Azərbaycan media nümayəndələri dünən Şimali Kipr Türk Cumhuriyyətinə səfərləri çərçivəsində ŞKTC prezidenti Dərviş Əroğlu ilə görüşüblər. Görüşdə Azərbaycan-ŞKTC münasibətləri, bu münasibətlərin mediada ifadəsi ətrafında müzakirələr aparılıb. Dərviş Əroğluna Azərbaycan media qurumları barədə geniş bilgi verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli iki xalq arasında münasibətlərin uğurla inkişaf etdirilməsində KİV-in müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. öz növbəsində nümayəndə heyəti vasitəsilə Azərbaycan xalqına öz salamlarını göndərən D.Əroğlu bundan sonra da bu münasibətlərin uğurla inkişaf edəcəyinə inamını ifadə edib. Sonda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli nümayəndə heyəti adından Dərviş Əroğluna Azərbaycan xalçası hədiyyə edib. Bundan sonra nümayəndə heyəti ŞKTC-nin xarici işlər naziri Hüseyin özgürgünlə görüşüb, onun adından təşkil edilmiş ziyafətdə iştirak ediblər.