Heydər Əliyev Fondu Fransa səfirliyi ilə birgə layihə reallaşdıracaq

Heydər Əliyev Fondu Fransa səfirliyi ilə birgə layihə reallaşdıracaq
Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransanın ölkəmizdəki səfiri Qabriel Keller ilə görüşüb.
Mehriban xanım Əliyeva Fransa Prezidentinin sərəncamına əsasən bu ölkənin “Şərəf Legionu” ordeni ilə təltif edilməsi ilə bağlı təşəkkürünü bildirərək, bu mükafatın onun üçün böyük şərəf olduğunu söyləyib.
Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, Azərbaycan ilə Fransa arasında əlaqələr çox möhkəmdir. Fond bu əlaqələrin, xüsusilə də, mədəni sahədə əməkdaşlığın möhkəmlənməsinə töhfə verir. Mehriban xanım Əliyeva gələcəkdə daha geniş birgə layihələrin həyata keçiriləcəyinə və bunun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Fransa-Azərbaycan əlaqələri ilə bağlı Mehriban xanım Əliyevanın fikirlərini bölüşdüyünü deyən səfir Qabriel Keller, ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Görüşdə Bakıda Heydər Əliyev Fondu ilə birgə Fransa məktəbinin yaradılması məsələsi də müzakirə edilib. Layihə ölkələrimiz arasında ikitərəfli münasibətlərə öz töhfələrini verəcək.