Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını niyə “arzuolunmaz şəxs” elan edib?
Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. Biz ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında bir-birimizə bağlıyıq. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib.
Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır.
Hazırda dünyada, o cümlədən regionumuzda mürəkkəb proseslər davam edir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan xarici siyasət kursunda dost və müttəfiq ölkələrlə əlaqələri daha da gücləndirməkdədir. Təbii ki, bu sırada qardaş və strateji müttəfiq olan Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Lakin müəyyən qüvvələr iki qardaş ölkənin münasibətlərinə zərbə vurmağa çalışırlar. Bir müddət öncə BMT Baş Assambleyasında hadisələrlə bağlı Türkiyənin sosial mediasında Azərbaycan hədəfə alınmışdı. İndi isə Azərbaycan hökuməti tərəfindən ümumtəhsil məktəblərində təhsilalan və təhsilverənlər üçün vahid geyim qaydasının tətbiqi ilə əlaqədar kampaniya davam edir. Təəssüf ki, bütün bunlar hətta təhqir və təhdidlərlə müşayiət olunur.
Niyə məhz 31 nəfər?
Bu səbəbdən də Azərbaycan Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, bəziTürkiyə vətəndaşları Azərbaycan qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub.
Məlumatda qeyd olunub ki, Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.
Vüqar İskəndərov: İki ölkə arasında ictimai etimadın zəifləməsi heç birimizin marağına uyğun deyil
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan - Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Vüqar İskəndərov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyənin 31 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil etməsi iki qardaş ölkə arasında münasibətlər kontekstində diqqətlə və soyuqqanlılıqla qiymətləndirilməlidir. Onun fikrincə, burada əsas məsələ qərarın hansı ölkənin vətəndaşlarına qarşı verilməsi deyil, Azərbaycan dövlətinin suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna münasibətdir. Eyni zamanda, bu hadisənin Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmasına imkan verilməməlidir.
Millət vəkili qeyd edib ki, Xarici İşlər Nazirliyinin açıqlamasında həmin şəxslərin ölkəmizə qarşı müxtəlif xarakterli çağırışları, o cümlədən dini radikalizmi, nifrəti və düşmənçiliyi təşviq edən bəyanatları qərarın səbəbləri kimi göstərilib: “Təbii ki, hər bir müstəqil dövlətin öz təhlükəsizliyini qorumaq, qanunvericiliyinə uyğun olaraq ölkəyə girişlə bağlı qərarlar qəbul etmək hüququ var. Azərbaycan da bu baxımdan istisna deyil. Ancaq burada mühüm bir məqamı xüsusi vurğulamaq istəyirəm. 31 nəfərin mövqeyini 85 milyondan artıq insanın iradəsi, yaxud Türkiyə dövlətinin rəsmi siyasəti kimi təqdim etmək doğru olmaz. Türkiyə Azərbaycan üçün sadəcə qonşu və müttəfiq deyil. Bizi ortaq tarix, dil, mədəniyyət, milli maraqlar və ən çətin dövrlərdə sınaqdan çıxmış qardaşlıq bağlayır”.
V.İskəndərov deyib ki, son dövrlər Türkiyənin müəyyən ictimai-siyasi və media dairələrində Azərbaycanla bağlı səsləndirilən bəzi fikirlər təəssüf doğurur. Əlbəttə, fikir müxtəlifliyi, tənqid və ictimai müzakirə demokratik cəmiyyətlərin təbii xüsusiyyətidir. Lakin tənqidlə təhqir, fikir azadlığı ilə zorakılığa və düşmənçiliyə çağırış arasında ciddi fərq var. Bu sərhədin qorunması hər iki ölkənin maraqlarına xidmət edir. “Digər tərəfdən, hesab edirəm ki, belə həssas məsələlərdə hüquqi əsaslandırma, diplomatik təmaslar və qarşılıqlı izahat imkanları da mühüm əhəmiyyət daşıyır. Çünki məqsəd gərginliyi böyütmək deyil, onun səbəblərini aradan qaldırmaq olmalıdır. Azərbaycan öz milli maraqlarını müdafiə etməklə yanaşı, Türkiyə ilə münasibətlərinin strateji mahiyyətini də daim nəzərə alır” - deyən deputat əlavə edib ki, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış yüksək səviyyəli siyasi etimad münasibətlərin ən mühüm dayaqlarındandır. Bu əlaqələr ayrı-ayrı şəxslərin emosional bəyanatlarından və sosial şəbəkələrdə yaradılan süni qarşıdurmalardan qat-qat böyük siyasi məna daşıyır. “Unutmayaq ki, Azərbaycan və Türkiyənin qarşısında enerji təhlükəsizliyindən müdafiə əməkdaşlığına, nəqliyyat dəhlizlərindən Türk dünyasının inteqrasiyasına qədər böyük strateji vəzifələr dayanır. Belə bir mərhələdə iki ölkə arasında ictimai etimadın zəifləməsi heç birimizin marağına uyğun deyil. Mənim üçün məsələnin ən vacib tərəfi budur: Azərbaycan öz suverenliyinə münasibətdə prinsipial olmalı, Türkiyə ilə qardaşlığına münasibətdə isə həmişə uzaqgörən davranmalıdır. Bu iki mövqe bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır. Qardaşlıq o demək deyil ki, bütün məsələlərdə fikir ayrılığı olmayacaq. Əsl qardaşlıq fikir ayrılığı yarananda belə ortaq dəyərləri və qarşılıqlı hörməti qorumağı bacarmaqdır” - deyə, işçi qrupun üzvü vurğulayıb.
O, diqqətə çatdırıb ki, Azərbaycanın dövlət maraqları müzakirə predmeti ola bilməz. Azərbaycan-Türkiyə qardaşlığı da ayrı-ayrı şəxslərin siyasi ritorikasının girovuna çevrilməməlidir. Çünki dövlətlərin qərarları konkret şəxslərə aid ola bilər, amma xalqların qardaşlığı “bir millət-iki dövlət” fəlsəfəsinin miqyası qədər böyükdür.
Nardar BAYRAMLI