Yeni dövrün böyük sərvətlərindən biri...

Yeni dövrün böyük sərvətlərindən biri...

İnformasiya dünyasında doğru ilə yanlışın savaşı

Səhər gözümüzü açdığımız andan etibarən xəbər lentlərinə nəzər salır, sosial şəbəkələrdə paylaşımları izləyir, müxtəlif mənbələrdən məlumat alırıq. Beləliklə, gün ərzində saysız-hesabsız informasiya ilə qarşılaşırıq. Bəzən bir xəbər düşüncəmizi dəyişir, bir fakt qərarımıza təsir göstərir, bir məlumat isə bütöv cəmiyyətin gündəmini müəyyənləşdirir. Elə buna görə də informasiya yalnız bilik mənbəyi deyil, həm də böyük məsuliyyət tələb edən ictimai dəyərdir.

İnformasiya yalnız mətn və sözlərdən ibarət deyil. O, bütün təcrübəmizi, əlaqələrimizi, elm və texnologiya sahələrini formalaşdıran bir resursdur. 21-ci əsr informasiyanın gücünü daha aydın şəkildə göstərir. Sivilizasiyanın inkişafında da informasiyanın rolu əvəzedilməzdir. İnformasiya cəmiyyəti müasirliyə aparan yoldur. Bu baxımdan, bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib.

32 il öncə...

Yeri gəlmişkən, 1994-cü ildən 26 noyabr - Dünya İnformasiya Günü kimi qeyd olunur. 1992-ci il noyabrın 26-da Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il noyabrın 26-da Dünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Beləliklə, bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb. Bu gün İKT sahəsində çalışanların peşə bayramıdır.

İnformasiya azadlığı demokratiyanın göstəricisidir

Dünya İnformasiya Günündə ən çox diqqətdə olan məsələlərdən biri fikir və söz azadlığıdır. Təsadüfi deyil ki, söz və informasiya azadlığı hər bir ölkənin inkişafı üçün vacib olan məsələlərdən biridir. Belə ki, söz və informasiya azadlığı ümumilikdə demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması üçün əsas zəminlərdən sayılır.

İnformasiya azadlığı, jurnalistlərə ifadə azadlığının verilməsi demokratik cəmiyyətlərin əsas göstəricilərindən və beynəlxalq hüququn daim izlədiyi məsələlərdən biridir. Lakin dünya mürəkkəbləşdikcə, beynəlxalq müstəvidə siyasi və iqtisadi maraqların toqquşması artdıqca medianın müstəqilliyi bəzən arxa plana keçir.

İnformasiya təhlükəsizliyi etikası

Dünya İnformasiya Gününün qeyd olunmasının digər bir məqsədi informasiya mübadiləsinin təhlükəsizliyini və etik standartlarını vurğulamaqdır. Bu günün tələbləri yalnız məlumatın sürətli ötürülməsi ilə məhdudlaşmır, həm də bu məlumatların düzgünlüyü, etibarlılığı və mənbələrin gizliliyi məsələləri ilə əlaqədardır. İnternetin inkişafı ilə yanaşı, məlumatların oğurlanması, saxta xəbərlər, şəbəkə hücumları və fərdi məlumatların sızması kimi problemlər də meydana çıxıb. Buna görə də, informasiya təhlükəsizliyi və etikasına diqqət yetirmək, xüsusilə, rəqəmsal dünyada yaşayan insanlar üçün əsas məsələdir.

Süni intellekt və informasiya dünyasının yeni mənzərəsi

Son illər süni intellekt texnologiyalarının inkişafı informasiya məkanında yeni imkanlar yaradıb. Artıq mətnlər hazırlamaq, şəkillər yaratmaq, videoları redaktə etmək, böyük həcmdə məlumatları təhlil etmək əvvəlkindən daha asandır.

Lakin texnologiyanın bu sürətli inkişafı yeni suallar da meydana çıxarır. Süni intellekt vasitəsilə yaradılan saxta görüntülər, real hadisə təsiri bağışlayan montajlar və yanlış məlumatlar insanları çaşdıra bilər. Bu səbəbdən gələcəyin informasiya cəmiyyətində texnoloji savadlılıqla yanaşı, tənqidi düşüncə və rəqəmsal məsuliyyət də mühüm əhəmiyyət daşıyacaq. Texnologiya informasiyanın istehsalını asanlaşdıra bilər, amma onun həqiqiliyinə və ictimai təsirinə görə məsuliyyəti tamamilə aradan qaldırmır.

Azərbaycanda bu məqamlara diqqət olunur...

Sevindirici haldır ki, ölkəmizdə informasiya azadlığına xüsusi diqqət olunur. Belə ki, söz və media azadlığı Azərbaycanda da demokratik cəmiyyətin prioritet dəyərlərindən biri olaraq qəbul edilir. İnformasiya və söz azadlığı fərdin öz əqidə və mülahizələrini sərbəst formalaşdırmaq, onlara riayət etmək, onlardan sərbəst imtina etmək hüququnu, öz fikir və əqidəsini sərbəst ifadə etmək, şifahi ünsiyyət hüququnu nəzərdə tutur. Söz azadlığı KİV-in fəaliyyəti ilə sıx bağlıdır. Eyni zamanda, istənilən qanuni yolla informasiyanı sərbəst axtarmaq, almaq, ötürmək, istehsal etmək və yaymaq hüququnun həyata keçirilməsi üçün zəruri zəmin yaradır. Azərbaycanda da məhz bu fundamental məqamlara xüsusi diqqət olunur.

Bu gün hər kəs informasiya istehlakçısı olmaqla yanaşı, müəyyən mənada onun yayılmasının da iştirakçısına çevrilib. Deməli, məsuliyyət də hər birimizin üzərinə düşür. Çünki yanlış bir məlumatın yayılması bəzən böyük fəsadlara yol aça bildiyi kimi, vaxtında çatdırılan doğru informasiya da mühüm dəyişikliklərə səbəb ola bilər.

Yeganə BAYRAMOVA