“Seçkidən əvvəl bəzi siyasi partiyalar və funksionerlər mütəmadi olaraq seçkilərin saxtalaşdırılması ilə bağlı ictimai rəyi çaşdıran fikirlər səsləndirirlər. Açığını deyim ki, biz bunlardan məyus oluruq”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənovun sözlərinə görə, bu kimi addımlar Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi, seçki institutlarının fəaliyyətinə yönəlmiş tədbirlərlə uyğunsuzluq təşkil edir: “Belə fikirlərin heç bir əsası yoxdur”.
Şöbə müdiri bildirib ki, Seçki Məcəlləsinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində bu il Azərbaycanda şəffaf parlament seçkiləri keçiriləcək: “Seçkilərdə iştirak etmək istəyən hər bir namizədin, siyasi partiyanın, ictimai qurumun hüquqları təmin olunacaq. Seçki prosesinin şəffaflığının təmini üçün bütün müşahidə institutlarının, qrupların fəaliyyətinə hər cür şərait yaradılacaq”.