Milli mətbuatımızın yaranmasının 140 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Həsən bəy Zərdabinin maarifçilik ənənələrini davam etdirən, elmin, biliyin təbliğatında mühüm rol oynayan, həmçinin, Fondun fəaliyyətini geniş işıqlandıran media orqanlarının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını ölkədə media nümayəndələrinə ayrılan diqqət kimi dəyərləndirib. İcraçı direktor jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara ictimai fikrin formalaşdırılması kimi məsuliyyətli işdə uğurlar arzulayıb. O.Səmədov maarifçilik funksiyasını şərəflə daşıyaraq Bilik Fondu ilə eyni missiyaya xidmət edən media nümayəndələrinin təhsilin və elmin təbliğində yorulmadan çalışmasını yüksək qiymətləndirdiyini deyib.
Tədbirə dəvət olunan jurnalistlər kütləvi informasiya vasitələrinə göstərilən diqqətə görə Bilik Fonduna təşəkkür ediblər. Jurnalistlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.
Pərviz SADAYOĞLU