Milli maraqların və beynəlxalq əməkdaşlığın yeni strateji ünvanı

Milli maraqların və beynəlxalq əməkdaşlığın yeni strateji ünvanı

Səyyad Mirzəyev

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2026-cı il tarixində İrlandiyanın paytaxtı Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhəm ilə görüşü və iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın çoxşaxəli xarici siyasətinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafında mühüm hadisədir. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi təməli mövcuddur. 1994-cü ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci ildə qəbul edilmiş Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayıb. Yeni sənəd isə bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini rəsmiləşdirərək əməkdaşlığın gələcək istiqamətlərini daha konkret şəkildə müəyyənləşdirir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan əlaqələrin genişləndirilməsidir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, Azərbaycanın xarici siyasəti milli maraqlara, suverenliyə, müstəqilliyə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Böyük Britaniya ilə imzalanan bu sənəd də məhz həmin prinsiplərin praktik müstəvidə təzahürüdür. Birgə Bəyannamənin əhatə etdiyi əsas istiqamətlərdən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Sənəddə müdafiə sahəsində təlim, institusional potensialın artırılması, təcrübə mübadiləsi, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı və sərhəd təhlükəsizliyi məsələləri xüsusi yer tutur. Bu istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi regional sabitliyin və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində artan rolu iki ölkə arasındakı münasibətlərin mühüm dayaqlarından biridir. Otuz ildən artıq davam edən enerji əməkdaşlığı qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın formalaşmasına töhfə verib. Prezident İlham Əliyevin görüş zamanı qeyd etdiyi mühüm məqamlardan biri Böyük Britaniyanın Azərbaycanın ən böyük Avropa investoruna çevrilməsidir. Bu fakt ölkəmizə olan iqtisadi marağın və investisiya əməkdaşlığının miqyasını göstərir. Yeni sənəd enerji sahəsində ənənəvi əməkdaşlıqla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafını, yaşıl maliyyələşməni və aşağı karbonlu texnologiyaların tətbiqini də nəzərdə tutur. Bu isə Azərbaycanın enerji siyasətinin şaxələndirilməsi, yaşıl iqtisadiyyata keçid və uzunmüddətli enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəyannamədə iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat-logistika sahələrinə də geniş yer ayrılıb. Xüsusilə Orta Dəhlizin inkişafına verilən önəm Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi baxımından diqqətəlayiqdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və regional bağlantı imkanları Şərq ilə Qərb arasında iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır. Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq yeni investisiya imkanlarının və iqtisadi tərəfdaşlıqların yaranmasına töhfə verə bilər.