Bakı çoxtərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığında görüşlər keçirib

Müasir qlobal çağırışlar əməkdaşlığa və ortaq dəyərlərin bölüşülməsinə hədəflənir - çoxtərəfli platformalarda sıx əməkdaşlıq üçün yaradılan zəmin bəşəriyyətin ümumi problemlərinin həllində açar rolunu oynayır. Qlobal nizamın əsas dayaq nöqtələri isə müasir trasformasiyaya uyğun olaraq tənzimlənir - etiraf olunur ki, qlobal problemlərin həllində, beynəlxalq iqtisadi-siyasi əlaqələrin oturuşmasında, hətta ən kəskin kataklizmlərin və toqquşmaların qarşısının alınmasında həm ikitərəli, həm də çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dayanır. Son 15 ildə Azərbaycan qlobal məkanda həm aparıcı regional lider, həm də qlobal logistik öncül kimi şöhrət qazanıb. Diqqət yetirsək, Bakının aparıcı rolu nəinki yerləşdiyi coğrafiyada, daha böyük geostrateji iqtisadi-siyasi platformalarda vurğulanır, təqdirəlayiq sayılır. Azərbaycanın yeni qlobal proseslərdəki rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması isə bir daha onu göstərir ki, rəsmi Bakı apardığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixləri ön plana çıxarır - bu, müasir çağırışlara, müasir standartlara söykənərək yürüdülən dövlət siyasətinin növbəti təsdiqi kimi oratya çıxır. Əlaqələrin inkişaf etdirilməsi isə yeni iqtisadi-siyasi situasiyanın üfüqlərinin genişlənməsidir.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyəti

Azərbaycan - Aİ münasibətləri də siyasi dialoqdan tutmuş enerji, ticarət, nəqliyyat, təhsil və humanitar sahələrə qədər geniş spektri əhatə etməkdədir. Bu əlaqələr ilərdir ki, inkişaf edir və qarşılıqlı etimad, real maraqlar əsasında dərinləşərək strateji məzmun qazanır. Təşkilatla ölkəmiz arasında xüsusilə enerji əməkdaşlığı münasibətlərin mərkəzində dayanır. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu layihə sayəsində Azərbaycan özünü Avropa üçün etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. Qeyd edək ki, Avropa bazarında Azərbaycan qazına ehtiyac ildən-ilə daha da çoxalır - bu isə yeni idxalçı ölkələrin ortaya çıxmasını şərtləndirir. Digər tərəfdən, paralel olaraq Azərbaycanın ixrac potensialı da artmaqdadır. Bu mənada, bütövlükdə, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan enerji dialoqu əməkdaşlığın nadir formatı kimi səciyyələndirilir. Azərbaycan bu gün 16 ölkəyə qaz ixrac edir - onların 10-u Avropa İttifaqının üzvüdür. Bu olduqca mühüm bir məqamdır - ölkəmizin planı 2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır. Bu gün 25 milyard kubmetr səviyyəsində olan bu göstərici təxminən 5 ildən sonra 33 milyard kubmetr təşkil edəcək. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə, o cümlədən Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordü, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Ana Maria Bura, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Kaysa Ollongren, baş katibin müavini və siyasi direktor Olof Skuq, Avropa Komissiyasının genişlənmə və şərq qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Vivian Lunella və Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Lene Vensild ilə görüşlər keçirmişdir.

Danışıqlar zamanı tərəflər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı səfərlər də daxil olmaqla, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi imkanları, hazırda nəzərdən keçirilən ikitərəfli sənədlər, o cümlədən Tərəfdaşlıq Prioritetləri və Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli sazişin razılaşdırılması, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan töhfəsi, regional nəqliyyat bağlantılarının inkişafında Azərbaycanın aparıcı rolu və bu sahədə əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsi, Naxçıvan dəmir yolu xəttinin bərpası layihəsi üzrə Avropa İttifaqı tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırma, Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesinin gedişi sülh və bu proseslə bağlı əsas çağırışlar və Azərbaycan tərəfinin gözləntiləri, inkişaf etməkdə olan iqtisadi-ticarət əlaqələrinin qarşılıqlı etimadın gücləndirilməsində rolu, Azərbaycan ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi sahəsində Avropa İttifaqı tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr, habelə Cənubi Qafqazda və ətraf bölgələrdə mövcud təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparmışlar.

Görüşlərdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji əhəmiyyəti bir daha vurğulanmış, 2026-cı ilin ikitərəfli əməkdaşlıq baxımından yüksək dinamika ilə səciyyələnməsi məmnunluqla qeyd edilmişdir. Tərəflər ikitərəfli gündəlikdə duran aktual məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulamışlar.

Azərbaycan-Belçika münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri

Səfər çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Peter De Roover, Senatının prezidenti Vincent Blondel, Baş nazirin Ofisinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə aparat rəhbəri Pascal Heyman, Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Peter Claes, eləcə də Xarici İşlər Nazirliyinin siyasi, təhlükəsizlik və müdafiə məsələləri üzrə baş direktoru Veronik Petit ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan-Belçika münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Siyasi dialoqun gücləndirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. Həmçinin bərpa olunan enerji, informasiya texnologiyaları, yaşıl keçid, nəqliyyat, logistika və süni intellekt sahələrində tərəflərin imkanları və müqayisəli üstünlükləri nəzərə alınmaqla yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcəyi qeyd olunub.

Azərbaycan-NATO əlaqələri qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf edir

Azərbaycan yeni nizamda həm də qlobal təhlükəsizliyin mühüm aktoruna çevrilməkdədir. Son 6 ildə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını yenidən formalaşdıran, regionun sabitlik indeksinin tam yenilənməsini təmin edən Bakı artıq qlobal kontekstdə sülhün bərqərar olunmasına töhfə verir. Azərbaycan etibarlı tərəfdaş, sülhün və təhlükəsizliyin qorunmasında aktiv fəaliyyət göstərən ölkə kimi xarakterizə olunur. Bu mənada NATO ilə Azərbaycan arasındakı tərəfdaşlıq xüsusilə diqqəti cəlb edir. Azərbaycan-NATO əlaqələri qarşılıqlı etimad, siyasi dialoq və praktiki əməkdaşlıq üzərində qurulan nümunəvi tərəfdaşlıq modeli kimi ön plana çıxır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanın təhlükəsizlik və müdafiə siyasətində yeni və praqmatik yanaşma sərgiləməsi NATO ilə əməkdaşlığın da məhz milli maraqlara uyğun, çevik və çoxşaxəli formatda inkişafına imkan yaradıb. Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması, Planlaşdırma və İcmal Prosesi (PARP) çərçivəsində fəal iştirakı, eləcə də NATO-nun müxtəlif missiya və əməliyyatlarına verdiyi töhfələr ölkəmizin alyansla münasibətlərinin institusional və yüksəksəviyyəli xarakter daşıdığını göstərir. Eyni zamanda, Bakıda NATO ilə bağlı keçirilən müntəzəm siyasi məsləhətləşmələr, yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər bu əməkdaşlığın yalnız texniki deyil, strateji məzmun daşıdığını təsdiqləyir.

Bakının regional sabitliyə verdiyi töhfə, enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol və beynəlxalq sülhməramlı təşəbbüslərdə fəallığı NATO tərəfindən də yüksək qiymətləndirilir. Məhz bu amillər Azərbaycan-NATO əlaqələrini sırf formal tərəfdaşlıqdan çıxararaq, qlobal və regional təhlükəsizlik arxitekturasına real töhfə verən, etibarlı və davamlı əməkdaşlıq səviyyəsinə yüksəldir. Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə NATO-nun xüsusi nümayəndəsi Kevin Hamiltonla da görüşüb. Görüş zamanı Azərbaycan-NATO münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, tərəflər tərəfdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, görüşdə siyasi, hərbi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər müxtəlif istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi niyyətlərini bir daha təsdiqləyiblər.

P.İSMAYILOV