Yeni Azərbaycan Partiyasi dünənin, bu günün və gələcəyin partiyasıdır!

Yeni Azərbaycan Partiyasi dünənin, bu günün və gələcəyin partiyasıdır!

Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və xalqın etimadı ilə formalaşan böyük siyasi məktəb

Azərbaycanın tanınmış ziyalıları və vətənpərvər insanları xalqın etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə malik, siyasi iradəsi və uzaqgörənliyi ilə seçilən Heydər Əliyevə müraciət etdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciət həmin dövrün siyasi mənzərəsində mühüm hadisəyə çevrildi. 

Ulu Öndər Heydər Əliyevin oktyabrın 24-də verdiyi cavabda yeni siyasi partiyanın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi ölkənin gələcək siyasi inkişafı baxımından tarixi qərar idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi. Bununla Azərbaycan siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Partiyanın yaranması xalqın sabitlik, güclü dövlət, milli həmrəylik və qətiyyətli rəhbərlik istəyinin siyasi ifadəsinə çevrildi. YAP-ın təsis edilməsi təsadüfi hadisə deyildi. Bu, Azərbaycanın taleyinə biganə qalmayan insanların milli məsuliyyətindən, dövlətçilik düşüncəsindən və ölkəni böhrandan çıxarmaq istəyindən doğan tarixi addım idi. Partiyanın siyasi proqramında dövlət müstəqilliyinin qorunması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, demokratik və hüquqi dövlət quruculuğu, sosial ədalət, iqtisadi inkişaf və milli həmrəylik kimi fundamental məqsədlər müəyyənləşdirildi. 

Yeni Azərbaycan Partiyasının siyasi simasını, ideoloji istiqamətini və fəaliyyət fəlsəfəsini müəyyənləşdirən əsas şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, xalqla möhkəm bağlılığı və mürəkkəb şəraitdə düzgün qərarlar qəbul etmək bacarığı partiyanın təşkilati və ideoloji əsaslarının formalaşmasında həlledici rol oynamışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Ölkədə vətəndaş qarşıdurması və parçalanma təhlükəsinin qarşısı alındı, dövlət idarəçiliyində sabitlik təmin edildi, milli maraqlara əsaslanan siyasət formalaşdırıldı. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu möhkəmləndirmək üçün zəruri siyasi, iqtisadi və hüquqi addımlar atıldı.

Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlət institutları gücləndirildi, iqtisadiyyatın bərpası üçün mühüm qərarlar qəbul olundu, ölkənin beynəlxalq mövqeləri möhkəmləndirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının əsasını qoyaraq ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasına geniş imkanlar açdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə hüquqi dövlət quruculuğunun mühüm mərhələsi oldu. Heydər Əliyevin siyasi irsinin ən mühüm xüsusiyyətlərindən biri dövlət maraqlarının bütün digər maraqlardan üstün tutulması idi. O, siyasi sabitliyi inkişafın əsas şərti, milli birliyi dövlətin güc mənbəyi, xalqla hakimiyyət arasında etimadı isə uğurlu idarəçiliyin təməli hesab edirdi. Bu prinsiplər Yeni Azərbaycan Partiyasının ideoloji xəttinin də əsasını təşkil etdi. Ulu Öndərin yaratdığı siyasi məktəb yalnız keçmişin təcrübəsi deyil. Bu məktəb dövlətə xidmətin, məsuliyyətli idarəçiliyin, milli maraqların qorunmasının və gələcək nəsillər qarşısında cavabdehliyin canlı nümunəsidir.

Yeni Azərbaycan Partiyasının tarixində mühüm mərhələlərdən biri də Prezident İlham Əliyevin partiyaya rəhbərlik etməsi ilə bağlıdır. 

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi, eyni zamanda, dəyişən dünyanın çağırışlarına uyğun yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ölkənin qarşısında duran əsas vəzifələrdən idi. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoydu. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun yenilənməsi, regionların sosial-iqtisadi inkişafı, təhsil və səhiyyə sahələrində islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi ardıcıl dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Bu dövrdə Azərbaycanın iqtisadi və siyasi imkanları artdı, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi, enerji və nəqliyyat layihələri regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan müstəqil xarici siyasət həyata keçirən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan dövlətə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyəti strateji məqsədlərlə praktiki nəticələrin uzlaşdırılmasıdır. Dövlətin güclənməsi, iqtisadi potensialın artırılması, ordunun müasirləşdirilməsi və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi vahid inkişaf strategiyasının tərkib hissələri kimi həyata keçirildi. Yeni Azərbaycan Partiyası da bu prosesdə ölkənin aparıcı siyasi qüvvəsi kimi öz fəaliyyətini dövlətin inkişaf prioritetləri ilə uzlaşdırdı. Partiyanın siyasi məsuliyyəti yalnız seçkilərdə iştirak və təşkilati fəaliyyətlə məhdudlaşmır. Onun əsas vəzifələrindən biri dövlət siyasətinin mahiyyətini cəmiyyətə çatdırmaq, ictimai dialoqu gücləndirmək, milli həmrəyliyi qorumaq və ölkənin qarşısında duran vəzifələrin həyata keçirilməsinə töhfə verməkdir. Azərbaycanın son illərdə əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Bu nəticə uzun illər ərzində aparılan ardıcıl dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordunun qurulmasının, xalq-dövlət birliyinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin məntiqi nəticəsi oldu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın onilliklər boyu gözlədiyi tarixi ədalət bərpa edildi. Şuşanın azad olunması, torpaqlarımızın böyük hissəsinin işğaldan qurtarılması və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın müasir tarixində yeni səhifə açdı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində tam bərpa edildi. Bununla Azərbaycan dövlətçiliyi qarşısında dayanan ən mühüm tarixi vəzifələrdən biri yerinə yetirildi.

Bu Zəfər yalnız hərbi uğur deyildi. O, milli iradənin, dövlətçilik qətiyyətinin, siyasi uzaqgörənliyin və xalqın birliyinin təntənəsi idi. Azərbaycan sübut etdi ki, müstəqil dövlət öz milli maraqlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini müdafiə etmək gücünə malikdir.

Yeni Azərbaycan Partiyasının tarixi missiyasına nəzər saldıqda görürük ki, partiyanın yaradıldığı gündən qarşıya qoyulan əsas məqsədlərdən biri olan ərazi bütövlüyümüzün bərpası məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdı. Bu gün qarşıda duran vəzifə Zəfərin siyasi, iqtisadi, sosial və mənəvi nəticələrini möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasına və Böyük Qayıdışa töhfə verməkdir.


Bayram Xudayarov,
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Yeni Azərbaycan Partiyasının fəal üzvü