Səhiyyəmizin yeni uğur mərhələsi...

Səhiyyəmizin yeni uğur mərhələsi...

Transplantasiyada tarixi nailiyyət və yeni üfüqlər

Müasir tibbin ən mürəkkəb və məsuliyyətli əməliyyatlarından sayılan ürək transplantasiyası yalnız cərrahların peşəkarlığını deyil, həm də insan həmrəyliyini və cəmiyyətin donor mədəniyyətini özündə birləşdirir. 2025-ci il oktyabrın 31-də Azərbaycanda həyata keçirilən Qafqazın ilk meyit donorundan ürək köçürülməsi əməliyyatı ölkəmizin səhiyyə tarixində yeni səhifə açdı. Bu hadisə yalnız tibbi uğur deyil, həm də insan həyatına verilən dəyərin, həkim əməyinin və fədakarlığın ifadəsi kimi tarixə düşdü

Azərbaycan səhiyyəsinin tarixinə yazılan gün

2025-ci il oktyabrın 31-i Azərbaycan səhiyyəsi üçün əlamətdar tarixə çevrildi. Həmin gün Qafqaz regionunda ilk dəfə olaraq vəfat etmiş şəxsin ürəyi başqa bir insana köçürüldü. Əməliyyat Mərkəzi Klinikada professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslaşmış tibbi komanda tərəfindən həyata keçirildi.

Transplantasiya olunan ürək 2006-cı il təvəllüdlü, Tovuz rayonundan olan pasiyentə köçürüldü. Hadisənin ən mühüm məqamlarından biri isə donorun vəfat etmiş şəxs olması idi. Beləliklə, Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası uğurla reallaşdırıldı və ölkəmiz bu sahədə Qafqazda ilkə imza atdı.

Bu nailiyyət yalnız bir cərrahi əməliyyatın uğuru kimi qiymətləndirilməməlidir. Çünki ürək trans?lantasiyası uzunmüddətli hazırlıq, xüsusi tibbi infrastruktur, uyğun donorun müəyyənləşdirilməsi, orqanların koordinasiyası və əməliyyatdan sonrakı davamlı nəzarət tələb edən mürəkkəb prosesdir. Başqa sözlə, bu əməliyyat bütöv bir səhiyyə sisteminin hazırlığının sınağı idi.

Bir ailənin humanist qərarı, başqa bir ailənin yeni ümidi

Bu tarixi hadisənin arxasında təkcə tibbi komandanın peşəkarlığı deyil, həm də donor ailəsinin verdiyi çətin və humanist qərar dayanırdı. Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə məlumatına görə, Sabunçu Tibb Mərkəzində müalicə alan pasiyentdə beyin ölümü diaqnozu müəyyən edildikdən sonra məsələ Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə bildirilib. Beyin ölümünün rəsmi təsdiqindən sonra mərhumun ailəsi orqanların bağışlanmasına razılıq verib. Məhz bu qərar başqa bir insanın yaşamaq şansına çevrilib. Burada mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: beyin ölümü adi koma və ya dərin huşsuzluq vəziyyəti deyil. Müvafiq tibbi meyarlarla təsdiqlənən beyin ölümü insanın ölümünün hüquqi və tibbi təsdiqi deməkdir. Orqan donorluğunda bu fərqin düzgün izah edilməsi cəmiyyətin məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Qanunvericilik...

Orqan transplantasiyası yalnız tibbi imkanlarla deyil, ciddi hüquqi mexanizmlərlə tənzimlənən sahədir. Azərbaycanda bu münasibətlərin əsas hüquqi bazasını 1999-cu il oktyabrın 28-də qəbul edilmiş “İnsan orqan və və ya toxumalarının transplantasiyası haqqında” Qanun təşkil edir. Sonrakı illərdə qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Qanun transplantasiyanın əsas məqsədini insan həyatının xilas edilməsi və sağlamlığının bərpası kimi müəyyənləşdirir. Ürək də köçürülməsi mümkün olan orqanlar siyahısına daxildir.

Qanunvericiliyə əsasən, meyitdən orqan götürülməsi üçün bir neçə mühüm şərt nəzərə alınır:

- Şəxs sağlığında donorluğa yazılı razılıq veribsə, ölümündən sonra orqanlarından transplantasiya məqsədilə istifadə oluna bilər.

- Şəxs sağlığında bu barədə qərar bildirməyibsə, qanunun müvafiq müddəasına əsasən, yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi tələb olunur.

- Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, onun orqanlarının götürülməsinə yol verilmir.

- Orqanların götürülməsi yalnız ölümün, o cümlədən beyin ölümünün müvafiq həkim konsiliumu tərəfindən təsdiqlənməsindən sonra mümkündür.

Bundan başqa, qanun transplantasiya əməliyyatında iştirak edən həkimlərlə ölüm faktını təsdiqləyən mütəxəssislərin funksiyalarını da fərqləndirir. Belə ki, donorun ölümünün təsdiqində transplantoloqun və ya transplantasiya prosesinin təşkilində iştirak edən şəxsin iştirakı qadağandır. Bu tələb qərarların tibbi və etik baxımdan müstəqilliyini qorumağa xidmət edir.

Transplantasiya ediləcək şəxsin də hüquqları qanunla qorunur. Əməliyyat, bir qayda olaraq, resipiyentin yazılı razılığı ilə aparılır və ona gözlənilən ağırlaşmalar barədə məlumat verilməlidir. Yetkinlik yaşına çatmayan pasiyentlər üçün valideynin və ya qanuni nümayəndənin razılığı nəzərdə tutulur.

Qanun orqanların alqı-satqısını da qəti şəkildə qadağan edir. Yəni donorluq kommersiya fəaliyyəti deyil, könüllülük və insan həyatının qorunması prinsiplərinə əsaslanan humanist seçimdir.

Donor olmaq istəyənlərin sayı artır

Ürək transplantasiyasının uğurla həyata keçirilməsi Azərbaycanda donorluq məsələsinə ictimai marağı artırıb. Lakin bu sahədə əsas problemlərdən biri hələ də uyğun donorların sayının transplantasiyaya ehtiyacı olan insanların tələbatına uyğun gəlməməsidir.

31 oktyabr 2026-cı il tarixli məlumata görə, Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib. Bu barədə Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova məlumat verib. Onun açıqlamasına görə, həmin şəxslər beyin ölümü keçirdikləri halda, sağlıqlarında verdikləri rəsmi razılıq əsasında orqanlarının transplantasiyada istifadəsinə imkan yaradırlar. Belə hallarda ailənin əlavə razılığına ehtiyac qalmır.

Məsələnin digər tərəfi isə donor gözləyən xəstələrin sayıdır. Yeganə Abbasovanın bildirdiyinə görə, hazırda ölkədə 1500-dən çox insan orqan transplantasiyası üçün növbə gözləyir. Onlardan 50-dən çoxu ürək transplantasiyasına ehtiyacı olan şəxslərdir. O, həmçinin hər il qaraciyər transplantasiyası gözləyən 50-60 xəstənin həyatını itirdiyini qeyd edib.

Bu rəqəmlər bir daha göstərir ki, transplantasiya sahəsində əldə olunan tibbi nailiyyətlərin davamlı nəticə verməsi üçün donor bazasının genişləndirilməsi vacibdir. Çünki ən müasir avadanlıq və ən təcrübəli cərrah belə uyğun donor olmadan transplantasiya əməliyyatını həyata keçirə bilməz.

Tibbi nailiyyətin davamı üçün nə lazımdır?

İlk ürək transplantasiyasının həyata keçirilməsi Azərbaycanda bu sahənin inkişafı üçün mühüm başlanğıc olsa da, qarşıda görüləsi işlər az deyil. Əsas məsələlərdən biri donor olmaqla bağlı ictimai maarifləndirmənin genişləndirilməsidir. Ürək transplantasiyası digər orqanların köçürülməsindən fərqli olaraq, xüsusilə, həssas zamanlama və uyğun donor tələb edir. Donorun ürəyinin tibbi baxımdan yararlı olması, resipiyentin vəziyyətinin qiymətləndirilməsi, uyğunluğun müəyyənləşdirilməsi, orqanın vaxtında götürülməsi və köçürülməsi vahid koordinasiya tələb edən prosesdir.

31 oktyabr 2026-cı ildə ilk əməliyyatın birinci ildönümü münasibətilə keçirilən tədbirdə professor Kamran Musayev Azərbaycanda transplantasiya sahəsində irəliləyişin davam etdiyini bildirib. Onun açıqlamasına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrınadək ölkədə artıq dörd ürək transplantasiyası həyata keçirilib. Professor ürək transplantasiyası gözləyənlər arasında azyaşlı uşaqların da olduğunu, xəstələrin yaşının 4-5-dən 60-a qədər dəyişdiyini diqqətə çatdırıb.

Bu fakt problemin yalnız tibbi deyil, həm də sosial tərəfinin olduğunu göstərir. Donor gözləyənlər arasında uşaqların olması məsələnin aktuallığını daha da artırır. Hər bir gecikmə bir insanın müalicə imkanlarına təsir göstərə bilər.

Donorluq mədəniyyəti...

Azərbaycanda donor olmaq istəyənlərin sayının artması müsbət tendensiyadır. Donorluqla bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılması, beyin ölümü anlayışının düzgün izah edilməsi, qanunvericiliyin insanlara çatdırılması vacibdir. İnsanlar bilməlidirlər ki, donor olmaq könüllü qərardır və bu qərar heç bir halda maddi maraqla əlaqələndirilə bilməz.

Media, səhiyyə qurumları və ictimaiyyət nümayəndələri bu istiqamətdə mühüm rol oynaya bilərlər. Xüsusilə real transplantasiya hekayələrinin ictimaiyyətə çatdırılması, əməliyyatdan sonra insanların həyat keyfiyyətində baş verən dəyişikliklərin işıqlandırılması donor mədəniyyətinin formalaşmasına töhfə verə bilər.

Yeganə BAYRAMOVA