21 noyabr 1992-ci il Azərbaycan tarixində mühüm siyasi hadisə, milli dövlətçilik salnaməmizdə yeni mərhələnin başlanğıcı kimi yadda qalıb. Həmin gün Yeni Azərbaycan Partiyasının yaradılması ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdən, xalqın sabitliyə, güclü dövlətə və qətiyyətli siyasi liderə olan ehtiyacından irəli gələn tarixi zərurət idi. Artıq 34 ildir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti, siyasi iradəsi və dövlətçilik prinsiplərinə sədaqəti ilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır.
1990-cı illərin əvvəllərində ölkəmiz ciddi siyasi böhran, idarəçilikdə səriştəsizlik, iqtisadi çətinliklər və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Belə bir dövrdə xalqın ziyalıları, tanınmış nümayəndələri və vətənpərvər insanları Azərbaycanın gələcəyinə məsuliyyətlə yanaşan siyasi qüvvənin yaradılmasını zəruri hesab edirdilər. Onlar öz müraciətlərində Ulu Öndər Heydər Əliyevə üz tutaraq yeni partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdilər. Naxçıvandan başlayan bu təşəbbüs qısa müddətdə ümumxalq dəstəyinə çevrildi.
21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi. Bu hadisə yalnız yeni siyasi təşkilatın meydana çıxması deyildi. Bu, Azərbaycanın gələcəyinə inamın, milli həmrəyliyin və dövlətçilik iradəsinin təcəssümü idi.
Ulu Öndərin müdrik siyasəti, zəngin idarəçilik təcrübəsi və xalqın ona olan böyük inamı YAP-ın qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsini təmin etdi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ölkədə sabitliyin və inkişafın əsasını qoydu. Beləliklə, partiyanın yaranması ilə başlanan siyasi proseslər dövlət quruculuğunun yeni mərhələsinə yol açdı.
YAP-ın xalqın partiyası adlandırılması təsadüfi deyil. Çünki onun yaranması xalqın istəyinə, milli maraqlara və Azərbaycanın gələcəyinə xidmət etmək prinsipinə əsaslanıb. Bu gün partiyanın yüz minlərlə üzvü müxtəlif sahələrdə çalışaraq dövlət siyasətinin həyata keçirilməsinə, ictimai həyatın inkişafına və milli maraqların qorunmasına öz töhfələrini verirlər. Partiyanın sıralarına yeni üzvlərin qoşulması onun cəmiyyətdəki nüfuzunun və ictimai etimadın göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirir. Dövlət başçısının YAP-ın VIII Qurultayındakı çıxışında vurğuladığı kimi: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.” Bu fikir partiyanın ideoloji istiqamətini, dövlətçilik mövqeyini və gələcək fəaliyyətinin əsas prinsipini ifadə edir.
Azərbaycanın son illərdə qazandığı möhtəşəm nailiyyətlərdə partiyanın fəallarının və üzvlərinin də mühüm rolu vardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.” Bu töhfə siyasi təşkilatçılıqla yanaşı, ictimai fəallıqda, milli həmrəyliyin möhkəmləndirilməsində və dövlətçilik ideyalarının təbliğində özünü göstərir.
Bu gün Yeni Azərbaycan Partiyası yalnız keçmişin zəngin siyasi irsini yaşatmır, həm də gələcəyin çağırışlarına uyğun inkişaf strategiyasını həyata keçirir. Partiyanın VIII Qurultayı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İlk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən bu ali məclis yeni tarixi reallıqlar şəraitində partiyanın qarşısında duran vəzifələri müəyyənləşdirdi.
34 illik fəaliyyət yolu göstərir ki, Yeni Azərbaycan Partiyasının gücü onun xalqla birliyində, ideoloji bütövlüyündə və dövlətçilik prinsiplərinə sədaqətindədir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yol Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlarla zənginləşir. Bu gün YAP dünənin tarixi təcrübəsini, bu günün siyasi məsuliyyətini və gələcəyin inkişaf hədəflərini özündə birləşdirən ümumxalq partiyasıdır.
Sevinc Xəlilova
YAP Samux rayon təşkilatının sədr müavini