İsraildə seçkilər...

İsraildə seçkilər...

Heç bir partiya hökumət qura bilmir

Oktyabrın 27-də İsrailin 26-cı Knessetinə (parlamentinə) seçkilər keçirilib. Bu, HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumundan bəri ölkədə keçirilən ilk parlament seçkiləridir. Xarici medianın məlumatına görə, siyasi mütəxəssislər bu seçkini İsrailin gələcək siyasi və sosial istiqamətini müəyyən etmək üçün keçirilən səsvermə kimi görür. Qeyd edək ki, ölkədə yeddi milyon yarım səsvermə hüququna malik vətəndaş var. Seçkilər partiya siyahıları əsasında keçirilir və iştirak etmək üçün 30-dan çox partiya qeydiyyatdan keçmişdi. Bu partiyaların nümayəndələri Knessetdə 120 yer uğrunda mübarizə aparıblar. Müşahidəçilərin də əvvəlcədən müəyyənləşdirdikləri kimi əsas mübarizə Baş nazir Benyamin Netanyahunun sağçı Likud partiyası ilə İsrail Müdafiə Qüvvələrinin keçmiş qərargah rəisi Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalif Yaşar partiyası arasında gedib. Seçkidən əvvəl keçirilən sorğuların nəticələrinə görə, heç bir blokun hökumət qurmaq üçün səslərin əksəriyyətini qazana bilməyəcəyi proqnozlaşdırılırdı. Belə bir vəziyyətdə isə qarşı tərəflərdən hakim koalisiya yaratmaq və ya hətta azlıq hökumətinin hakimiyyətə gəlməsi belə mümkündür. Partiyaların səs baryeri 3,25 faizdir.

Knesset seçkiləri gücləndirilmiş təhlükəsizlik tədbirləri altında baş tutub. İsrail mediasının məlumatına görə, səsvermə zamanı ümumilikdə 20.000 polis əməkdaşı, Sərhəd Polisi əməkdaşı və könüllü asayişi izləyib.

Rəsmi nəticələr noyabrın 4-də açıqlanacaq...

Bülletenlərin 89,8 faizi hesablandıqdan sonra ölkənin hazırkı Baş naziri Benyamin Netanyahunu dəstəkləyən blok keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət blokundan daha çox səs toplayıb - lakin səslərin sayı hökuməti formalaşdırmaq üçün kifayət deyil. Knessetdə rekord sayda yerləri isə ilkin məlumatlara görə, ərəb partiyaları qazanıb - onlar koalisiyanın yaradılmasında həlledici rol oynaya bilər. Lakin nə Netanyahu, nə də Eyzenkot onlarla əməkdaşlığa getmək niyətində görünmür. Çərşənbə günü axşam saatlarında İsrail Mərkəzi Seçki Komissiyası bülletenlərin 89,8 faizinin hesablandığını bildirib: “Qoşa zərfdə səslər” adlanan, yəni uzaqdan göndərilən bülletenlər hələ də işlənməyib. Onların yaxın bir neçə gün ərzində ümumi səslərə əlavə olunacağı gözlənilir”.

Qeyd edək ki, İsraildə uzaqdan səsvermə yalnız müstəsna hallarda mümkündür: bu, xaricdə işləyən diplomatlara, eləcə də məhbuslara, tibb işçilərinə və xroniki xəstəlikləri olan insanlara aiddir. Bu formada səs verənlərin əksəriyyəti hərbçilərdir. MSK-nın hesablamalarına görə, builki seçkilərdə 430-480 min bülleten uzaqdan atılıb. Həmin səslərin hesablanmasının cümə axşamı axşam başa çatdırılması planlaşdırılır.

Son məlumatlara görə, Netanyahunun bloku Knessetdə 53 yer (o cümlədən onun Likud partiyası üçün 26 yer), müxalifət bloku isə 48 yer əldə edib. Vurğulandığı kimi, iki ərəb partiyası tarixdə ən yaxşı nəticəni göstərib: 19 yer əldə edə bilib. Bütün səslərin hesablanmasının 30 oktyabr cümə gününə qədər davam edəcəyi gözlənilir. Rəsmi nəticələr seçkilərdən bir həftə sonra - noyabrın 4-də açıqlanacaq.

250 ilin siyasətçisi, yoxsa mərakeşli yəhudi?

Siyasi təhlilçilərin fikrincə, yeni hakim koalisiyanı kimin formalaşdıracağı partiyaların parlamentdə neçə yer qazanacağına əsaslanan mürəkkəb və ehtimal ki, uzun danışıqlardan asılı olacaq. Qeyd edək ki, hakimiyyəti formalaşdırmaq üçün Knessetdəki 120 yerin minimum 61-i qazanılmalıdır. Xatırladaq ki, Baş nazir Netanyahunun Likud partiyasının rəhbərlik etdiyi hakim koalisiya parlamentdəki yerlərininin əksəriyyətini itirib. 2022-ci il seçkilərindən sonra koalisiya 64 yerə sahib idi (sonradan bu rəqəm 68-ə qədər artırıldı). Hazırkı yer sayı təxminən 15 faiz itki deməkdir. Vurğulanmalıdır ki, hazırki baş nazir Netanyahu İsrail tarixinin son 250 illik tarixinin ən populyar siyasətçisi sayılır. Netanyahunun rəqibi, müxalifət blokunun lideri və İsrail Müdafiə Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Eyzenkot isə siyasətdə nisbətən yenidir - buna baxmayaraq, onun qazandığı uğur olduqca böyükdür. Qeyd edək ki, Eyzenkot hakimiyyətə gələcəyi təqdirdə Mərakeşdən olan yəhudi mühacirlərin oğlu kimi İsrail tarixində ilk Mərakeş əsilli baş nazir olacaq. İsrail cəmiyyətində orduya xüsusilə hörmət edilir və Eyzenkot sıravi əsgərdən Baş Qərargah rəisinə yüksəlib. O, 7 oktyabr hücumundan sonra baş verən müharibədə oğlunu və iki qardaşı oğlunu itirib.

İsrail tarixində ilkə imza atan ərəb partiyası...

Seçkiləri müşahidə edən siyasi təhlilçilər nəticələrlə bağlı bir sıra ehtimallar irəli sürürlər. Belə ki, Netanyahu, Eisenkot və digər mərkəz-sağ qüvvələrin partiyalarından ibarət “milli birlik hökuməti” qurula bilər. Burada  ifrat sağçı, dini və mütləq ərəb partiyaları bu birlikdən kənarda qalır. Digər bir ehtimal isə Eyzenkotun blokunun ərəb partiyalarının dəstəyi ilə yaradılan “azlıq hökuməti”nə çevrilməsidir.

Qeyd edək ki, bu prosesdə iştirak edən ərəb partiyaları da bircinsli deyil. Mənsur Abbasın rəhbərlik etdiyi Raam partiyası daha loyal sayılır. 52 yaşlı Abbas İsrailin şimalında anadan olub, stomatologiya, sonra isə politologiya təhsili alıb, siyasətə qoşulub, 2019-cu ildə Knessetə seçilib və Ərəb Partiyalarının Birgə Siyahısının üzvü olub. 2021-ci ildə Abbasın rəhbərlik etdiyi Raam ayrıca seçkilərdə iştirak edərək sonradan Bennett-Lapid koalisiya hökumətinə qoşulub - bu da İsrail tarixində ərəb partiyası üçün bir ilk olub. O, İsraili yəhudi dövləti kimi tanıyır, HƏMAS-ın hücumunu pisləyir, İsrailin ərəb vətəndaşları ilə “sülhə körpü” mövqeyindən danışır və Fələstin dövlətinin tanınmasını müdafiə edir.

SADİQ