Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi yeri olan Şuşa şəhərinin işğaldan azad edilməsi milli tariximizin ən mühüm hadisələrindən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi və milli-mənəvi dəyərlərimizin rəmzi olan Şuşanın azadlığı xalqımızın tarixi ədalətinin bərpası, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsi kimi tarixə yazılıb. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad edilməsi xəbərini çatdırdı. Dövlətimizin başçısının “Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq!” sözləri xalqımızın yaddaşına əbədi həkk olundu. Həmin gün Azərbaycan tarixində yeni bir səhifə açıldı. Prezident İlham Əliyevin azad edilmiş Şuşaya ilk səfəri 2021-ci il yanvarın 14-də baş tutdu. Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şuşaya səfər edərək şəhərin tarixi məkanları, dağıdılmış mədəniyyət abidələri və dini ibadətgahları ilə tanış oldu. Səfər zamanı dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın Şuşanın gələcək inkişafı ilə bağlı qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, Şuşa yenidən qurulacaq, şəhər əvvəlki şöhrətinə qovuşacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq. Bu səfərdən sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. İlk növbədə, şəhərin tarixi-memarlıq simasının qorunması, dağıdılmış abidələrin bərpası, yolların və kommunikasiya xətlərinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilməyə başlandı.
Dövlət başçısının Şuşaya səfərləri şəhərin hərtərəfli inkişafının ardıcıl şəkildə təmin edilməsinə xidmət etdi. 2021-ci il mayın 12-də Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalı, avqust ayında Vaqif Poeziya Günlərinin bərpası şəhərin mədəni həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu tədbirlər Şuşanın yalnız azad edilmədiyini, eyni zamanda, onun zəngin mədəni irsinin yenidən dirçəldildiyini nümayiş etdirdi. 2022-ci il mayın 10-da Prezident İlham Əliyevin Şuşaya səfəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf etdi. Həmin səfər zamanı Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu, dövlət başçısı şəhərdə aparılan quruculuq işləri ilə tanış oldu. Bu səfər azad edilmiş ərazilərdə müasir texnologiyaların tətbiqi və yeni idarəetmə sisteminin formalaşdırılması baxımından əhəmiyyətli hadisə idi. 2023-cü ildə Şuşada bərpa-quruculuq işləri daha geniş vüsət aldı. Dekabrın 21-22-də Prezident İlham Əliyev şəhərə səfəri zamanı ilk yaşayış kompleksində aparılan tikinti işləri, Qarabağ küçəsində həyata keçirilən layihələr, Aşağı Gövhər Ağa məscidində və digər tarixi məkanlarda görülən işlərlə tanış oldu. Bu mərhələdə Şuşanın yaşayış məntəqəsi kimi bərpası və sakinlərin doğma şəhərə qayıdışı üçün zəruri infrastrukturun yaradılması əsas prioritetlərdən biri idi.
2024-cü il Şuşanın beynəlxalq siyasi və mədəni əhəmiyyətinin daha da artması ilə yadda qaldı. Martın 12-də Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev Şuşaya səfər etdilər. Dövlət başçıları şəhərin tarixi məkanları ilə tanış oldular, Azərbaycanın görkəmli şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş heykəllərinə baxdılar. Mayın 10-11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı üçüncü yaşayış kompleksinin təməli qoyuldu, birinci yaşayış kompleksinin açılışı keçirildi və şəhərə köçmüş ilk sakinlərlə görüş baş tutdu. Bu hadisə Şuşanın bərpasında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Böyük Qayıdışın real nəticələrinin təcəssümü idi.
İyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi şəhərin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadı. Şuşanın türk dünyasının ortaq tarixi və mədəni dəyərlərinin təqdim olunduğu beynəlxalq platformaya çevrilməsi Azərbaycanın regional əməkdaşlıq siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət çəkdi. 2025-ci il və 2026-cı ildə də Prezident İlham Əliyevin Şuşaya səfərləri davam etdi. Bu səfərlər zamanı şəhərin və kəndlərinin sosial-iqtisadi inkişafı, yeni yaşayış məntəqələrinin qurulması, tarixi-mədəni irsin qorunması və sakinlərin doğma yurda qayıdışı ilə bağlı görülən işlər diqqət mərkəzində saxlanıldı. 2026-cı ilin may və iyun aylarında, eləcə də iyulda həyata keçirilən səfərlər çərçivəsində Şuşanın müxtəlif yaşayış məntəqələrində aparılan işlərlə tanışlıq oldu, sakinlərlə görüşlər keçirildi, tarixi abidələrin bərpası və yeni infrastruktur layihələri diqqətdə saxlanıldı. Bu gün Şuşada aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın azad edilmiş torpaqlara yeni həyat bəxş etmək əzminin bariz nümunəsidir. Tarixi abidələr bərpa olunur, yeni yaşayış kompleksləri, sosial obyektlər, yollar və turizm infrastrukturu yaradılır. Şuşa öz tarixi simasını qorumaqla yanaşı, müasir şəhərsalma prinsipləri əsasında inkişaf edir.
Prezident İlham Əliyevin azad edilmiş Şuşaya mütəmadi səfərləri dövlətimizin başçısının Qarabağın bərpasına və Böyük Qayıdış prosesinə xüsusi diqqətinin göstəricisidir. Bu səfərlər çərçivəsində verilən tapşırıqlar və həyata keçirilən layihələr şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Şuşanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi bu tarixi qələbənin təməlində dayanır. Bu gün Şuşada dalğalanan üçrəngli Azərbaycan bayrağı həmin qəhrəmanlığın və milli birliyin rəmzidir. Şuşanın dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil, həm də tarixi yaddaşın, milli-mədəni irsin və dövlətçilik ənənələrinin bərpasıdır. Bu qədim şəhərdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları, sakinlərin doğma yurda qayıdışı və yeni infrastruktur layihələri Şuşanın həyatında baş verən fundamental dəyişiklikləri əks etdirir. Şübhəsiz ki, Şuşanın bugünkü inkişafı Azərbaycanın Zəfər tarixinin davamı, Böyük Qayıdış siyasətinin mühüm tərkib hissəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi öz tarixi missiyasını davam etdirir.
Şuşa azaddır, Şuşa dirçəlir, Şuşa yaşayır! Bu gün Şuşada görülən hər bir iş Azərbaycanın gücünü, xalqımızın birliyini və doğma torpaqlara əbədi qayıdış iradəsini nümayiş etdirir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri