Ulu Öndərin siyasi xətti zamanın sınağında

Ulu Öndərin siyasi xətti zamanın sınağında

21 noyabr 1992-ci il Azərbaycan siyasi tarixində mühüm dönüş nöqtələrindən biridir. Məhz həmin gün Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkənin mürəkkəb siyasi şəraitində yeni siyasi qüvvənin meydana çıxması olmaqla yanaşı, Azərbaycanın gələcək dövlətçilik strategiyasının formalaşması baxımından da tarixi əhəmiyyət daşıyırdı. Həmin dövrdə Azərbaycanın üzləşdiyi siyasi böhran, idarəetmə böhranı, müharibə şəraiti və dövlət müstəqilliyinin təhlükə altında olması cəmiyyətin qarşısında ciddi seçim qoymuşdu. Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə milli dövlətçiliyin qorunmasını, siyasi sabitliyin təmin edilməsini və müstəqil Azərbaycanın inkişafını özünün əsas siyasi məqsədi kimi müəyyənləşdirdi.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” tezisi bu baxımdan xüsusi məna daşıyır. Bu fikir yalnız Heydər Əliyevin siyasi irsinə sədaqətin ifadəsi deyil, həm də son 33 ildə Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və gələcək inkişaf istiqamətlərinin mahiyyətini əks etdirir. Əslində, burada müzakirə olunan məsələ konkret bir siyasi şəxsin ideyalarına bağlılıqdan daha genişdir. Söhbət müstəqil dövlətin qorunması, milli maraqların təmin edilməsi və Azərbaycanın gələcək inkişafını hədəfləyən strateji dövlətçilik xəttindən gedir.

Hər bir dövlətin uzunmüddətli uğuru onun düzgün müəyyən edilmiş strateji istiqamətə malik olmasından asılıdır. Gündəlik siyasi qərarlar, iqtisadi prioritetlər və idarəetmə mexanizmləri zamanın tələblərinə uyğun dəyişə bilər. Lakin dövlətin fundamental maraqları, müstəqilliyinin qorunması, suverenliyinin təmin edilməsi və milli inkişaf məqsədləri dəyişməz qalmalıdır. Strateji xətt məhz bu ardıcıllığı təmin edir. O, dövlətin yalnız bugünkü problemlərinə deyil, onilliklər sonra qarşılaşacağı çağırışlara da hazır olmasını şərtləndirir. Strategiyanın əhəmiyyəti də ondadır ki, o, siyasi hakimiyyətin fəaliyyətini ayrı-ayrı hadisələrin təsirindən çıxararaq vahid milli məqsədə istiqamətləndirir.

Bəs Heydər Əliyev həqiqətən də dahi şəxsiyyət idimi ki, 33 il əvvəl müəyyən etdiyi siyasi xətt və dövlətçilik strategiyası bu gün də öz aktuallığını qoruyur? Bu suala cavab vermək üçün onun Azərbaycana rəhbərliyə qayıtdığı dövrün reallıqlarına nəzər salmaq kifayətdir. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə idi. Siyasi hakimiyyətsizlik, iqtisadi tənəzzül, daxili qarşıdurmalar, Ermənistanın hərbi təcavüzü və separatizm təhlükəsi ölkənin gələcəyini sual altında qoymuşdu. Belə bir şəraitdə Heydər Əliyev ilk növbədə dövlətin mövcudluğunu qorumağı, ölkədə siyasi sabitliyi təmin etməyi və müstəqilliyin dönməz xarakter almasına nail olmağı əsas vəzifə kimi müəyyənləşdirdi.

Onun siyasi dühasının mühüm göstəricilərindən biri məhz hadisələrin yalnız cari nəticələrini deyil, gələcəkdə yarada biləcəyi geosiyasi və iqtisadi reallıqları əvvəlcədən qiymətləndirmək bacarığı idi. Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyası, xarici investisiyaların cəlb edilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, güclü ordu quruculuğunun əsaslarının yaradılması və balanslaşdırılmış xarici siyasət kursu təsadüfi qərarların məcmusu deyildi. Bunlar müstəqil Azərbaycanın uzunmüddətli təhlükəsizlik və inkişaf strategiyasının tərkib hissələri idi. Bu gün həmin qərarların nəticələrini qiymətləndirdikdə aydın görünür ki, Heydər Əliyev yalnız öz dövrünün problemlərini həll etmirdi, gələcək Azərbaycan dövlətinin siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasını qururdu.

Biz Şərq cəmiyyətinin və dövlətçilik ənənələrinin nümayəndələriyik. Bizim siyasi düşüncəmizdə şəxsiyyətin, liderliyin və mənəvi nüfuzun xüsusi yeri var. Tarix göstərir ki, bəzi şəxsiyyətlər yalnız mövcud sistemləri idarə etməklə kifayətlənmir, özləri yeni siyasi sistemlər yaradır, cəmiyyətin qarşısına missiya qoyur və dövlətin gələcək inkişaf fəlsəfəsini müəyyənləşdirirlər. Belə liderlər zamanın siyasi mənzərəsinə uyğunlaşmaqla kifayətlənmir, eyni zamanda həmin mənzərənin formalaşmasına təsir göstərirlər. Heydər Əliyev də Azərbaycan tarixində məhz belə şəxsiyyətlərdən biridir. Onun böyüklüyü yalnız siyasi təcrübəsində və idarəçilik bacarığında deyil, dövlətçilik düşüncəsində, strateji uzaqgörənliyində və milli maraqları şəxsi və siyasi maraqlardan üstün tutmaq iradəsində idi.

Əslində, Heydər Əliyevin siyasi irsinin düzgünlüyünü sübut etmək üçün çoxsaylı nəzəri arqumentlərə ehtiyac yoxdur. Onun ən böyük tarixi xidməti Azərbaycan dövlətini parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etməsi, müstəqil dövlətçiliyin möhkəm əsaslarını yaratmasıdır. Dövlətin qorunması və onun gələcək inkişafı üçün zəruri siyasi-iqtisadi təməllərin formalaşdırılması istənilən siyasi liderin tarix qarşısında ən böyük məsuliyyətidir. Heydər Əliyev bu missiyanı yerinə yetirdi. Sonrakı hadisələr və Azərbaycanın əldə etdiyi nailiyyətlər onun müəyyən etdiyi siyasi xəttin nə qədər əsaslı olduğunu təsdiqlədi. Deməli, Ulu Öndərin siyasi strategiyasının aktuallığı yalnız tarixi xidmətlərinə ehtiramla deyil, bu strategiyanın real nəticələri ilə ölçülməlidir.

Bu siyasi xəttin davam etdirilməsi və yeni tarixi mərhələyə uyğun inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində öz əksini tapıb. Cənab İlham Əliyev Heydər Əliyevin layiqli oğlu və siyasi varisi olmaqla yanaşı, müasir Azərbaycanın inkişaf modelini formalaşdıran müstəqil siyasi liderdir. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi, hərbi və diplomatik potensialını əhəmiyyətli dərəcədə gücləndirdi, beynəlxalq mövqelərini möhkəmləndirdi və uzun illər ölkənin qarşısında duran ən mühüm milli vəzifəni – ərazi bütövlüyünün və suverenliyin bərpasını təmin etdi. Ali Baş Komandan kimi qazanılmış tarixi Zəfər İlham Əliyevin liderliyinin və siyasi iradəsinin ən mühüm nəticələrindən biridir. Bu mənada siyasi varislik sadəcə əvvəlki rəhbərin müəyyən etdiyi istiqaməti davam etdirmək deyil, həmin strategiyanı yeni dövrün imkanları və çağırışları əsasında daha yüksək mərhələyə yüksəltməkdir.

Bu gün Azərbaycanın qarşısında duran vəzifələr də artıq yeni mərhələnin reallıqları ilə müəyyən olunur. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət üçün əsas hədəflərdən biri iqtisadi gücün artırılması, insan kapitalının inkişafı, müasir texnologiyaların tətbiqi, güclü institutların formalaşdırılması və regional geosiyasi proseslərdə Azərbaycanın mövqeyinin daha da möhkəmləndirilməsidir. Deməli, Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin dəyişməz qalması idarəetmə üsullarının və fəaliyyət mexanizmlərinin dəyişməzliyi demək deyil. Əksinə, strateji məqsədlərə sadiq qalaraq yeni dövrün tələblərinə uyğunlaşmaq dövlətçilik ardıcıllığının əsas göstəricisidir.

Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da xüsusi əhəmiyyət daşıyır. Qurultay yalnız partiyanın təşkilati fəaliyyətinin müzakirəsi və yenilənməsi baxımından deyil, həm də postmünaqişə dövründə Azərbaycanın yeni ideoloji və siyasi ehtiyaclarının müəyyənləşdirilməsi baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıqlar YAP-ın qarşısında yeni məsuliyyət və fəaliyyət istiqamətləri müəyyənləşdirir. Partiyanın fəaliyyəti formal tədbirlərin keçirilməsi, ənənəvi çıxışlar və şablon ideoloji yanaşmalarla məhdudlaşmamalıdır. Müasir dövrün informasiya mühiti, gənc nəslin dünyagörüşü və cəmiyyətin dəyişən gözləntiləri daha çevik, məzmunlu və nəticəyönümlü siyasi fəaliyyət tələb edir.

YAP öz tarixi missiyasını qorumaqla yanaşı, yeni nəslin düşüncəsinə, maraqlarına və çağırışlarına uyğun fəaliyyət mexanizmləri formalaşdırmalıdır. Xüsusilə gənclərin dövlətçilik düşüncəsinin inkişafı, milli maraqların mahiyyətinin izah edilməsi, maarifləndirmə işinin gücləndirilməsi, təhsil və intellektual potensialın ön plana çəkilməsi partiyanın gələcək fəaliyyətində əsas istiqamətlərdən olmalıdır. Çünki güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, eyni zamanda dövlətinə, tarixinə və gələcəyinə məsuliyyətlə yanaşan vətəndaşlarla formalaşır. Partiyanın yenilənməsi də məhz bu ehtiyaclara cavab verməli, tarixi irsi müasir dövrün tələbləri ilə birləşdirməlidir.

21 noyabrın tarixi əhəmiyyəti də məhz bu ardıcıllıqda özünü göstərir. 1992-ci ildə mürəkkəb şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası bu gün müstəqil, qalib və suveren Azərbaycanın siyasi həyatında mühüm yer tutur. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası zamanın sınağından keçib, İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi nəticələrlə zənginləşib. İndi əsas vəzifə bu siyasi irsi yalnız qorumaq deyil, onu gələcəyin çağırışlarına uyğun inkişaf etdirməkdir. Çünki böyük şəxsiyyətlərin yaratdığı siyasi məktəbin əsl gücü onların ideyalarının sonrakı nəsillər tərəfindən davam etdirilməsi və yeni nailiyyətlərlə zənginləşdirilməsidir.

 

Emin Əliyev
YAP Zəngilan rayon təşkilatının fəalı