25 Noyabr – Kəlbəcər şəhəri günü: zəfərin, qayıdışın və yeni həyatın təntənəsi

25 Noyabr – Kəlbəcər şəhəri günü: zəfərin, qayıdışın və yeni  həyatın təntənəsi

 Azərbaycan xalqının çoxəsrlik tarixində elə əlamətdar günlər var ki, onlar milli yaddaşımızda qürur, iftixar və tarixi ədalətin təntənəsi kimi yaşayır. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü də belə unudulmaz tarixlərdəndir. Bu gün yalnız Kəlbəcərin işğaldan azad olunmasını deyil, həm də xalqımızın sarsılmaz iradəsini, dövlətimizin gücünü, doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsini təcəssüm etdirir.

   Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən, təbiəti və zəngin tarixi-mədəni irsi ilə seçilən diyarlarından biridir. Uca dağları, geniş yaylaqları, sıx meşələri, gur çayları, mineral su ehtiyatları və füsunkar mənzərələri bu torpağa xüsusi gözəllik bəxş edir. Qədim tarixi abidələri, qayaüstü təsvirləri, Alban məbədləri, eləcə də zəngin folklor və aşıq sənəti ənənələri Kəlbəcərin Azərbaycan xalqının milli-mənəvi irsində mühüm yer tutduğunu göstərir.

   Təəssüf ki, 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi rayon sakinlərinin həyatında ağır faciəyə çevrildi. Minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, yaşayış məntəqələri, tarixi abidələr və sosial infrastruktur dağıntılara məruz qaldı. Kəlbəcərlilərin illərlə davam edən yurd həsrəti xalqımızın ümumi ağrısına çevrildi. Lakin bütün çətinliklərə baxmayaraq, sakinlər doğma torpağa qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər.

  2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində düşmən üzərində tarixi Qələbə qazandı. Döyüş meydanında əldə olunan uğurlar Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bununla da 27 illik işğala son qoyuldu, Kəlbəcərin azadlığı təmin edildi.

   Kəlbəcərin azad olunması Azərbaycan dövlətinin qətiyyətli siyasətinin, Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq nəticəsi idi. Bu tarixi hadisə xalqımızın Zəfər salnaməsində xüsusi yer tutdu. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi daim ehtiramla yad edilir. Onların qəhrəmanlığı, qazilərimizin fədakarlığı və əsgərlərimizin şücaəti bugünkü azad Kəlbəcərin təməlində dayanır.

   Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi, Kəlbəcərin azadlıq tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Artıq bu tarix xalqımızın milli qürur günlərindən birinə çevrilib.

    Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimizin diqqət və qayğısı nəticəsində şəhərin müasir Baş Planı əsasında yeni yaşayış məhəllələri salınır, yollar, elektrik, su və digər kommunikasiya sistemləri qurulur. Sosial infrastrukturun yaradılması, məktəblərin, xidmət obyektlərinin və yaşayış binalarının inşası Kəlbəcərin gələcək inkişafına xidmət edir.

   Kəlbəcərin iqtisadi potensialı da olduqca böyükdür. Rayonun zəngin mineral su ehtiyatları, turizm imkanları, kənd təsərrüfatı və heyvandarlıq ənənələri gələcəkdə bölgənin iqtisadi inkişafında mühüm rol oynayacaq. Xüsusilə İstisu mineral su mənbələrinin və turizm imkanlarının yenidən dirçəldilməsi Kəlbəcərin ölkəmizin mühüm sağlamlıq və turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradacaq.

   Böyük Qayıdış prosesi Kəlbəcərin həyatında yeni mərhələnin başlanğıcıdır. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılıb. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi tarixi ədalətin bərpasının ən təsirli nümunələrindən biridir. Doğma torpaqda yenidən ocaq yandırılması, uşaqların Kəlbəcər küçələrində böyüməsi, ailələrin öz ata-baba yurdlarında yaşaması Zəfərin ən böyük mənəvi nəticəsidir.

   Kəlbəcərdə görülən işlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, eyni zamanda insanların rahat yaşaması, işləməsi, təhsil alması və gələcək nəsillərin firavan şəraitdə böyüməsi üçün müasir mühit yaratmaqdır.

   25 Noyabr – Kəlbəcər Şəhəri Günü şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq, doğma yurda qayıdan sakinlərimizin sevincinə şəriklik günüdür. Bu əlamətdar tarix bir daha sübut edir ki, xalqımızın birliyi, dövlətimizin qüdrəti və Vətən sevgisi qarşısında heç bir maneə dayana bilməz.

   Əminik ki, Kəlbəcər öz tarixi şöhrətini, təbii gözəlliyini və milli-mənəvi zənginliyini qoruyaraq Azərbaycanın ən abad və inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Azad Kəlbəcərdə həyatın yenidən canlanması xalqımızın tarixi Zəfərinin əbədi davamıdır.

Elnur Qəhrəmanov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı