Azad edilmiş torpaqlarda yeni həyat qurulur

 

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız müəyyən bir hadisə ilə məhdudlaşmır. Bu tarixlər xalqın iradəsini, dövlətin gücünü və gələcəyə olan inamını özündə birləşdirir. 25 oktyabr da məhz belə günlərdəndir. 2020-ci ildə Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolda mühüm mərhələ olmaqla yanaşı, uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qəlbində yeni ümidlər yaratdı. Bu gün Qubadlı yalnız hərbi Qələbənin rəmzi kimi xatırlanmır. O, həm də dağıntılar üzərində yeni həyatın qurulmasını, tarixi torpaqlara qayıdışı və azad edilmiş ərazilərin gələcək inkişafını təcəssüm etdirir.

Zəngin təbiəti, dağlıq relyefi, meşələri və su ehtiyatları ilə seçilən Qubadlı tarixən Azərbaycanın özünəməxsus yaşayış məskənlərindən biri olub. Rayonun coğrafi mövqeyi burada kənd təsərrüfatının, heyvandarlığın və müxtəlif təsərrüfat sahələrinin inkişafına imkan yaradıb. Qubadlı həm də özünəməxsus adət-ənənələri, mədəni irsi və doğma torpağa bağlı insanları ilə tanınıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı ərazilərin azad olunması istiqamətində genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirdi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bu prosesin əhəmiyyətli hadisələrindən biri oldu. Mürəkkəb relyef şəraitində aparılan döyüşlərdə qazanılan uğur həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Qubadlının azad olunması sonrakı əməliyyatlar üçün əlverişli imkanlar yaratdı və müharibənin ümumi gedişinə təsir göstərən mühüm nailiyyətlər sırasında yer aldı.

Qubadlı şəhərinin azad edildiyi günün əlamətdar tarix kimi qeyd olunması bu hadisənin milli yaddaşımızdakı mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü elan edilib. Bu tarix hər il Azərbaycan xalqına azadlıq uğrunda aparılan mübarizəni, Vətən müharibəsində göstərilən qəhrəmanlığı və Qələbənin hansı fədakarlıqlar hesabına əldə olunduğunu xatırladır. Eyni zamanda, şəhidlərin xatirəsinə ehtiramın ifadəsi və tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qubadlı Şəhəri Günü həm də milli birliyin gücünü nümayiş etdirən rəmzi tarixdir. Bu günün mənası keçmişə nəzər salmaqla bitmir; o, müstəqil Azərbaycanın qarşısında duran inkişaf məqsədlərini, azad edilmiş ərazilərin bərpası və əhalinin doğma torpaqlarına qayıdışı kimi prioritetləri də gündəmə gətirir. Qələbədən sonra Qubadlıda əsas diqqət şəhərin və kəndlərin yenidən qurulmasına, infrastrukturun yaradılmasına və ərazinin iqtisadi potensialının hərəkətə gətirilməsinə yönəldilib. Bu proses təkcə dağıdılmış binaların bərpası ilə məhdudlaşmır. Məqsəd insanların rahat yaşaya, işləyə və gələcək planlarını öz doğma yurdlarında həyata keçirə biləcəkləri müasir yaşayış mühiti yaratmaqdır. Şəhərin Baş planı əsasında aparılan planlaşdırma işləri, yaşayış məhəllələrinin salınması və kəndlərin bərpası Qubadlının gələcək inkişaf modelinin əsasını təşkil edir. Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən quruculuq tədbirləri də Böyük Qayıdışın əhatə dairəsinin genişlənməsinə xidmət edir.

Qubadlının bərpasının ən mühüm nəticəsi doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına qayıtmasıdır. Çünki hər hansı ərazinin yenidən qurulmasının əsl mənası onun insan həyatı ilə yenidən canlanmasında üzə çıxır. İllər boyu başqa bölgələrdə məskunlaşmağa məcbur olmuş ailələr üçün doğma kəndə və şəhərə qayıdış yalnız yaşayış yerinin dəyişməsi deyil. Bu, uşaqlıq xatirələrinə, ailə ənənələrinə və nəsillərdən-nəsillərə ötürülən mənəvi bağlara qovuşmaq deməkdir. Böyük Qayıdış Proqramının uğuru təhlükəsiz yaşayış şəraitinin yaradılması, məşğulluğun təmin olunması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı, eləcə də sosial infrastrukturun davamlı fəaliyyəti ilə sıx bağlıdır. Bu istiqamətlərdə görülən işlər Qubadlının uzunmüddətli inkişafına və burada dayanıqlı həyatın formalaşmasına xidmət edir.

Bu gün Qubadlı qarşısında duran əsas vəzifə qazanılmış tarixi nailiyyəti davamlı sosial-iqtisadi inkişafla möhkəmləndirməkdir. Dövlət tərəfindən həyata keçirilən bərpa layihələri, yaradılan infrastruktur və qayıdış prosesi rayonun gələcək simasının formalaşmasında mühüm rol oynayır. 25 oktyabrın əhəmiyyəti də məhz bu məqamda daha aydın görünür. Bu tarix bir tərəfdən Vətən müharibəsində göstərilən qəhrəmanlığın xatirəsini yaşadır, digər tərəfdən isə azad edilmiş ərazilərdə yeni həyatın qurulması istiqamətində görülən işlərin mənəvi əsasını təşkil edir. Qubadlı dünənin ağrılarını unutmadan sabaha inamla addımlayan Azərbaycanın rəmzlərindən biridir. Onun dirçəlişi dövlətin quruculuq iradəsini, xalqın öz torpaqlarına bağlılığını və tarixi yaddaşın gücünü nümayiş etdirir.

25 Oktyabr — Qubadlı Şəhəri Günü münasibətilə bu qədim diyarın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilir, qazilərimizin fədakarlığı minnətdarlıqla xatırlanır. Qubadlının gələcəyi isə azadlıq, təhlükəsizlik, quruculuq və tərəqqi prinsipləri üzərində formalaşır. Qubadlının tarixində yeni mərhələ başlayıb: bu mərhələnin əsas məzmununu azad torpaqlarda həyatın bərpası, insanların doğma yurda qayıdışı və gələcək nəsillər üçün daha firavan yaşayış mühitinin yaradılması təşkil edir.

 

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini