Azərbaycanla Vyetnamın tarixi dostluğu yeni mərhələyə qədəm qoyub

Azərbaycanla Vyetnamın tarixi dostluğu yeni mərhələyə qədəm qoyub

 

2026-cı il noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında mövcud münasibətlərin, siyasi dialoqun, iqtisadi əməkdaşlığın və gələcək tərəfdaşlıq perspektivlərinin geniş şəkildə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibəsi iki ölkə arasında tarixi dostluq əlaqələrinin müasir dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirilməsinə yönəlmiş strateji yanaşmanı əks etdirir.

Prezident cənab İlham Əliyev müsahibəsində ilk növbədə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərinə toxunaraq, bu əlaqələrin təxminən 70 illik tarixə malik olduğunu vurğulayıb. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq münasibətlərinin əsasını qoyan mühüm hadisələrdən biri kimi qeyd olunub. Həmçinin Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri və həmin səfər çərçivəsində əldə olunan razılaşmaların əməkdaşlığın inkişafına verdiyi töhfələr xüsusi diqqətə çatdırılıb.

Müsahibədə Azərbaycan ilə Vyetnam arasında siyasi münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri də geniş təhlil olunub. Xüsusilə 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilib. Həmin səfər zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkələr arasında əməkdaşlığın daha geniş istiqamətləri əhatə etməsinə şərait yaradıb. Bu gün Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyət göstərirlər.

İqtisadi və ticarət əlaqələri müsahibənin əsas istiqamətlərindən birini təşkil edib. Ölkə Prezidentinin qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin real iqtisadi potensialını tam əks etdirmir. Energetika sahəsində SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı mühüm perspektivlər yaradır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu da müsahibədə xüsusi vurğulanıb. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün yeni imkanlar açır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu istiqamətdə əməkdaşlığın inkişaf etdiyini göstərir.

Dövlət başçısı humanitar, təhsil və mədəni əlaqələrin də xalqların yaxınlaşmasında mühüm rol oynadığını bildirib. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və sosial layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək bu əməkdaşlığın konkret nümunələridir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması da iki xalq arasında formalaşmış tarixi əlaqələrin göstəricisidir.

 

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini