Azərbaycana qarşı növbəti təzyiq kampaniyası cəhdi
Avropa İttifaqının Cənubi Qafqaz siyasəti ilə daban-dabana zidd olan Avropa Parlamentinin mövqeyi, xüsusilə bu qurumun son illərdə Azərbaycanla bağlı kəskin qərəzə söykənən siyasəti Brüsselin regiondakı siyasi prosesləri nə dərəcədə obyektiv qiymətləndirdiyi barədə ciddi suallar yaradır. Məntiq etibarı ilə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və sülh gündəliyinin irəli aparılması Avropa institutlarından daha məsuliyyətli və balanslı mövqe tələb edir - amma AP-nin ayrı-ayrı komitələrində hazırlanmış “sənədlərin” məzmunu göstərir ki, qurumun müəyyən siyasi dairələri hələ də regiona əvvəlki münaqişə prizmasından yanaşmağa üstünlük verirlər, hətta bəzi məqamlarda bu münaqişələrin yenidən alovlanmasını arzulayırlar. Burada diqqət çəkən əsas məqam təkcə Azərbaycana yönələn tənqidlərin məzmunu deyil, eyni zamanda, eyni meyarların regionun digər dövlətlərinə münasibətdə tətbiq edilməməsidir. Ölkəmizə qarşı aparılan kampaniyaların qondarma məzmununu təşkil edən “insan hüquqları”, “demokratiya”, “hüququn aliliyi” və “beynəlxalq öhdəliklər” kimi universal prinsiplərin siyasi məqsədlərə uyğun olaraq fərqli şəkildə şərh edilməməsi Avropa Parlamentinin özünün elan etdiyi dəyərlərlə ziddiyyət təşkil edir. Halbuki Azərbaycanda insan hüquqlarının qorunması ən yüksək şəkildə təmin olunur, demokratik inkişaf prinsiplərinə sadiqlik ön planda tutulur, media azadlığı qorunur, eyni zamanda Azərbaycan atdığı bütün addımlarda beynəlxalq hüquqa hörmət nümayiş etdirir. Paralel olaraq Cənubi Qafqazda sabitliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması Avropa üçün də mühüm strateji əhəmiyyət daşıyır. Belə bir şəraitdə Brüsselin bəzi siyasi dairələrinin qarşıdurmanı təşviq edən ritorikaya üstünlük verməsi nə regionun, nə də Avropanın uzunmüddətli maraqlarına cavab vermir. Əslində, bu yanaşma Avropa institutlarının siyasi nüfuzuna və vasitəçilik imkanlarına da zərbə vurur.
AP-nin siyasi gündəliyi: obyektivlik prinsipi maraqlara qurban verilir
Qeyd edək ki, AP-nin Xarici Əlaqələr Komitəsində (AFET) Azərbaycan-Avropa İttifaqı (Aİ) və Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair tövsiyə layihələri təqdim olunub. Dan Barnanın Azərbaycan, Miriam Lexmannın isə Ermənistan üzrə hazırladığı layihələr regionun postmünaqişə reallıqlarından tamamilə uzaq, birtərəfli siyasi konyunkturaya xidmət edən sənədlərdir. Konkret olaraq Azərbaycanla bağlı hazırlanan tövsiyə sənədlərində diqqət çəkən əsas xüsusiyyət faktların bütöv mənzərədə deyil, əvvəlcədən müəyyənləşdirilmiş siyasi mövqeyə uyğun seçilməsidir. Dan Barnanın hazırladığı Azərbaycan üzrə sənədin mənbələri və məsləhətləşmə tərəfləri ətrafında yaranan suallar da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənədin hazırlanması zamanı Ermənistanın Avropa İttifaqı yanında nümayəndəliyi və Azərbaycana qarşı fəaliyyət göstərən xaricdə fəaliyyət göstərən anti-Azərbaycan mühacir qruplaşması (ASİMKOM) ilə təmasların göstərilməsi araşdırmanın obyektivliyi məsələsini gündəmə gətirir. Çünki Azərbaycanla münasibətlərdə konkret siyasi və maraq mövqeyi olan tərəflərin rəylərinin sənədin məzmununa təsiri müstəqil qiymətləndirmə üçün ciddi metodoloji problem yaradır.
Dünyanın hər yerində analoji standarta riayət olunur - hesabatın etibarlılığı yalnız onun müəllifinin və ya təqdim olunduğu qurumun statusu ilə müəyyənləşmir. Əsas meyar istifadə edilən məlumatların mənbəyi, onların yoxlanılması və fərqli mövqelərin nəzərə alınmasıdır. Əgər bir sənəddə Azərbaycanın mövqeyinə yer verilmədən, ölkəmizə qarşı kampaniya aparan qrupların iddiaları siyasi tövsiyələrə çevrilirsə, burada obyektiv təhlildən daha çox birtərəfli yanaşma müşahidə olunur. Bu isə Avropa Parlamentinin özünü müstəqil siyasi qiymətləndirmə mərkəzi kimi təqdim etmək iddiasını zəiflədir. Azərbaycanla bağlı qənaətlərin real vəziyyətə uyğun formalaşdırılması üçün ölkənin mövqeyi, təhlükəsizlik maraqları və regionda baş vermiş fundamental dəyişikliklər də nəzərə alınmalıdır. Əks halda, hazırlanan sənədlər münasibətləri yaxşılaşdırmaq əvəzinə, mövcud siyasi etimadsızlığı daha da dərinləşdirəcək.
Avropa Parlamentinin mənəvi legitimlik problemi - rüşvət yuvasında korrupsiya qalmaqalları
Avropa Parlamentinin Azərbaycana demokratiya, şəffaflıq və siyasi məsuliyyət barədə iradlar ünvanlaması qurumun öz fəaliyyətindəki problemləri də diqqət mərkəzinə gətirir. Xüsusilə 2022-ci ilin dekabrında üzə çıxan Qətər korrupsiya qalmaqalı Avropa Parlamentinin institusional nüfuzuna ciddi zərbə vurdu. Belçika hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində parlamentin keçmiş vitse-prezidenti Eva Kailinin də adı bu işdə hallandı. Hadisə Avropa siyasi elitasında korrupsiya ilə mübarizə, lobbiçilik fəaliyyətinin şəffaflığı və deputatların məsuliyyəti məsələlərini geniş müzakirəyə çıxardı. Bu qalmaqalın yaratdığı sualların hələ də Avropa institutlarının etimad gündəliyində qalması təsadüfi deyil.
Prezident İlham Əliyevin Avropa Parlamentinin fəaliyyəti ilə bağlı sərt mövqeyi də məhz bu ziddiyyətlər fonunda qiymətləndirilməlidir. Dövlət başçısının qurumun korrupsiya və islamofobiya problemlərini açıq şəkildə gündəmə gətirməsi Azərbaycanın beynəlxalq münasibətlərdə ikili standartlarla barışmaq niyyətində olmadığını göstərir. Burada prinsipial məsələ hər hansı təşkilatın tənqid edilməsinə qarşı çıxmaq deyil. Əksinə, tənqid hüququ qarşılıqlı məsuliyyət və eyni ölçülərin hamıya tətbiqi ilə legitimlik qazanır. Öz daxilində ciddi korrupsiya qalmaqalları yaşamış bir siyasi institutun başqa dövlətlərə qarşı qərəzli münasibəti bütün həqiqətləri üzə çıxarır - Avropa Parlamentinin nüfuzunu bərpa etməsi üçün ilk növbədə öz daxilində şəffaflıq və hesabatlılıq standartlarını gücləndirməsi, siyasi qərarların lobbi qruplarının təsirindən qorunmasını təmin etməsi vacibdir.
Ermənistan yeni Konstitusiya layihəsi təqdim edir, AP isə hələ də köhnə havasını çalır
Avropa Parlamentinin Azərbaycan və Ermənistanla bağlı paralel sənədləri müqayisə edildikdə yanaşma fərqləri daha aydın görünür. Miriam Lexmannın Ermənistan üzrə hazırladığı hesabatda ölkədəki daxili siyasi proseslər, müxalifət nümayəndələrinə və din xadimlərinə münasibət kimi məsələlərin lazımi səviyyədə əksini tapmaması selektiv yanaşma barədə suallar yaradır. İnsan hüquqlarının müdafiəsini əsas prioritetlərindən biri kimi təqdim edən qurumun Ermənistan daxilindəki problemlərə münasibətdə daha ehtiyatlı davranması ümumi prinsiplərin ardıcıllığına şübhə doğurur. Digər tərəfdən, Azərbaycanla bağlı sənədlərdə hüquqi qiymətləndirmə tələb edən konkret məsələlərin siyasi mülahizələrlə əvəzlənməsi də ikili standartların göstəricisi kimi çıxış edir.
Daha ciddi problem isə Ermənistan-Azərbaycan sülh prosesinə münasibətdə özünü büruzə verir. Hazırda münasibətlərin normallaşması üçün əsas məsələlərdən biri Ermənistanın hüquqi-siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Ermənistan Konstitusiyasının preambulasında yer alan müstəqillik bəyannaməsinə istinad bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu məsələdə mövqeyi aydındır: davamlı sülh qarşılıqlı ərazi bütövlüyünün tanınması və bir-birinə qarşı iddialardan imtina edilməsi üzərində qurulmalıdır. Bu tələbi sülhə maneə kimi təqdim etmək isə problemin mahiyyətini təhrif edir. Avropa Parlamentinin Ermənistan daxilindəki siyasi qüvvələrin mövqelərindən asılı olmayaraq, sülhün hüquqi əsaslarının formalaşmasını dəstəkləməsi daha düzgün yanaşma olardı. ?əzərə alsaq ki, Ermənistan siyasi rəhbəliyinin geniş ictimaiyyətə təqdim etdiyi yeni Konstitusiya layihəsində bu tələb nəzərə alınıb və Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapmayıb. Beləliklə, AP yenə də özünü pis vəziyyətdə qoyur - Ermənistan Konstitusiya dəyişikliyi tələbini haqlı saydığı halda bu Avropa institutu yersiz canfəşanlıq edir.
AP-nin Avropanın strateji maraqlarına zidd mövqeyi
Avropa Parlamentinin Azərbaycana qarşı hədəfli sanksiyalar tətbiq olunması ilə bağlı çağırışları da Brüsselin siyasi yanaşmasındakı ziddiyyətləri üzə çıxarır. İlk növbədə, bu cür təkliflərin regional və beynəlxalq reallıqlar nəzərə alınmadan irəli sürülməsi diqqət çəkir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regionda yeni siyasi-iqtisadi imkanlar yaradıb. Bu prosesin qarşısını almağa və ya ölkəmizə təzyiq mexanizmləri tətbiq etməyə yönələn təşəbbüslər isə Cənubi Qafqazda qarşılıqlı etimadın formalaşmasına xidmət etmir. Üstəlik, otuzillik işğal dövründə Azərbaycan ərazilərinin dağıdılması, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması fonunda indiki sanksiya çağırışlarının selektiv xarakteri xüsusilə nəzərə çarpır.
Digər tərəfdən, Avropa İttifaqının enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları sahəsində Azərbaycanla əməkdaşlığı Brüsselin siyasi ritorikasına real məhdudiyyətlər qoyur. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaşdır. 2025-ci ildə Avropa İttifaqına 12,5 milyard kubmetrdən artıq Azərbaycan qazının ixracı bu əməkdaşlığın miqyasını göstərir. Bununla yanaşı, Orta Dəhlizin inkişafı, Xəzər hövzəsi ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsi Avropa üçün də strateji əhəmiyyət daşıyır. Bunu həm Avropa İttifaqına daxil olan aparıcı ölkələrin dövlət rəhbərləri, həm də Aİ-dən kənar Avropa ölkələrinin rəsmiləri açıq əşkildə bildirirlər. Belə bir tərəfdaşa qarşı siyasi təzyiq ritorikasının gücləndirilməsi Avropanın öz maraqları ilə ziddiyyət yaradır. Əslində, Brüsselin qarşısında duran seçim kifayət qədər aydındır: ya Cənubi Qafqazda yaranmış yeni reallıqlara uyğun rasional tərəfdaşlıq siyasəti yürütmək, ya da siyasi qərəz naminə regiondakı təsir imkanlarını zəiflətmək. Azərbaycanın müstəqil siyasətinə kənardan təzyiq göstərmək cəhdləri nəticə verməyəcək. Avropa Parlamentinin qəbul etdiyi tövsiyə xarakterli sənədlər də Azərbaycanın suveren qərarlarını müəyyənləşdirə bilməz. Əsas məsələ Avropa institutlarının bu reallığı nə vaxt qəbul edəcəyi və regionun gələcəyinə münasibətdə konstruktiv mövqeyə nə zaman üstünlük verəcəyidir.
Pərviz SADAYOĞLU