ÜÇRƏNGLİ BAYRAĞIMIZ -  MİLLİ KİMLİYİMİZİN VƏ MÜSTƏQİLLİYİMİZİN RƏMZİ

ÜÇRƏNGLİ BAYRAĞIMIZ -  MİLLİ KİMLİYİMİZİN VƏ MÜSTƏQİLLİYİMİZİN RƏMZİ

9 Noyabr Azərbaycan xalqının tarixində milli qürur, dövlətçilik ənənələri, azadlıq və müstəqillik rəmzi olan əlamətdar gündür. Bu gün xalqımızın üçrəngli bayrağına, milli kimliyinə və dövlət müstəqilliyinə olan sevgisini ifadə etdiyi xüsusi bir tarixdir. Azərbaycan bayrağı sadəcə dövlət rəmzi  deyil, xalqımızın keçdiyi tarixi yolun, mübarizəsinin, birliyinin, qəhrəmanlığının və gələcəyə inamının təcəssümüdür.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Bu bayraq müstəqil Azərbaycan dövlətinin ideallarını özündə birləşdirərək xalqımızın azadlıq rəmzinə çevrilmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət atributu kimi istifadədən çıxarılsa da, xalqımızın müstəqillik arzusu heç vaxt sönməmişdir.

Bayrağımızdakı hər bir rəng dərin məna daşıyır. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, inkişafı və demokratiyanı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz milli-mənəvi dəyərlərimizin və dövlətçilik tariximizin rəmzləridir.

     Üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qayıtmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri olmuşdur.

   1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, onun Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. Nəticədə, 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu qazanmışdır.

Bu addım təkcə milli rəmzin bərpası deyildi. Bu, milli özünüdərkin, müstəqillik düşüncəsinin və dövlətçilik iradəsinin nümayişi idi. Heydər Əliyev mürəkkəb siyasi şəraitdə milli rəmzlərimizə sahib çıxmaqla Azərbaycanın müstəqillik yolunda mühüm tarixi addım atmışdır.

    Prezident İlham Əliyev çıxışlarında Dövlət Bayrağının Azərbaycan xalqı üçün daşıdığı mənəvi və tarixi əhəmiyyəti dəfələrlə vurğulamışdır.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyev demişdir:

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Bu fikirlər bayrağımızın xalqımız üçün sadəcə dövlət atributu deyil, milli kimliyimizin və Vətənə bağlılığımızın ayrılmaz hissəsi olduğunu ifadə edir.

    Prezident İlham Əliyev dövlət bayrağının ucaldılmasını Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün təcəssümü kimi dəyərləndirmişdir. Xüsusilə Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanması bu rəmzin xalqımız üçün mənəvi əhəmiyyətini daha da artırmışdır.

   Dövlət Bayrağı Günündən danışarkən üçrəngli bayrağımıza olan sevgisini öz qəhrəmanlığı ilə tarixə yazmış Milli Qəhrəman Natiq Qasımovun adını xüsusi ehtiramla xatırlamalıyıq.

   Natiq Qasımov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliklə xalqımızın yaddaşında silinməz iz qoymuşdur. Xocalı faciəsindən sonra Qarabağda gedən ağır döyüşlər zamanı Xramort kəndində yerləşən Alban kilsəsində beş gün ərzində düşmənə qarşı təkbaşına müqavimət göstərmişdir.

   Natiq Qasımovun əlində bayraqla çəkilmiş tarixi foto xalqımızın yaddaşına həkk olunmuşdur. Bu foto bir əsgərin əlindəki bayraqdan daha böyük məna daşıyırdı. O bayraq Azərbaycanın müstəqilliyini, milli kimliyini, torpaqlarımız uğrunda mübarizəsini və xalqımızın əyilməz iradəsini təmsil edirdi.

   Natiq Qasımovun timsalında digər igid oğullarımızın taleyi bir daha göstərir ki, bayrağa sevgi yalnız sözlə ifadə olunmur. Bəzən bu sevgi insanın ən ağır sınaqlar qarşısında belə qoruduğu müqəddəs dəyərə çevrilir.

Ordumuzun qəhrəmanlığı Prezident İlham Əliyevin səsləndirdiyi “Bayrağımız qürur mənbəyimizdir” fikrinin canlı tarixi təcəssümüdür.

    Azərbaycanın üçrəngli bayrağı bu gün ölkəmizin müstəqilliyinin, suverenliyinin və dövlətçilik iradəsinin rəmzi kimi yüksəklərdə dalğalanır.

   Xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan Zəfərdən sonra bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda ucaldılması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və fəxarət hissi yaratmışdır.

    Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi ilə bağlı olan müqəddəs bir dəyərdir.

   Bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması həm də gələcək nəsillərə ötürülən müstəqillik əmanətidir.

    9 Noyabr bizə bir daha xatırladır ki, dövlətçilik, müstəqillik və milli birlik xalqımızın ən böyük sərvətidir.

    Heydər Əliyev üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qayıtmasına tarixi töhfə verdi. Prezident İlham Əliyev bayrağımızın dövlətçilik rəmzi kimi ucalığını və suverenliyimizin ifadəsi olduğunu dəfələrlə vurğulamışdır. Milli Ordumuz isə bu bayrağın uğrunda insanın nələrdən keçə biləcəyini öz qəhrəmanlıqları  ilə göstərdi.

    Bu üç tarixi məqam bir həqiqətdə birləşir: Azərbaycan bayrağı xalqımızın müstəqilliyinin, milli qürurunun, birliyinin və sarsılmaz iradəsinin rəmzidir.

   Biz bayrağımızı sevməli, qorumalı və onun ucalığını gələcək nəsillərə ötürməliyik. Çünki bayraq yalnız bir dövlətin rəmzi deyil, həm də hər bir azərbaycanlının qəlbində daşıdığı Vətən sevgisidir.

   44 günlük Vətən Müharibəsi zamanı azad edilmiş torpaqlara sancılan üçrəngli bayrağın daşıdığı məna bütöv bir xalqın qüruru idi.

Bayrağımız qürurumuz, müstəqilliyimiz, birliyimiz və şərəfimizdir!

   İstiqlal şairi Bəxtiyar Vahabzadənin şerində deyildiyi kimi;

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

 

Sevinc Mustafayeva

YAP Culfa rayon təşkilatının fəalı