Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi nüfuzu onların iqtisadi imkanları ilə yanaşı, həyata keçirdikləri diplomatik təşəbbüslər və formalaşdırdıqları etibarlı tərəfdaşlıqlarla da müəyyən olunur. Azərbaycan son illər xarici siyasət sahəsində əldə etdiyi nəticələrlə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir, qlobal və regional proseslərdə öz mövqeyini möhkəmləndirir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan ilə Böyük Britaniya arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi siyasi əhəmiyyət daşıyır.
Sözügedən sənəd iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan rolunun mühüm göstəricilərindən biridir. Dünyanın nüfuzlu dövlətlərindən olan Böyük Britaniya ilə əməkdaşlığın strateji müstəviyə keçirilməsi qarşılıqlı siyasi etimadın və ortaq maraqların mövcudluğunu nümayiş etdirir. Bu hadisə eyni zamanda Azərbaycanın müstəqil xarici siyasət xəttinin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq inkişaf etdiyini göstərir.
Bəyannamənin siyasi mahiyyətini müəyyən edən əsas amillərdən biri dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn fundamental prinsiplərinə xüsusi yer ayrılmasıdır. Sənəddə müstəqilliyə, suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmətin təsdiqlənməsi tərəfdaşlığın möhkəm hüquqi-siyasi prinsiplərə əsaslandığını göstərir. Azərbaycanın milli maraqları baxımından xüsusi əhəmiyyət kəsb edən bu müddəalar iki ölkənin qarşılıqlı münasibətlərdə bərabərhüquqluluğa və beynəlxalq hüquqa üstünlük verdiyini nümayiş etdirir.
Yeni tərəfdaşlığın diqqətçəkən istiqamətlərindən biri də Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə münasibətdir. Bəyannamədə 2025-ci il avqustun 8-də qəbul olunmuş Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinə istinad edilməsi və Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin dəstəklənməsi mühüm diplomatik məna daşıyır. Böyük Britaniyanın regionda uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş səylərə müsbət münasibəti Azərbaycanın sülh gündəliyinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini göstərən əhəmiyyətli məqamlardandır.
Azərbaycanın Böyük Britaniya ilə münasibətlərinin strateji səviyyəyə yüksəlməsi uzun illər ərzində formalaşmış əməkdaşlıq ənənələrinin davamıdır. Xüsusilə enerji sektorunda üç onillikdən artıq dövrü əhatə edən birgə fəaliyyət dövlətlər arasında qarşılıqlı etimad mühitinin yaranmasına xidmət etmişdir. Prezident İlham Əliyevin Böyük Britaniyanın Azərbaycandakı ən böyük Avropa investoru olduğunu vurğulaması bu əməkdaşlığın iqtisadi miqyasını və əhəmiyyətini aydın şəkildə ortaya qoyur.
Bununla belə, yeni sənəd ikitərəfli əlaqələrin yalnız ənənəvi iqtisadi istiqamətlərlə məhdudlaşmadığını göstərir. Müdafiə və təhlükəsizlik, nəqliyyat, ticarət, investisiya, innovasiya və təhsil kimi sahələrdə nəzərdə tutulan əməkdaşlıq tərəfdaşlığın daha geniş məzmun qazanmasına şərait yaradır. Xüsusilə təhlükəsizlik sahəsində təcrübə mübadiləsi və institusional əlaqələrin inkişafı qarşılıqlı etimadın praktik nəticələrini gücləndirə bilər.
Azərbaycanın beynəlxalq nəqliyyat sistemində artan əhəmiyyəti də Bəyannamədə öz əksini tapmışdır. Orta Dəhlizin inkişafına verilən dəstək ölkəmizin Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində oynadığı rolun əhəmiyyətini göstərir. Bu istiqamətdə əməkdaşlığın genişlənməsi Azərbaycanın tranzit potensialından daha səmərəli istifadə olunmasına, logistika infrastrukturunun inkişafına və yeni iqtisadi imkanların formalaşmasına töhfə verə bilər.
Sənəddə təhsil, elm və müasir texnologiyalara ayrılan diqqət də təsadüfi deyil. Müasir dünyanın inkişaf meyilləri göstərir ki, dövlətlərin uzunmüddətli rəqabət qabiliyyəti insan kapitalının keyfiyyətindən və innovativ imkanlarından əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan süni intellekt, rəqəmsal idarəetmə, elmi tədqiqat və peşə hazırlığı üzrə əməkdaşlıq Azərbaycanın gələcək inkişaf prioritetləri ilə uyğunluq təşkil edir.
İkitərəfli münasibətlərin davamlılığını təmin edən mühüm yeniliklərdən biri illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə əldə olunan razılaşmadır. Belə bir mexanizmin yaradılması qarşılıqlı öhdəliklərin müzakirəsinə, prioritetlərin müəyyənləşdirilməsinə və həyata keçirilən təşəbbüslərin nəticələrinin qiymətləndirilməsinə imkan verəcək.
Dublin Bəyannaməsi Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsini ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurmasına geniş imkanlar yaradır.
Azərbaycan bu gün regional əhəmiyyətli proseslərin fəal iştirakçısı olmaqla yanaşı, beynəlxalq əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq isə bu istiqamətdə əldə edilmiş mühüm diplomatik nəticələrdən biri kimi ölkəmizin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarının təmin olunmasına yeni imkanlar açır.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı