Ankarada TDT-nin 13-cü Zirvə Görüşü başlayıb
Təməli 2009-cü ildə qoyulan, müasir vizionunu isə 2021-də qazanmış Türk Dövlətləri Təşkilatı (TDT) qısa zaman kəsiyində regionun ən nüfuzlu siyasi və iqtisadi platformalarından birinə çevrilməyi bacarıb. Uzun illər ərzində dövlətlərin mədəni və tarixi bağlar üzərində qurulan əməkdaşlığı bu gün TDT müstəvisində real siyasi, iqtisadi və təhlükəsizlik mexanizminə çevrilib. Təşkilatın fəaliyyət istiqamətləri təkcə türk dövlətləri arasında əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də yeni dövrün regional inteqrasiya modelinə çevrilmək iddiasını ortaya qoyur. Son illərdə TDT-nin dinamizmi, onun qısa müddətdə qazandığı şöhrət və imza atdığı mühüm nailiyyətlər beynəlxalq ictimaiyyətin diqqətini bu quruma yönəldib. Artıq TDT regional güc olmaqla yanaşı, qlobal əməkdaşlıq formatlarının formalaşmasında da aktiv rol oynayır. Bu reallıq həm təşkilatın struktur baxımından çevik, həm də siyasi baxımdan dayanıqlı mexanizmlərə malik olduğunu göstərir.
Bu yüksəlişdə Azərbaycanın rolu həlledicidir - 44 günlük Vətən müharibəsində əldə olunan qələbə təkcə milli suverenliyin bərpası deyil, həm də türk dünyasının birliyinin real güc potensialını nümayiş etdirdi. Sonrakı mərhələdə Şuşa və Qarabağ Bəyannamələri ilə hüquqi əsas qazanan strateji əməkdaşlıq, Qəbələ Bəyannaməsi ilə isə yeni mərhələyə keçid TDT-nin siyasi konturlarını daha da möhkəmləndirdi.
Ankara Bəyannaməsi imzalanacaq...
Bu gün, oktyabrın 30-da Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşü başlayır. “Türk Əsri: Dildə, Düşüncədə və Fəaliyyətdə Birlik” mövzusu altında keçiriləcək. Zirvə Görüşündə TDT üzv dövlətlərinin dövlət başçıları, müşahidəçi dövlətlərin yüksək səviyyəli nümayəndələri və TDT baş katibi bir araya gələcək. Görüşdə Təşkilat daxilində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivlər, eləcə də ortaq maraq doğuran regional və beynəlxalq inkişaflar müzakirə olunacaq. Türkiyə mətbuatının məlumatına görə, liderlərin təşkilatın prioritet fəaliyyət sahələrində, xüsusən də siyasi əməkdaşlıq, ticarət və investisiya, nəqliyyat və bağlantı, enerji, rəqəmsal transformasiya, mədəni və humanitar əməkdaşlıq, eləcə də institusional inkişaf sahələrində əldə edilən irəliləyişləri qiymətləndirəcəkləri gözlənilir. Bu kontekstdə Türk Dövlətləri arasında birlik və həmrəyliyin daha da gücləndirilməsinə və Türk Dünyası 2040 Vizyonuna uyğun olaraq konkret əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək.
Bildirilir ki, Ankara Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının institusional inkişaf prosesində növbəti mərhələ başlayaraq - Türkiyə rotasiyalı sədrliyi Azərbaycandan təhvil alacaq. Zirvə toplantısında həmçinin yeni Baş Katibin təyin edilməsi və Təşkilatın qarşıdakı dövr üçün strateji prioritetlərinin müzakirəsi gözlənilir. Dövlət başçılarının Ankara Bəyannaməsi ilə yanaşı, Türk Dövlətləri Təşkilatının əməkdaşlığının dərinləşdirilməsinə və institusional strukturunun daha da gücləndirilməsinə yönəlmiş müxtəlif qərarlar və sənədləri qəbul edəcəyi də bildirilir.
Əsas müzakirələr
Vurğulandığı kimi, Zirvə Görüşündə dövlət başçılarının Türk Dünyası İqtisadi Forumunun əməkdaşlığın dərinləşdirilməsinə və institusional strukturunun daha da gücləndirilməsinə yönəlmiş müxtəlif qərarlar və sənədlərlə yanaşı, Ankara Bəyannaməsinin qəbul edilməsi gözlənilir. Zirvə toplantısının həmçinin müxtəlif tədbirlər vasitəsilə Türkiyə işgüzar dairələrini bir araya gətirməsi gözlənilir. Orta Dəhliz, sərhəd keçidləri, gömrük prosedurları və logistika xərcləri bu müzakirələrdə əsas mövzular olacaq. Təşkilatın üzv ölkələri nəqliyyat və rəqəmsal texnologiyalardan kənd təsərrüfatı və kosmosa qədər müxtəlif sahələrdə əməkdaşlığı da müzakirə edəcəklər. Orta Dəhliz türk dünyasının iqtisadi inteqrasiyası üçün əhəmiyyətli imkanlar yaradır. TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq müqaviləsi, bu fəaliyyətlərə maneələri aradan qaldırmaqla elektron ticarəti, rəqəmsal xidmətlər və sərhədyanı məlumatlara əsaslanan iqtisadi fəaliyyətləri asanlaşdırmağı hədəfləyir. Bu kontekstdə Türkiyə iyun ayında müqaviləni ratifikasiya edərək, Azərbaycan və Özbəkistandan sonra daxili ratifikasiya prosesini başa çatdıran üçüncü ölkə olub.
Üzv dövlətlər arasında məlumat mübadiləsi və ağıllı həllər üçün “TDT Rəqəmsal Kənd Təsərrüfatı Məlumat Platforması” yaratmaq layihəsi də diqqət çəkir. Xatırladaq ki, 77-ci Beynəlxalq Kosmik Konqresdə (IAC 2026) təşkilat tərəfindən əlaqələndirilən birgə kub peyki layihəsində mövcud əməkdaşlığı davam etdirən çərçivə müqaviləsi imzalanıb. Zirvə toplantısında keçiriləcək müzakirələrin və görüşlərin iqtisadi və ticarət əlaqələrinə töhfə verəcəyi gözlənilir.
Naxçıvandan başlanan yol...
Qeyd edək ki, 2021-ci ilə qədər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanan təşkilatın fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Bu təşkilat 17 il öncə - türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Təşkilatın yaranmasında əsas məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir. Eləcə də TDƏŞ-ə üzv dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malikdirdər. Müasir TDT Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə ovaxtkı TDƏŞ-ə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdu. 2021-ci ilin noyabrın 12-də Türkiyənin İstanbul şəhərində baş tutan Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verilib.
Təşkilat həmçinin 2018-ci ildə Macarıstana, 2021-ci ildə Türkmənistana, 2022-ci ildə Şimali Kipr Türk Respublikasına və 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) müşahidəçi statusu verib. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır və TDT-nin çağırışları, regional predmetlər, real siyasi vəziyyət müzakirə olunur.
P.İSMAYILOV