Ulu Öndər Heydər Əliyev irsində milli qürurumuzun rəmzi – Azərbaycan Bayrağı

Ulu Öndər Heydər Əliyev irsində milli qürurumuzun rəmzi – Azərbaycan Bayrağı

 

Hər bir müstəqil xalqın, azad dövlətin varlığını, tarixi keçmişini və gələcək hədəflərini təcəssüm etdirən rəsmi rəmzləri vardır. Bu rəmzlər içərisində bayraq xüsusi məqama malikdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı sadəcə rənglərin və simvolların toplusu deyil - o, milli kimliyimizin, dövlətçilik ənənələrimizin, suverenliyimizin və əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış xalqımızın mənəvi irsidir.

Ümummilli Lider Heydər Əliyev bayrağımızın mahiyyətini və xalqımızın həyatındakı misilsiz yerini qiymətləndirərək demişdir: O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən qəbul edilmişdir. Əli bəy Hüseynzadənin düsturu əsasında formalaşan bu bayraqdakı rənglər və simvollar dərin ideoloji məna daşıyır. Mavi rəng - Azərbaycan xalqının kökünü, Türk mənşəyini və zəngin tarixi irsini təmsil edir. Qırmızı rəng - Müasirləşməni, demokratiyanı, insan hüquqlarını və inkişafı simvolizə edir. Yaşıl rəng - Xalqımızın mənəvi dünyasının ayrılmaz hissəsi olan İslam sivilizasiyasına mənsubluğu bildirir. 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız sovet rejiminin qadağaları ilə üzləşdi. Lakin 70 il boyunca bu bayraq xalqın yaddaşından, qəlbindən və müstəqillik arzusundan silinmədi. Xaricdəki mühacirlərimiz və ölkə daxilindəki ziyalılarımız onu azadlıq ideyasının məşəli kimi qoruyub saxladılar.

Azərbaycanın müasir dövlətçilik tarixində bayrağımızın yenidən dövlət müstəvisinə qayıtması birbaşa  Ümummilli Lider Heydər Əliyevin adı və cəsarətli siyasi iradəsi ilə bağlıdır. Kommunist Partiyasının hakimiyyətdə qaldığı bir şəraitdə bu addımı atmaq böyük siyasi cəsarət və cəsarətli dövlətçilik təfəkkürü tələb edirdi. Ulu Öndərin bu tarixi addımı müstəqillik hərəkatına böyük təkan verdi və 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti üçrəngli bayrağı rəsmi olaraq Dövlət Bayrağı kimi təsdiq etdi.

Dövlət rəmzlərinə, xüsusilə bayrağa münasibət hər bir vətəndaşın öz dövlətinə, xalqına və keçmişinə olan sədaqətinin əsas göstəricisidir. Bayraq müxtəlif baxışlara, sosial təbəqələrə mənsub insanları vahid ideya – "Azərbaycançılıq" məfkurəsi etrafında birləşdirən universal dəyərdir. Ulu Öndər Heydər Əliyevin də xüsusi vurğuladığı kimi, gənclərin milli ruhda, dövlət atributlarına ehtiramla böyüdülməsi ölkənin gələcək təhlükəsizliyinin və sabitliyinin zəmanətidir. Bayrağa hörmət etmək – Vətəni sevmək, onun müstəqilliyini qorumaq deməkdir.

Ulu Öndər Heydər Əliyevin gələcəyə inamla söylədiyi böyük kəlam bu gün tam reallığa çevrilmişdir - “İndi dünyada müstəqil Azərbaycan dövləti var... Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”

Bu gün Şanlı Bayrağımız tək beynəlxalq təşkilatların və diplomatik nümayəndəliklərin qarşısında deyil, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə – bütün Qarabağ və Şərqi Zəngəzurdada qürurla dalğalanır. Bu, bayrağımızın həm də Zəfər və Qələbə rəmzi olduğunun sübutudur. Azərbaycan bayrağı keçmişimizlə gələcəyimiz arasında mənəvi körpüdür. O, müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin sarsılmaz rəmzidir. Biz hər birimiz Ulu Öndərin vəsiyyətinə əməl edərək bayrağımızı uca tutmalı, onun mahiyyətini dərk etməli və gələcək nəsillərə bu müqəddəs sevgini ötürməliyik.

 

Esmira Həsənova

YAP Naxçıvan şəhər təşkilatı “Atatürk 26” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı