Ermənistan parlamentində müxalifət bloku konstitusiya dəyişikliklərinə əngəl yaradır
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması bütövlükdə regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan regionda sülhün əldə edilməsi üçün praktiki addımlar atıb. Ölkəmiz hər zaman sülhə sadiqlik göstərib, problemlərin danışıqlar yolu ilə həllinə tərəfdar kimi çıxış edib. Təsadüfi deyil ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi də məhz ölkəmizin təşəbbüsü ilə başlayıb.
Vaşinqton görüşündən sonra...
Ötən ilin avqust ayında baş tutmuş Vaşinqton Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması tarixi hadisədir. Bu görüşdən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Həmin görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.
Sülh sazişinin imzalanmasına yeganə maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh sazişi Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılandan sonra imzalana bilər. Rəsmi İrəvan isə uzun müddət idi ki, yeni konstitusiya layihəsinin üzrəində iş getdiyini bildirirdi. Artıq yeni konstitusiya layihəsi erməni ictimaiyyəti üçün açıqlanıb. Müsbət haldır ki, yeni layihədə Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Hansı ki, bu sənədin preambulasında Azərbaycana qarşı ərazi iddiaları yer alırdı.
Paşinyan istefa verəcəkmi?
Lakin Ermənistan müxalifəti, revanşistlər yeni layihəyə qarşı çıxırlar. Ermənistan parlamentində referendumun keçirilməsinə qərar verilməsi üçün hakim partiyanın yetərli səsi yoxdur. Referendumla bağlı qərarın verilməsi üçün parlamentdə ümumi deputat sayının üçdə ikisinin, yəni 105 deputatdan azı 70-nin dəstəyi tələb olunur. Halbuki hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə 64 mandatı var. 6 səsə ehtiyac var, amma müxalifət bloku bu səsləri vermək fikrində deyil. Xatırladaq ki, müxalif siyasi qüvvələrdən ibarət koalisiya yeni konstitusiya layihəsini rədd edib. Bu siyasi qüvvələrin bəyanatı “Ermənistan” bloku tərəfindən yayılıb. “Biz xarici tələblər əsasında diktə edilmiş yeni konstitusiyanı qəti şəkildə rədd edirik”, - deyə, qrupun bəyanatında bildirilib. Siyasi qüvvələr parlament müxalifətinin “milli ləyaqəti alver mövzusuna çevirməyə” qarşı çıxan prinsipial mövqeyinə, eləcə də xarici təzyiqlərə və “Azərbaycanın tələbi ilə yeni konstitusiyanın qəbul edilməsinə qarşı birləşmək əzminə həmrəylik” ifadə ediblər. Qeyd olunub ki, yaxın günlərdə müxalif siyasi qüvvələr koalisiyası bu məsələyə həsr olunmuş iclas keçirəcək.
Əgər digər siyasi qüvvələrdən də bu qərara lazımi dəstək verilməsə, konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi dalana dirənə bilər. Belə olarsa, sülh sazişinin imzalanması da mümkün olmayacaq. Paşinyan müxalifətə müraciət edərək onların referendumun keçirilməsinə mane olmamağa çağırıb. O deyib ki, qərarı erməni xalqı verməlidir. Əgər erməni xalqı yeni konstitusiya layihəsini dəstəkləməyəcəksə, Paşinyan vəzifəsindən istefa verəcəyini açıqlayıb. Paşinyan onu da qeyd etdi ki, əgər xalq yeni konstitusiyaya səs verərsə, o, sülh sazişini imzalayacaq və sonra istefa verəcək.
Xaçatryan: Paşinyanın ehtiyac duyduğu 6 səsi verməyəcəyik
“Ermənistan” blokunun deputatı Sevak Xaçatryan isə bildirib ki, parlament müxalifəti Nikol Paşinyanın təklifini rədd edir. Onun sözlərinə görə, müxalifət hələ layihə açıqlanmamışdan əvvəl də konstitusiya dəyişikliklərinin əleyhinə olub. Xaçatryan əlavə edib ki, blokun bu məsələ ilə bağlı mövqeyi son vaxtlar dəfələrlə təsdiqlənib: “Biz təzyiq altında konstitusiyaya dəyişiklik edilməsinin əleyhinəyik və Nikol Paşinyanın ehtiyac duyduğu 6 səsi verməyəcəyik”. Hakimiyyətin istədiyi nəticəni əldə edə bilmədiyi təqdirdə parlamentin buraxılmasına blokun hazır olub-olmadığı sualına cavab olaraq Xaçatryan Paşinyanın növbədənkənar seçkilər zamanı istefa verməyə hazır olduğunu xatırladıb: “Qoy, o istefa versin - sonrasına baxarıq”. Deputat deyib ki, Paşinyan nə vaxt istefa verəcəyinə özü qərar verməlidir. O, müxalifətin planlaşdırdığı addımlarla bağlı təfərrüat verməkdən imtina edib: “Buna səbəblərdən biri odur ki, həmin addımların bir çoxu vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq müəyyənləşəcək”.
Əlbəttə, bütün bunlar Ermənistanın daxili işidir. Lakin nəzərə almaq lazımdır ki, sülh sazişinin imzalanmaması, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının qüvvədə qalması regionu gələcək təhdidlərə sürükləyə bilər. Nəzərə alaq ki, Azərbaycan Konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. Belə olan halda, qarşı tərəf də sülh tərəfdarıdırsa, anoloji addım atmalıdır. Erməni tərəfi, o cümlədən müxaliflər anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, gələcək proseslər məhz Ermənistanın ziyanına olacaq.
Nardar BAYRAMLI