Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində milli maraqlarını qətiyyətlə müdafiə edən, sülhə, qarşılıqlı hörmətə və əməkdaşlığa üstünlük verən dövlət kimi mövqeyini möhkəmləndirir. Ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət, əldə etdiyi tarixi nailiyyətlər və beynəlxalq təşəbbüsləri Azərbaycanın regional və qlobal proseslərdə rolunu daha da artırır. Bu siyasətin əsasını dövlətlərin suverenliyinə hörmət, bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı anlaşma və beynəlxalq hüququn prinsiplərinə sadiqlik təşkil edir.
Həmrəylik, qarşılıqlı hörmət və anlaşma yalnız diplomatik münasibətlərin deyil, həm də davamlı sülhün və təhlükəsizliyin əsas şərtləridir. Azərbaycan beynəlxalq tərəfdaşları ilə münasibətlərində məhz bu dəyərlərə əsaslanır. Müxtəlif ölkələr və xalqlar arasında etimadın gücləndirilməsi, fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması və ortaq maraqların müəyyənləşdirilməsi ölkəmizin dəstəklədiyi mühüm prinsiplərdəndir. Həmrəyliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə hiss olunması dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsinə, regional sabitliyin qorunmasına və yeni tərəfdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Azərbaycanın müasir tarixində mühüm dönüş yaradan hadisələrdən biri 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri olmuşdur. Bu hadisələr nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası təmin edilmiş, uzun illər davam edən işğala son qoyulmuşdur. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren hüquqlarını bərpa etməklə tarixi ədalətin və beynəlxalq hüququn fundamental prinsiplərinin təmin olunmasına nail olmuşdur.
Bu qələbələr xalqımızın birliyini, milli həmrəyliyini və dövlətçiliyimizə sadiqliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək qarşıya qoyulan strateji məqsədə nail oldu. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və müasir yaşayış məntəqələrinin yaradılması ölkəmizin sülhə, inkişafa və gələcəyə yönəlmiş siyasətinin bariz nümunəsidir.
İşğala son qoyulmasından sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri regionda davamlı sülhün və etibarlı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət həyata keçirir, qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasını və qarşılıqlı etimada əsaslanan əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan sülhün yalnız bəyanatlarla deyil, konkret addımlar, qarşılıqlı öhdəliklər və beynəlxalq hüquqa hörmət əsasında möhkəmləndirilməsinin tərəfdarıdır.
Bununla yanaşı, beynəlxalq münasibətlər sistemində ikili standartların tətbiqi ciddi narahatlıq doğuran məsələlərdəndir. Azərbaycan cəmiyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə münasibətdə fərqli yanaşmaları, beynəlxalq hüququn prinsiplərinin seçici şəkildə tətbiqini qətiyyətlə rədd edir. Hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü eyni hüquqi dəyərə malikdir. Beynəlxalq münasibətlərdə ədalətin təmin olunması üçün bütün ölkələrə eyni meyarlarla yanaşılmalı, siyasi maraqlar hüququn aliliyini kölgədə qoymamalıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, davamlı sülhün və qarşılıqlı etimadın təmin edilməsi obyektivlik, ədalət və beynəlxalq hüquqa hörmət tələb edir.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasının mühüm göstəricilərindən biri də ölkəmizin 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcək olmasıdır. Bu qərar Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platformalarında artan rolunun, regional və qlobal məsələlərin müzakirəsində fəal iştirakının göstəricisidir. Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmizə Avropa dövlətləri ilə siyasi dialoqu genişləndirmək, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik məsələləri ətrafında fikir mübadiləsini gücləndirmək üçün əlavə imkanlar yaradacaq.
Bu mühüm tədbir, eyni zamanda, Azərbaycanın müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviqinə verdiyi töhfələrin beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradacaq. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı məkan kimi tanınıb. Multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət prinsipləri Azərbaycanın ictimai həyatında mühüm yer tutur. Bu dəyərlərin beynəlxalq miqyasda təşviqi qlobal həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Azərbaycanın müasir inkişaf yolu milli birlik, dövlət suverenliyi, sülh və beynəlxalq əməkdaşlıq prinsiplərinin vəhdətinə əsaslanır. İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu gün Azərbaycan əldə etdiyi nailiyyətləri qorumaqla yanaşı, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsi isə bu siyasətin mühüm nəticələrindən biri kimi ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri