Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlığın yeni mərhələsi

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı ölkəmizin region dövlətləri ilə əlaqələrinin strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul olunması ölkəmizin beynəlxalq nüfuzunun və regional əməkdaşlıqdakı rolunun artmasının göstəricisidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin dostluq və qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğuladı. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, eləcə də ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əməkdaşlığın real nəticələrini əks etdirir.

Dövlət başçısı iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, birgə investisiyaların artırılmasının, istehsal müəssisələrinin yaradılmasının və sənaye kooperasiyasının inkişafının vacibliyini diqqətə çatdırdı. Bu yanaşma region ölkələrinin iqtisadi potensialından daha səmərəli istifadə etməyə, yeni iş yerləri yaratmağa və beynəlxalq bazarlarda rəqabət imkanlarını genişləndirməyə xidmət edir. Görüşdə nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlıq da əsas istiqamətlərdən biri kimi önə çıxdı. Azərbaycanın müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu, eləcə də Orta Dəhlizin inkişafına verdiyi töhfələr ölkəmizin Şərqlə Qərb arasında mühüm tranzit mərkəzi mövqeyini möhkəmləndirir. Xəzər dənizi vasitəsilə əlaqələrin genişləndirilməsi və rəqəmsal bağlantıların gücləndirilməsi də regional əməkdaşlığın perspektivlərini artırır.

Enerji sahəsində Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında mövcud əməkdaşlıq, neft daşımaları və yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində təşəbbüslər qarşılıqlı maraqların uzlaşdığını göstərir. Prezident İlham Əliyevin sülhün, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini vurğulaması isə iqtisadi inkişafın etibarlı siyasi mühitlə birbaşa bağlı olduğunu təsdiqləyir. Azərbaycanın 2027-ci ildə məşvərət formatına sədrlik edəcək olması ölkəmizə əməkdaşlığın gələcək gündəliyinin formalaşdırılmasında əlavə imkanlar yaradır. Türkmənbaşı görüşü bir daha sübut etdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq maraqlara, dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətləri konkret layihələrlə möhkəmləndirərək regionun iqtisadi və strateji əhəmiyyətini daha da artırmaq əzmindədir.