8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR VƏ İRADƏ TARİXİ

8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR VƏ İRADƏ TARİXİ

Azərbaycan tarixinin elə günləri var ki, həmin günlər sadəcə təqvimdə bir tarix deyil, bütöv bir xalqın yaddaşına, qəlbinə və gələcəyinə həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə müqəddəs və unudulmaz tarixlərdəndir.
Azərbaycan xalqının müasir dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin xüsusi yeri və xidmətləri vardır. Onun uzaqgörən siyasəti, möhkəm dövlətçilik prinsipləri, milli birliyin qorunmasına verdiyi önəm müstəqil Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Ulu Öndər hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqımızın milli maraqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edirdi. Onun müəyyən etdiyi siyasi kurs sonrakı tarixi mərhələdə də davam etdirildi. Bu siyasi xətt Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Ölkəmizin iqtisadi, hərbi və diplomatik imkanlarının gücləndirilməsi, müasir ordu quruculuğu, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm amillərindən oldu.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Bu müharibə təkcə hərbi qarşıdurma deyil, həm də xalqımızın torpağa bağlılığının, milli iradəsinin, Vətən sevgisinin və sarsılmaz birliyinin nümayişi idi. 8 noyabr 2020-ci ildə qədim mədəniyyət beşiyimiz, Qarabağın tacı olan Şuşanın azad edilməsi Zəfər tariximizin ən möhtəşəm hadisələrindən birinə çevrildi. Həmin gün cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri milyonlarla insanın illərlə qəlbində yaşatdığı həsrətə son qoyan tarixi müjdəyə çevrildi.
Bu Zəfərin arxasında Azərbaycan əsgərinin qanı, canı, qəhrəmanlığı və misilsiz fədakarlığı dayanırdı. Dağları aşan, çətin döyüş yollarından keçən, bir addım belə geri çəkilməyən igid oğullarımız Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdilər.
Bu gün Zəfərdən danışarkən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını xüsusi qeyd etmək hər birimizin mənəvi borcudur. Şəhidlərimiz Vətən torpağını canlarından üstün tutaraq adlarını tarixə əbədi yazdırdılar. Qazilərimiz isə sağlamlıqlarını Vətən uğrunda qurban verərək qəhrəmanlığın canlı nümunəsinə çevrildilər.Onların hər biri xalqımızın yaddaşında böyük ehtiramla yaşayır. Qazilərimizə göstərilən diqqət və qayğı, şəhid ailələrinin sosial müdafiəsi, onların problemlərinin həlli istiqamətində görülən işlər dövlətin bu müqəddəs xidmətə verdiyi dəyərin ifadəsidir. Biz qazilərimizə yalnız minnətdarlıq sözləri ilə deyil, gündəlik münasibətimiz, diqqətimiz və qayğımızla da sahib çıxmalıyıq.
Zəfərin digər mühüm dayağı isə Azərbaycan xalqının nümayiş etdirdiyi milli iradə və həmrəylik idi. Müharibənin ilk günlərindən etibarən xalqımız bir yumruq kimi birləşdi. Cəbhədə döyüşən əsgərimizin arxasında milyonlarla insanın duası, dəstəyi və inamı dayanırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar belə Vətən naminə bir araya gələrək milli həmrəylik nümayiş etdirdilər.Bu birlik bir daha sübut etdi ki, xalqın iradəsi, Vətən sevgisi və milli ruhu heç bir çətinlik qarşısında sınmır. Azərbaycan xalqı öz tarixini, torpağını, milli kimliyini və dövlətçiliyini qorumaq əzmini bütün dünyaya nümayiş etdirdi.Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin davamıdır. Qarabağda və Şərqi Zəngəzurda yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri tikilir, doğma yurdlarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıdırlar. Bir zamanlar həsrətlə xatırlanan yurd yerlərimizdə həyat yenidən canlanır. Zəfər Günü həm də gələcək nəsillərə ötürüləcək böyük bir dərsdir. Bu tarix bizə dövlətçiliyin, milli birliyin, güclü ordunun, Vətən sevgisinin və xalq iradəsinin nə qədər mühüm olduğunu xatırladır.
8 Noyabr – sadəcə qələbə günü deyil. Bu tarix şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti, xalqımızın birliyi və Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir.Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun davam etdirilməsi, Prezident cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz iradəsi ilə tariximizə qızıl hərflərlə yazılan bu Zəfər daim yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, xalqımız bir olsun!

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi