Azərbaycan-Litva: siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru

Vilnüs Bakı ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

Azərbaycanın xarici siyasət strategiyasında ikitərəfli münasibətlərin inkişafı, müxtəlif regionları təmsil edən dövlətlərlə qarşılıqlı etimada, siyasi dialoqa və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi mühüm yer tutur. Bakı beynəlxalq münasibətlər sistemində öz mövqelərini möhkəmləndirməklə yanaşı, tərəfdaşlıq əlaqələrini də milli maraqlar, qarşılıqlı fayda və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurur. Bu baxımdan Avropa ölkələri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Baltikyanı ölkələrlə əməkdaşlıqda isə Litva xüsusi yer tutur. Azərbaycan-Litva münasibətləri tarixən qarşılıqlı hörmət, açıq siyasi dialoq və ortaq maraqların təşviqi əsasında inkişaf edib. Hər iki ölkənin strateji tərəfdaşlıq müstəvisində əməkdaşlığı siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə yeni imkanlar yaradır. Eyni zamanda, Litvanın Azərbaycanla əlaqələri daha da genişləndirmək, Avropa İttifaqı çərçivəsində Bakı ilə əməkdaşlığın əhəmiyyətini önə çəkmək marağı diqqəti cəlb edir. Vilnüs Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və iqtisadi rolunu, enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat bağlantılarındakı əhəmiyyətini nəzərə alır. Noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisin Azərbaycana səfəri də bu münasibətlərin yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüş və birgə mətbuat konfransında səsləndirilən fikirlər iki ölkənin əməkdaşlığın genişləndirilməsində ortaq siyasi iradəyə malik olduğunu bir daha nümayiş etdirdi.

Siyasi dialoq və strateji tərəfdaşlığın yeni perspektivləri

Vurğulandığı kimi, Azərbaycan-Litva münasibətlərinin inkişaf dinamikası göstərir ki, iki ölkə arasında əməkdaşlıq yalnız mövcud siyasi əlaqələrin qorunması ilə məhdudlaşmır, həm də yeni beynəlxalq reallıqlara uyğun olaraq genişləndirilir. Azərbaycanın xarici siyasətində yeni iqtisadi-siyasi konfiqurasiyanın inkişafı baxımından ikitərəli münasibətlər sisteminin yeni ştrixlərlə zənginləşdirilməsi ön plandadır. Litva ilə münasibətlərdə də bu amil özünü aydın göstərir. Vilnüs Bakı ilə siyasi dialoqun dərinləşdirilməsində, regional məsələlər üzrə qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində maraqlıdır. Xüsusilə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar, regionun nəqliyyat və enerji xəritəsində artan rolu Litvanın ölkəmizə münasibətdə maraqlarını genişləndirir. Bu, həm də Avropa dövlətlərinin Azərbaycanla münasibətlərə daha praqmatik yanaşmasının vacibliyini ortaya qoyur.

Keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, tarixən Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmətə, açıq siyasi dialoqa və ortaq maraqların irəli aparılmasına xidmət edib. Liderlər arasında münasibətlər hər zaman müsbət olub: “Bu gün iki ölkə arasında münasibətlər baxımından tarixi gün hesab oluna bilər. Azərbaycanla Litva arasında müxtəlif sahələri əhatə edən 45 sənəd mövcuddur. Hazırda daha 7 sənəd üzərində iş aparılır. Yaxın zamanda həmin sənədlərin də tamamlanmasının şahidi olacağıq”.

İqtisadi əməkdaşlıq və qarşılıqlı investisiya imkanları

Azərbaycanın iqtisadi inkişaf modeli xarici investisiyaların cəlb edilməsini, qeyri-neft sektorunun genişləndirilməsini və beynəlxalq iqtisadi əlaqələrin şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu baxımdan Avropa şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişlənməsi xüsusi əhəmiyyət daşıyır. Litva ilə iqtisadi münasibətlərin inkişafı da qarşılıqlı investisiya imkanlarının reallaşdırılması üçün əlverişli zəmin yaradır. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri xarici investorlar üçün yeni iqtisadi məkan formalaşdırır. Bu ərazilərdə sənaye, istehsal, logistika və xidmət sektorlarının inkişafı Avropa biznes dairələrinin diqqətini cəlb edir. Litva şirkətlərinin həmin prosesə qoşulması isə əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirir. Bununla yanaşı, mövcud ticarət dövriyyəsinin potensiala uyğun artırılması, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması və yeni investisiya layihələrinin təşviqi qarşıdakı dövrün əsas vəzifələrindəndir.

İqtisadi əməkdaşlığın konkret istiqamətlərinə toxunan nazir Ceyhun Bayramov bildirib ki, Litva işğaldan azad edilən ərazilərə investisiya yatırıb. Bu ölkəyə məxsus şirkət Araz Vadisi İqtisadi Zonasında kifayət qədər böyük mebel istehsalı müəssisəsinin qurulması ilə məşğuldur. Burada nəzərdə tutulan investisiyaların həcmi 50 milyon manat təşkil edir. Müəssisə fəaliyyətə başladıqda işğaldan azad olunmuş ərazilərdə əlavə 600 iş yeri yaradılacaq.

“Ticarət dövriyyəsini hazırkı səviyyədə qənaətbəxş hesab etmək olmaz. Halbuki bu sahədə potensial daha böyükdür. Ölkəmizdə biznesin aparılması üçün mövcud imkanlar və perspektivli sahələr mövcuddur”, - deyə C.Bayramov əlavə edib.

Litvanın Aİ çərçivəsində təşəbbüsləri

Azərbaycanın Avropa ilə münasibətlərində ikitərəfli əməkdaşlıqla yanaşı, Avropa İttifaqı institutları və üzv dövlətlərlə siyasi dialoqun genişləndirilməsi də mühüm istiqamətdir. Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Şərq-Qərb nəqliyyat bağlantılarındakı mövqeyi və regional iqtisadi layihələrdə iştirakı Avropa üçün ölkəmizin strateji əhəmiyyətini artırır. Xüsusilə enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsinə ehtiyacın yüksəldiyi indiki şəraitdə Azərbaycan Avropanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. Litvanın bu reallığı nəzərə alaraq Azərbaycanla əməkdaşlığı Aİ səviyyəsində də təşviq etmək niyyəti diqqətəlayiqdir. Bu yanaşma Vilnüsün yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Avropa İttifaqının Bakı ilə əlaqələrinin daha sistemli və uzunmüddətli xarakter almasına maraq göstərdiyini təsdiqləyir. Belə bir mövqe Azərbaycanın Avropa məkanında siyasi-iqtisadi tərəfdaşlıq imkanlarının genişlənməsinə də xidmət edə bilər.

Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanın Cənubi Qafqazın əsas ölkəsi olduğunu, enerji və bağlantı sahələrində strateji layihələr baxımından mühüm tərəfdaş kimi çıxış etdiyini bildirib. O, qeyd edib ki, Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək niyyətindəyik. Azərbaycan enerji və bağlantı sahələrində strateji layihələr baxımından mühüm tərəfdaşdır: Məqsədimiz Avropa İttifaqının 27 üzv dövlətinin hamısını Azərbaycanla bağlı vahid yanaşma ətrafında birləşdirməkdir. Biz bu ölkələrə Azərbaycanın strateji əhəmiyyətini və əməkdaşlığın vacibliyini izah edəcəyik. Bu əməkdaşlıq yalnız birillik dövrlə məhdudlaşmayacaq, qarşıdakı illərdə də fəaliyyətimizi asanlaşdıracaq”.

Viza rejiminin sadələşdirilməsi əlaqələrin genişlənməsinə imkan yaradır

Dövlətlərarası münasibətlərin möhkəmlənməsi yalnız siyasi və iqtisadi əməkdaşlığın inkişafı ilə ölçülmür. Xalqlar arasında birbaşa təmasların artması, təhsil, turizm və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi tərəfdaşlığın dayanıqlı əsaslarını formalaşdırır. Azərbaycan-Litva münasibətlərində də bu istiqamət xüsusi əhəmiyyət kəsb edir. Vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması, tələbə mübadiləsinin genişləndirilməsi və biznes nümayəndələrinin sərbəst əlaqə imkanlarının artırılması ikitərəfli münasibətlərin sosial bazasını gücləndirə bilər. Xüsusilə viza prosedurlarının sadələşdirilməsi hər iki ölkənin vətəndaşları üçün yeni imkanlar yaradacaq. Bu, turizm dövriyyəsinin artmasına, təhsil əlaqələrinin dərinləşməsinə, eləcə də investisiya və biznes təşəbbüslərinin daha operativ reallaşmasına müsbət təsir göstərəcək. Beləliklə, humanitar əlaqələr siyasi tərəfdaşlığın cəmiyyətlər səviyyəsində də möhkəmlənməsinə xidmət edən mühüm vasitəyə çevrilir.

Bu məsələlər də xarici işlər nazirlərinin görüşündə diqqət mərkəzində olub. Kestutis Budris Azərbaycanla viza rejiminin sadələşdirilməsi istiqamətində hüquqi proseslərin başlanmasının vacibliyini bildirib. O vurğulayıb ki, konkret nəticələr əldə etmək istədiyimiz bir sıra istiqamətlər var. Bunlardan biri viza rejiminin sadələşdirilməsidir. Bu istiqamətdə müvafiq hüquqi prosesləri işə salmaq lazımdır. Litvalı nazir qeyd edib ki, digər istiqamət Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ortaq prioritetlərdir. Bu sahədə qarşılıqlı maraq mövcuddur. Avropa İttifaqı Azərbaycanın təchizat imkanlarında, eyni zamanda, investisiya məkanı kimi potensialında maraqlıdır. “Şübhəsiz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin nəzərdən keçirilməsi də gündəliyimizdə olan məsələlərdəndir”, - deyə litvalı nazir vurğulayıb.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə bildirib ki, Avropa İttifaqının qaydalarına əsasən, viza siyasəti və viza liberallaşdırılması ilə bağlı qərarlar İttifaq səviyyəsində qəbul edilir. Bununla belə, üzv dövlətlərin mövqeyi də mühüm əhəmiyyət daşıyır. Nazir Litvanın bu məsələdəki mövqeyini yüksək qiymətləndirdiklərini vurğulayaraq, ölkənin 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, bu, məsələnin Aİ-nin gündəliyində irəlilədilməsi üçün əlverişli fürsət yaradır.

Ceyhun Bayramov qeyd edib ki, viza prosedurlarının sadələşdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Bu, turizm, təhsil və biznes əlaqələrinin genişlənməsinə, eləcə də insanlar arasında təmasların asanlaşmasına töhfə verəcək.

Nazir, həmçinin hazırda Litvanın ali təhsil müəssisələrində 800-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını, ötən il isə Litvadan Azərbaycana 3 mindən çox turistin səfər etdiyini açıqlayıb. Birbaşa uçuşların təşkili də əməkdaşlığın inkişafı üçün perspektivli istiqamət kimi gündəmə gətirilib.

P.İSMAYILOV