Ho Şi Minin Bakı səfəri – Azərbaycan-Vyetnam dostluğunun tarixi təməli

Ho Şi Minin Bakı səfəri – Azərbaycan-Vyetnam dostluğunun tarixi təməli

 

    1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin tarixində xüsusi yer tutur. Bu səfər iki xalq arasında qarşılıqlı hörmətin, səmimi münasibətlərin və əməkdaşlıq ənənələrinin formalaşmasında mühüm hadisələrdən biri kimi yadda qalmışdır.

    Tarix göstərir ki, xalqlar arasında dostluq yalnız diplomatik sənədlərlə deyil, həm də səmimi görüşlər, qarşılıqlı etimad və ortaq dəyərlər əsasında qurulur. Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri də məhz belə tarixi hadisələrdən biri olmuşdur. Vyetnam xalqının tanınmış dövlət xadimi olan Ho Şi Minin Azərbaycan paytaxtına gəlişi Bakı sakinləri tərəfindən böyük maraqla qarşılanmış, şəhərin ictimai həyatında əlamətdar hadisəyə çevrilmişdir.

    1959-cu il iyulun 23-də Ho Şi Min Bakının neft sənayesi ilə tanış olmuş, neftçilərlə görüşmüş və Azərbaycanın zəngin təcrübəsinə böyük maraq göstərmişdir. Həmin dövrdə Bakı neft sənayesi sahəsində dünyanın tanınmış mərkəzlərindən biri idi. Vyetnamın gələcək inkişafında neft-qaz sənayesinin əhəmiyyətini nəzərə alan Ho Şi Min Azərbaycanın bu sahədəki təcrübəsindən yararlanmaq istəyini ifadə etmişdir. O, Vyetnamda neft sənayesinin yaradılması, mütəxəssislərin hazırlanması və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirmişdir.

    Bu tarixi səfərdən sonra Azərbaycan ilə Vyetnam arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaranmışdır. Azərbaycandan minlərlə mütəxəssis Vyetnamın neft sənayesinin və digər sahələrinin inkişafına töhfə vermiş, çoxsaylı vyetnamlı tələbələr Azərbaycanda təhsil alaraq müxtəlif ixtisaslara yiyələnmişlər. Bu əməkdaşlıq iki xalq arasında qarşılıqlı etimadın və dostluğun möhkəmlənməsinə xidmət etmişdir.

   Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin də mühüm xidmətləri olmuşdur. Onun 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında yaranmış dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əlamətdar hadisəyə çevrilmişdir. Beləliklə, Ho Şi Minin 1959-cu ildə Bakıya, Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərləri xalqlarımız arasında tarixi dostluğun inkişafında mühüm mərhələlər olmuşdur.

   1992-ci il sentyabrın 23-də Azərbaycan Respublikası ilə Vyetnam arasında diplomatik münasibətlərin qurulması tarixi dostluğun müstəqil dövlətlər səviyyəsində yeni mərhələyə keçməsini təmin etmişdir. Sonrakı illərdə siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq genişlənmişdir. Azərbaycanın 2013-cü ildə Hanoyda səfirliyinin fəaliyyətə başlaması da ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisidir.

    Müasir dövrdə Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat qəbul edilmişdir. Bu hadisə uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin daha geniş əməkdaşlıq imkanları ilə zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

   Bu gün Azərbaycan və Vyetnam arasında enerji, iqtisadiyyat, investisiya, ticarət, təhsil, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Hər iki ölkə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Tarixi dostluq ənənələri müasir dövrdə yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün mühüm zəmin yaradır.

     Ho Şi Minin Bakı səfərinin tarixi əhəmiyyəti yalnız keçmişdə baş vermiş bir hadisə ilə məhdudlaşmır. Bu səfər Azərbaycan və Vyetnam xalqlarının yaddaşında dostluğun, qarşılıqlı yardımın və həmrəyliyin rəmzi kimi yaşayır. Həmin səfərlə başlanan münasibətlər bu gün də dövlətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini verir.

    1959-cu ildə Ho Şi Minin Bakıya səfəri Azərbaycan-Vyetnam dostluğunun tarixində unudulmaz iz qoymuşdur. Bu tarixi hadisə sübut edir ki, səmimi münasibətlər və qarşılıqlı dəstək zaman keçdikcə daha da möhkəmlənir. Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Vyetnam əlaqələri gələcək nəsillər üçün də dostluq və əməkdaşlıq nümunəsi olaraq öz əhəmiyyətini qoruyub saxlayacaqdır.

Cəmilə Bağırova

YAP Ordubad rayon təşkilatında məsləhətçi