Azərbaycan–Vyetnam münasibətləri - Tarixi dostluqdan strateji tərəfdaşlığın yeni üfüqlərinə

Azərbaycan–Vyetnam münasibətləri - Tarixi dostluqdan strateji tərəfdaşlığın yeni üfüqlərinə

 

Azərbaycan ilə Vyetnam arasında münasibətlər yalnız diplomatik əlaqələrinin arxasında ötən əsrə uzanan siyasi yaddaş, qarşılıqlı hörmət, dostluq ənənələri və zamanın sınağından keçmiş əməkdaşlıq təcrübəsi dayanır. Bu münasibətlərin tarixi təməllərinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin xüsusi yeri vardır. Bu gün isə həmin tarixi irs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun yeni məzmun və inkişaf istiqamətləri qazanır.

Azərbaycan–Vyetnam münasibətlərinin tarixi 1959-cu ildə Vyetnamın böyük dövlət xadimi Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəri ilə mühüm mərhələlərdən keçib. Həmin dövrdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin qurulmasında iştirakı, minlərlə vyetnamlı gəncin Azərbaycanda təhsil alması iki xalq arasında dostluğun yalnız siyasi bəyanatlarla deyil, real əməkdaşlıq və qarşılıqlı dəstəklə möhkəmləndiyini göstərib. Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri bu münasibətlərin tarixində xüsusi yer tutur. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına və iki ölkə arasında uzunmüddətli əməkdaşlığın formalaşmasına təkan verib. Bu gün həmin tarixi hadisələr Azərbaycan–Vyetnam münasibətlərinin etibarlı dostluq təməlləri kimi xatırlanır. Müstəqillik dövründə bu əlaqələrin yeni siyasi məzmun qazanması istiqamətində mühüm addımlar atılıb. 1992-ci il sentyabrın 23-də diplomatik münasibətlərin qurulması, 2013-cü ildə Azərbaycanın Hanoyda səfirliyinin fəaliyyətə başlaması, 2014-cü ildə Cənab Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəri münasibətlərin inkişafında əhəmiyyətli mərhələlər olub. Beləliklə, ötən əsrdən miras qalan dostluq müstəqil dövlətlər arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa çevrilib. Münasibətlərin inkişafında 2025-ci il xüsusi əhəmiyyət daşıyır. Həmin ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat qəbul edilib. Bu sənəd Azərbaycan–Vyetnam əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini rəsmiləşdirib. Enerji, investisiya, müdafiə sənayesi, kibertəhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranıb.

2026-cı il noyabrın 20–21-də Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri isə həmin strateji tərəfdaşlığın praktiki məzmununun zənginləşdirilməsi baxımından diqqətəlayiq hadisə oldu. Hanoyda Vyetnam Prezidenti To Lam ilə keçirilən görüşlərdə tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, müdafiə sənayesi, humanitar əməkdaşlıq və digər məsələləri müzakirə etdilər. Səfər çərçivəsində mühüm ikitərəfli sənədlər imzalandı. Bu səfərin diqqətçəkən tərəflərindən biri də əməkdaşlığın konkret layihələrlə möhkəmləndirilməsinə yönələn addımlar oldu. Noyabrın 21-də iki ölkə prezidentinin iştirakı ilə bir sıra sənədlər mübadilə edildi. Onların sırasında fövqəladə hallarda yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq, Prezident Administrasiyaları arasında qarşılıqlı fəaliyyət, həmçinin Azərbaycanda günəş və külək elektrik stansiyalarının layihələndirilməsi və həyata keçirilməsinə dair razılaşmalar yer aldı. Bu sənədlər siyasi dialoqun iqtisadi və institusional əməkdaşlıqla tamamlanması baxımından əhəmiyyətlidir. İqtisadi əməkdaşlığın perspektivləri də kifayət qədər genişdir. Cənab Prezident İlham Əliyevin Vyetnamın dövlət xəbər agentliyinə müsahibəsində qeyd etdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Azərbaycan Dövlət Neft Şirkəti ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika istiqamətlərində yeni layihələr qarşılıqlı iqtisadi maraqların əsas istiqamətlərindəndir. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi və beynəlxalq nəqliyyat imkanları bu münasibətlərə əlavə perspektiv qazandırır. Orta Dəhliz vasitəsilə Vyetnam məhsullarının Avropa bazarlarına, eləcə də Azərbaycan üzərindən digər regional bazarlara çıxarılması üçün imkanlar mövcuddur. Belə əməkdaşlıq Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə, Vyetnamın isə yeni iqtisadi və ticarət marşrutlarına çıxışına töhfə verə bilər. Münasibətlərin daha bir mühüm istiqaməti humanitar və mədəni əlaqələrdir. Təxminən 5 min vyetnamlı tələbənin sovet dövründə Azərbaycanda təhsil alması, onların bir qisminin sonradan öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərməsi iki xalq arasında formalaşmış mənəvi bağların miqyasını göstərir. Görkəmli bəstəkar Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası”, rejissor Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının inkişafındakı iştirakı bu dostluğun mədəniyyət tariximizdə də iz buraxdığını təsdiqləyir. Heydər Əliyev Fondunun Vyetnamda təhsil və humanitar layihələrə dəstəyi isə bu əlaqələrin yeni nəsillərə ötürülməsinə xidmət edir. Siyasi münasibətlərin digər mühüm tərəfi beynəlxalq platformalarda qarşılıqlı dəstəkdir. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlıq edirlər. Cənab Prezident İlham Əliyev 2026-cı il noyabrın 20-də Vyetnamın Baş naziri ilə görüşündə Vyetnamın 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyinə, o cümlədən BMT Təhlükəsizlik Şurasında göstərdiyi dəstəyə toxunub. Bu fakt iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq məsələlərdə dialoq prinsiplərinə əsaslandığını göstərir. Diplomatik əlaqələrin institusional əsaslarının genişləndirilməsi də gündəmdədir. Vyetnam tərəfinin Azərbaycanda səfirlik açmaq niyyətini bildirməsi, eləcə də birbaşa aviareyslərin yaradılması imkanlarının müzakirəsi qarşılıqlı təmasların intensivləşdirilməsi baxımından əhəmiyyətlidir.

Bütün bunlar göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluq ənənələrini qorumaqla yanaşı, müasir beynəlxalq münasibətlərin tələblərinə uyğun yeni əməkdaşlıq istiqamətləri qazanır. Ulu Öndər Heydər Əliyevin və Vyetnamın böyük dövlət xadimi Ho Şi Minin zamanında qoyduğu dostluq təməli bu gün iki müstəqil dövlətin strateji tərəfdaşlığında öz davamını tapır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət və 2026-cı ilin noyabrında Hanoya reallaşdırdığı rəsmi səfər bu tarixi əlaqələrin yeni mərhələyə daşınmasının mühüm nümunəsidir. Tarixdən gələn dostluğun gələcəyə hesablanmış tərəfdaşlığa çevrilməsi Azərbaycan diplomatiyasının davamlılıq prinsipini əks etdirir. Bu gün Bakı ilə Hanoy arasında qurulan münasibətlər yalnız keçmişin xoş xatirələrinə söykənmir, həm də gələcək nəsillər üçün iqtisadi, siyasi, elmi və humanitar əməkdaşlığın yeni imkanlarını formalaşdırır. Ən əsası, ötən əsrdə təməli qoyulmuş dostluq bu gün strateji tərəfdaşlıq səviyyəsində yeni tarix yazır.

 

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı