Ölkəmiz Aİ-nin enerji, nəqliyyat, rəqəmsal bağlantılara çıxışında təminatçı və əlaqələndirici rol oynayır
Azərbaycanın enerji və nəqliyyat sahəsində yaratdığı strateji imkanlar ölkəmizin beynəlxalq siyasi çəkisinin mühüm dayaqlarındandır.Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər üzərindən inkişaf etdirilən yeni bağlantılar Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrdə rolunu genişləndirir. Dublin Sammitinin əsas müzakirə mövzuları sırasında enerji təchizatı və bağlantıların yer alması Azərbaycanın artıq konkret layihələr həyata keçirdiyi bu istiqamətlərin Avropa üçün strateji əhəmiyyət daşıdığını göstərir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan nəqliyyat və logistika dəhlizlərini şaxələndirərək Avropa ilə Asiya arasında təhlükəsiz tranzit marşrutlarını təmin edir ki, bu da əmtəə mübadiləsinin böyüməsinə təsir edir. Regional nəqliyyat xəritəsinin formalaşmasında və beynəlxalq logistik qovşaqların yaradılmasında Azərbaycan həlledici rol oynayaraq yerli istehsalın Avropa bazarlarına çıxış imkanlarını genişləndirir.
Qaz nəqlində uzunmüddətli əməkdaşlıq planları
2022-ci ildə Azərbaycanla AB arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Bu, sadiq tərəfdaşlığın və dayanıqlı təchizat zəncirini yaratdığına görə, Avropa Komissiyası Azərbaycanı Pan-Avropa enerji təchizatçısı adlandırır. Hazırda boru kəmərləri vasitəsilə qaz ixracının coğrafi əhatəsinə görə, Azərbaycan dünyada birinci yerdədir.
TAP ailəsi Azərbaycanın yaxın illərdə qaz istehsalı və nəqlinin artmasını nəzərə alaraq Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun genişləndirilməsini, yeni birlə?dirici və paylayıcı innektorların yaradılmasını müzakirə edir. Bu təminatların öz həllini tapması sayəsində 2028-2030-cu illərdə Azərbaycanın Avropa regionuna qaz ixracı daha da artaraq 15-16 milyard kubmetrə çatacaq.
Enerji gündəliyinin yeni səhifəsi - “Yaşıl enerji” dəhlizi
Azərbaycanın Avropa ilə bağlantılarının müasir modellərindən biri də bərpaolunan enerji sahəsində əməkdaşlıqdır. Tərəflər arasında “yaşıl enerji” sahəsində əlaqələr də son illərdə mühüm mərhələyə daxil olub. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan” arasında imzalanmış sazişə əsasən, “yaşıl enerji” dəhlizinin qurulması haqqında anlaşma əldə olunub. Sənəd təmiz elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlığı, təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsini, eləcə də layihə çərçivəsində fiber-optik rabitənin təkmilləşdirilməsini nəzərdə tutur. Bununla da, “Yaşıl Enerji Dəhlizi”nin əsası qoyulub.
Layihəyə əsasən, Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə “yaşıl enerji” xətləri birləşdiriləcək, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələri təmin edəcək. Beləliklə, “Yaşıl Enerji Dəhlizi” ölkəmizin bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracına, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ölkəmizin regionlararası elektrik enerjisi qovşağına çevrilməsinə töhfə verəcək.
Orta Dəhlizdə ortaq maraqlar
Azərbaycan nəqliyyat və logistika sahəsində də şaxələndirilmiş infrastrukturları təmin edərək Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyətini artırmaqdadır.Bu baxımdan, Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini əhatə edən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Orta Dəhliz) ən etibarlı və dayanqılı nəqliyyat arteriyası hesab olunur. Bu marşrutun inkişaf etdirilməsi Aİ ölkələrinə təkcə yükdaşıma potensialının genişləndirilməsi baxımından deyil, həm də regional iqtisadi əlaqələrin gücləndirilməsi və yeni bazarlara çıxış üçün də mühüm əhəmiyyət daşıyır. Gələcəkdə TRİPP layihəsi çərçivəsində Zəngəzur xəttinin Orta Dəhlizə inteqrasiya olunması isə regionda daha geniş daşınma zəncirlərini və resurs axınlarını təmin edəcək.
Yeri gəlmişkən, Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində Mərkəzi Asiya-Avropa İttifaqı regionu üçün 12 milyard avro investisiya elan edilib ki, onun 3 milyard avrosu Orta Dəhliz üçün nəzərdə tutulub. Aİ Azərbaycanda nəqliyyat infrastrukturlarının modernləşdirilməsinə, o cümlədən Naxçıvan dəmir yolu və Bakı Limanı da daxil olmaqla mümkün layihələrə böyükhəcmli qrant ayrılacağını açıqlayıb. “Global Gateway” investisiya paketi çərçivəsində Cənubi Qafqazda dövlət və özəl sektorun iştirakı ilə infrastruktur layihələrinə 2 milyard avroyadək sərmayənin cəlb edilməsi planlaşdırılır.
Ümumilikdə, Aİ davamlı şəkildə Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz əlaqələrinin gücləndirilməsini, Aİ-nin koordinasiyasını və səylərini artırmağı planlaşdırır.
Transxəzər Fiber-Optik Kabel Xətti - Aİ üçün rəqəmsal imkanlar
Azərbaycan və Avropa arasında bağlantı yaradacaq ən perspektivli layihələrdən biri də Transxəzər Fiber-Optik Kabel Xəttidir. Ötən ay Qazaxıstan və Azərbaycan hökumətləri tərəfindən istifadəyə verilən bu layihə çoxistiqamətli olmaqla, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanın rəqəmsal bağlantısını nəzərdə tutur. Belə ki, fiber-optik kabel “Rəqəmsal İpək Yolu” marşrutları ilə əlaqələndirilərək Asiya-Xəzər-Avropa rəqəmsal dəhlizini formalaşdıracaq.
Transxəzər Fiber Optik Kabel Xətti layihəsinin Orta Dəhliz təşəbbüsünə və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) təşəbbüsünə daxil edilməsi də müzakirə olunur. Layihənin reallaşmasında maraqlı tərəf olan beynəlxalq şirkətlər qrupu “NEQSOL Holding”in nümayəndəsi Kirill Rubinski bildirib ki, birgə layihələrin inkişaf perspektivləri böyükdür və beynəlxalq telekommunikasiya şirkətləri bu təşəbbüsü dəstəkləyir.
E.CƏFƏRLİ