AK Partidə “sarılıq” sindromu davam edəcəkmi?

Sarallar baş verənlərdən nəticə çıxarmalı olacaqlar

Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan bu gün qlobal arenada özünəməxsus yer tutur. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünün çəkisi olan aktor, yerləşdiyi regionun lideri və ən əsası demokratik inkişaf prinsiplərinə sadiq, hüququn aliliyini təmin edən dövlət kimi tanınır. Bunu hər kəs - hətta düşmənlərimiz belə təsdiqləyir, etiraf edir.

Azərbaycan dostluğa, qardaşlığa, tərəfdaşlığa və əməkdaşlığa böyük önəm verir. Biz heç bir zaman başqa bir dövlətin daxili işlərinə qarışmarıq - yaranan təhdid və ya təhlükə anında isə birmənalı şəkildə beynəlxalq hüququn, ədalətin və qanunun tələblərinin yanında dayanırıq. Ən sadə vətəndaşımızdan, ən ali rütbəli vətəndaşımıza qədər hər kəs dövlətin mövqeyini bölüşər, bu mövqeyi dəstəkləyər. Bu faktı yüzlərlə misalla təsdiqləmək olar.

T?əssüfləndirici hal idi ki, bəzi dövlətlərdən bunun adekvat qarşılığını görə bilmədik. Məsələn, AK Partidən Oktay Saralın və onun dili ilə danışanların yoluxduqları “sarılıq” sindromu olduqca mənfi tendensiyalara yol açdı. Azərbaycanın tarixən göstərdiyi qardaşlıq münasibətinə qarşılıq olaraq “sarılıq” mərəzinə bürünmək, məsələlərə qeyri-obyektiv don geyindirməyə çalışmaq, bəzi çağırışlar etmək bu sindromun yoluxucu tərəfini də ortaya çıxardı. Nəticə etibarı ilə, sindroma yoluxanların sayı da təkcə Saralla bitmədi. Amma nəticə ortadadır.

Prezident Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə telefon zəngi zamanı Türkiyə liderinin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə etməsi əslində AK Partidəki həmin sindroma yoluxanlara bir mesajdır. Bakının mövqeyi hər zaman beynəlxalq hüququn tələblərinə istinad edib - AK Partidəki “sarılıq” sindromuna yoluxanlar bunu növbəti dəfə başa düşməlidirlər. Azərbaycan öz vətəndaşlarının hüquqlarını bütün dünya dövlətlərindəkindən daha artıq səviyyədə təmin edir və qoruyur. Azərbaycan vətəndaşınının hüquqları və azadlıqları Konstitusiya ilə təsbit olunur. Kiminsə bu yöndə kənardan dil uzatmasına və ya öz “sarılıq” sindromunu üzü bəri tirajlamasına ehtiyac yoxdur. Onların dilinin hansı maraqlardan danışdığı, hansı maraqları ifadə etməsi hər kəsə bəllidir.

Bakı regionda “yeni bir era” başladır. Bu söz AK Partidə “sarılıq” sindromuna yoluxanlara yaxşı tanışdır. Fərq bilirsinizmi nədir? Fərq odur ki, Bakı bu yeni erada yalnız özünün maraqlarını ortaya qoymur. Həm də onu əhatə edən region dövlətlərinin, yaxın qonşularının, dostlarının, qardaşlarının, müttəfiqlərinin, tərəfdaşlarının maraqlarını ön plana çəkir. Yaratdığımız iqtisadi planlamada şərqdən qərbə bütün dövlətlər özlərinin yeni inkişaf trayektoriyalarını görürlər. Formalaşdırdığımz yeni təhlükəsizlik arxitekturası bütün ölkələr üçün dinclik, sabitlik vəd edir. Azərbaycan bütün bunlara qanunun aliliyini təmin etməklə, vətəndaşı ilə bir vəhdətə çevrilməyi bacarmaqla nail oldu. Bu gün saralların və digərlərinin Azərbaycanın daxili işlərinə dil uzatması artıq olduğu qədər qeyri-etikdir.

İnanırıq ki, bu sindrom artıq sona yetəcək. Çünki “sarılıq” sindromu uzun çəkəndə onun fəsadları da çox olur. Bu isə birinci növbədə sindroma yoluxanlara yaxşı perspektiv vəd etməyəcək...

P.İSMAYILOV