasında imzalanacaq Anlaşma Memotandumunda azad ərazilərdə bitkiçilik, heyvandarlıq, balıqçılıq və akvakultura, innovativ texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlıq perspektivləri də nəzərdə tutulub.

E.CƏFƏRLİ