İqtisadi inkişafdan innovasiyaya uzanan yeni əməkdaşlıq mərhələsi
II yazı
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, müxtəlif coğrafiyaları əhatə edən tərəfdaşlıq əlaqələrinin genişlənməsi ölkəmizin xarici siyasət strategiyasının mühüm nəticələrindəndir. Təsadüfi deyil ki, ölkəmiz 4 ölkə ilə müttəfiq olmaqla yanaşı, 20-dən yuxarı dövlətlə bu və ya digər şəkildə strateji tərəfdaşlıq əlaqələrinə malikdir.
Azərbaycanın xarici siyasətində hər zaman Böyük Britaniya ilə münasibətlər xüsusi yer tutur. Tarixi ənənələrə, qarşılıqlı maraqlara və uzunmüddətli əməkdaşlıq təcrübəsinə söykənən Azərbaycan-Böyük Britaniya əlaqələri artıq yeni məzmun və keyfiyyət mərhələsinə qədəm qoyub. Dublində iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin yalnız mövcud istiqamətlər üzrə davam etdirilməsini deyil, həm də gələcək inkişafın yeni prioritetlərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Sənədin müdafiə və təhlükəsizliklə yanaşı iqtisadiyyat, ticarət, investisiya, təhsil və innovasiya kimi sahələri də əhatə etməsi tərəfdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir. Bu, Azərbaycanın iqtisadi potensialına, əlverişli investisiya mühitinə, beynəlxalq nəqliyyat-kommunikasiya imkanlarına və intellektual resurslarına göstərilən marağın ifadəsidir. Eyni zamanda, əməkdaşlığın yeni istiqamətləri Azərbaycanın müasir milli inkişaf strategiyasının hədəfləri ilə də uzlaşır. Çünki müasir dövrdə dövlətlərin gücü yalnız siyasi və hərbi imkanlarla deyil, iqtisadi rəqabət qabiliyyəti, texnoloji yeniliklərə çıxış, insan kapitalı və qlobal iqtisadi əlaqələrdə tutduğu mövqe ilə ölçülür. Bu baxımdan imzalanan Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafına xidmət edən mühüm siyasi-iqtisadi yol xəritəsi kimi dəyərləndirilməlidir.
Yeni perspektivlər: qarşılıqlı iqtisadi fayda...
Vurğulandığı kimi, Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni mərhələsində iqtisadi əməkdaşlığın daha geniş məzmun alması xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında əlaqələrin inkişafı üçün formalaşmış siyasi etimadın iqtisadi müstəvidə konkret nəticələrə çevrilməsi tərəfdaşlığın dayanıqlığını artıran əsas amillərdəndir. Böyük Britaniyanın beynəlxalq maliyyə və biznes mühitindəki mövqeyi, Azərbaycanın isə regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bəyannamədə iqtisadi münasibətlərin fəlsəfəsini ifadə edən mühüm məqamlardan biri “hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələrin” təşviqidir. Bu yanaşma əməkdaşlığın yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmadığını, real iqtisadi dəyərin yaradılmasına istiqamətləndiyini göstərir. Xüsusilə investisiyaların qeyri-neft sektoruna, infrastruktur layihələrinə, xidmət sahələrinə və yeni iqtisadi fəaliyyət istiqamətlərinə yönəldilməsi Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinə əlavə imkanlar qazandıra bilər.
Paralel olaraq sənəddə Orta Dəhlizin inkişafına verilən dəstək ayrıca strateji məna daşıyır. Bəyannamədə “regional və beynəlxalq bağlantıların vacibliyi”nin vurğulanması Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat-logistika qovşağı kimi artan rolunun siyasi və iqtisadi baxımdan diqqət mərkəzində olmasını göstərilir. Bu gün qlobal təchizat zəncirlərinin yenidən qurulduğu, alternativ marşrutların əhəmiyyətinin artdığı şəraitdə Azərbaycan öz coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməyi bacaran ölkələrdəndir. Şərq-Qərb nəqliyyat bağlantılarının genişlənməsi Böyük Britaniya biznes dairələri üçün də yeni imkanlar aça bilər. Eyni zamanda, enerji əməkdaşlığının ənənəvi istiqamətlərdən kənara çıxaraq yaşıl iqtisadiyyatı əhatə etməsi münasibətlərə yeni dinamika verir. Bu mənada yaşıl maliyyələşdirmə və aşağıkarbonlu texnologiyalar üzrə əməkdaşlıq Azərbaycanın enerji keçidi strategiyası ilə uzlaşır. Beləliklə, iqtisadi tərəfdaşlıq qarşılıqlı maraqların uzlaşdırılması ilə yanaşı, Azərbaycanın regional iqtisadi gücünün möhkəmlənməsinə də xidmət edir.
Təhsil və innovasiya: gələcəyə yönələn strateji investisiya
Müasir dünyada iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi bilik, texnologiya, elmi potensial və peşəkar insan kapitalı çıxış edir. Bu amil həm də dövlətlərin beynəlxalq rəqabət qabiliyyətini müəyyənləşdirən başlıca ştrixə çevrilib. Mövcud reallıqda Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq Bəyannaməsində təhsil və innovasiyaya xüsusi yer ayrılması sənədin uzunmüddətli əməkdaşlıq perspektivindən xəbər verir. Sənəddə təhsil, elm və tədqiqatın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri kimi təqdim olunması məsələyə strateji yanaşmanın göstəricisidir. Əslində, bu, iki ölkənin gələcək əməkdaşlığını bugünkü iqtisadi münasibətlərlə məhdudlaşdırmamaq, gələcək nəsillərin bilik və bacarıqları üzərində qurmaq niyyətini ifadə edir.
Böyük Britaniyanın ali təhsil, elmi tədqiqat və innovasiya sahəsində zəngin təcrübəsi Azərbaycanın insan kapitalının inkişafı baxımından əhəmiyyətli perspektivlər yaradır. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi yeni biliklərin mənimsənilməsinə, müasir texnologiyaların tətbiqinə və yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanmasına şərait yarada bilər. Xüsusilə peşə təhsili, rəqəmsal bacarıqlar və texniki ixtisaslar üzrə əməkdaşlıq əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığına töhfə verəcək. Bəyannamədə süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsinin nəzərdə tutulması da təsadüfi deyil. Çünki süni intellekt və rəqəmsallaşma dövlət idarəçiliyindən sənayeyə, iqtisadiyyatdan sosial xidmətlərə qədər bütün sahələrin inkişaf modelini dəyişir. Azərbaycan üçün bu istiqamətlərdə qabaqcıl təcrübənin öyrənilməsi texnoloji asılılığın azaldılması, yerli innovasiya ekosisteminin gücləndirilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından vacibdir. Digər tərəfdən, insanlararası mübadilələrin və peşəkar şəbəkələrin təşviqi cəmiyyətlər arasında qarşılıqlı etimadı möhkəmləndirir. Beləliklə, təhsil və innovasiya əməkdaşlığı iki dövlətin gələcək inkişafına yönəlmiş uzunmüddətli strateji sərmayə xarakteri daşıyır.
Davamlı əməkdaşlıq: Bəyannamənin siyasi əhəmiyyəti...
İki dövlət arasında imzalanan strateji sənədlərin əhəmiyyəti yalnız orada əksini tapan niyyət və prinsiplərlə ölçülmür. Əsas məsələ müəyyənləşdirilmiş hədəflərin ardıcıl şəkildə həyata keçirilməsi, əldə olunan nəticələrin qiymətləndirilməsi və əməkdaşlığın yeni çağırışlara uyğun inkişaf etdirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında imzalanmış Birgə Bəyannamənin yekun müddəalarında məhz bu məqama xüsusi diqqət yetirilməsi sənədin praktiki mahiyyətini gücləndirir. Tərəflərin illik Strateji Tərəfdaşlıq görüşləri keçirmək barədə razılığa gəlməsi əməkdaşlığın epizodik təmaslar deyil, davamlı siyasi dialoq və institusional mexanizmlər əsasında inkişaf etdirilməsinə xidmət göstərəcək. Bu görüşlər vasitəsilə üç əsas istiqamət üzrə görülən işlərin nəzərdən keçirilməsi, yeni prioritetlərin müəyyənləşdirilməsi və gələcək fəaliyyətin əlaqələndirilməsi mümkün olacaq.
Burada diqqətçəkən məqamlardan biri də Birgə Hökumətlərarası Komissiyanın roluna verilən əhəmiyyətdir. Bu mexanizm iqtisadi və ticarət münasibətlərinin genişləndirilməsi ilə yanaşı, siyasi razılaşmaların konkret layihələrə çevrilməsi baxımından mühüm platformadır. İnvestisiya, enerji, iqtisadi şaxələndirmə və Orta Dəhliz üzrə təşəbbüslərin əlaqələndirilməsi tərəfdaşlığın nəticəyönümlü xarakterini gücləndirə bilər. Eyni zamanda, sənəddə əməkdaşlığın “İştirakçıların müvafiq qanun və qaydalarına uyğun” həyata keçirilməsinin nəzərdə tutulması dövlətlərin suveren hüquqlarına, milli qanunvericiliyinə və institusional səlahiyyətlərinə hörmət prinsipini təsdiqləyir. Bu, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulduğunu göstərən mühüm yanaşmadır.
Beləliklə, Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafı üçün geniş siyasi və iqtisadi çərçivə formalaşdırır. Sənədin əhatə etdiyi istiqamətlər Azərbaycanın milli maraqları, iqtisadi modernləşmə hədəfləri və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə uzlaşır. Ən başlıcası, bu tərəfdaşlıq Azərbaycanın müstəqil xarici siyasət kursunun, müxtəlif qlobal güc mərkəzləri ilə qarşılıqlı faydaya əsaslanan əlaqələr qurmaq imkanlarının növbəti ifadəsidir. Beləliklə, Bakı ilə London arasında münasibətlər yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur və bu mərhələ qarşılıqlı etimadın konkret nəticələrlə möhkəmləndirilməsinə xidmət edir.
P.İSMAYILOV