Vaşinqtonun hesabı, Moskvanın köhnə tələbləri və 2027-ci ilin siyasi mənzərəsi
Əbu-Dabidə danışıqların yenidən başlanması, Donbas üçün irəli sürülən yeni təkliflər, Avropanın masa arxasına qayıtması və 2027-ci ilin yayına qədər mümkün diplomatik dönüş dünya siyasətində yeni mərhələnin başlanğıcına çevrilə bilər.
ABŞ diplomatiyasının qarşısında indi yalnız Ukrayna müharibəsini dayandırmaq vəzifəsi durmur. Vaşinqton eyni zamanda Avropanın gələcək təhlükəsizlik sistemini, Rusiyanın beynəlxalq münasibətlərdə yerini, NATO-nun qarşıdakı illərdəki rolunu və Çinlə rəqabət şəraitində öz siyasi imkanlarını müəyyənləşdirməyə çalışır. Ukrayna müharibəsi bu məsələlərin hamısının bir nöqtədə birləşdiyi mürəkkəb siyasi hadisəyə çevrilib. Bu səbəbdən Əbu-Dabidə keçirilən danışıqlara yalnız atəşin dayandırılması üçün təşkil edilmiş görüş kimi yanaşmaq düzgün olmaz.
Noyabrın 10-11-də ABŞ, Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə doqquz aylıq fasilədən sonra yenidən üçtərəfli danışıqlar apardılar. Görüşlərdə müharibədən sonrakı təhlükəsizlik təminatları, hərbi əməliyyatların azaldılması, humanitar məsələlər və gələcək diplomatik addımlar müzakirə edildi. Əldə olunan nəticələr arasında əsirlərin genişmiqyaslı mübadiləsi barədə razılıq xüsusi diqqət çəkdi. “Deutsche Welle” yazır ki, ərazi məsələsi və atəşin dayandırılması üzrə əsas fikir ayrılıqları isə aradan qalxmadı. Bu görüşün əhəmiyyətini müəyyənləşdirən əsas məqam danışıqların yenidən başlanmasıdır, çünki 2026-cı ilin əvvəlində ABŞ vasitəçiliyilə aparılan diplomatik proses İranla bağlı hərbi qarşıdurmanın genişlənməsi və tərəflərin mövqelərinin sərtləşməsi səbəbindən dayanmışdı. İndi Vaşinqton yenidən Moskva ilə Kiyevi eyni diplomatik prosesə cəlb etməyə çalışır. Bu, ABŞ administrasiyasının Ukrayna məsələsini uzunmüddətli müharibə vəziyyətində saxlamaq əvəzinə siyasi nəticəyə gətirmək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.
Lakin danışıqların arxasında daha dərin məsələ dayanır. Rusiya ilə Qərb arasında qarşıdurma 2022-ci ilin fevralında başlayan müharibədən əvvəl də uzun illər ərzində formalaşmışdı. Moskva 2021-ci ilin dekabrında ABŞ və NATO-ya Avropada təhlükəsizlik sisteminin yenidən qurulmasına dair təkliflər vermiş, NATO-nun genişlənməsi, hərbi infrastrukturu və Rusiyanın təhlükəsizlik maraqları ilə bağlı ciddi dəyişikliklər tələb etmişdi. Qərb həmin tələblərin bir sıra əsas müddəalarını qəbul etməmişdi. Bu sənədlər indiki münaqişənin siyasi tarixini anlamaq üçün vacibdir.
NATO-nun 2008-ci ildə keçirilmiş Buxarest sammiti də bu mübahisənin mühüm mərhələlərindən biri hesab olunur. Həmin sammitdə Ukrayna və Gürcüstanın gələcəkdə NATO üzvü olacağı barədə siyasi bəyanat verilmiş, lakin onların üzvlüyü üçün konkret tarix müəyyən edilməmişdi. Bu qərar bir yandan həmin ölkələrin Avroatlantik inteqrasiyasına dair siyasi istiqamətini göstərir, o biri yandan Moskva tərəfindən Rusiyanın təhlükəsizlik maraqlarına qarşı addım kimi qəbul olunurdu. Sonrakı illərdə bu məsələ Rusiya ilə NATO arasında münasibətlərin ən mübahisəli mövzularından birinə çevrildi.
Ukrayna məsələsində 1994-cü il Budapeşt Memorandumu da xüsusi əhəmiyyət daşıyır. Sovet İttifaqının dağılmasından sonra Ukrayna dünyanın ən böyük nüvə arsenalına malik ölkələrindən biri olmuşdu. 1994-cü ildə nüvə silahından imtina etmək və onu Rusiya ərazisinə çıxarmaq istiqamətində razılaşmalar əldə olundu. Ukrayna nüvə silahından imtina edərək Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə nüvə silahına malik olmayan dövlət kimi qoşuldu. Budapeşt Memorandumu çərçivəsində Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə dair təminat xarakterli öhdəliklər verilmişdi. 2014-cü ildə Krımın ilhaqı və 2022-ci ildə genişmiqyaslı müharibənin başlanması həmin təminatların praktik gücüylə bağlı ciddi mübahisələr yaratdı. Bu tarixi təcrübə indiki danışıqların ən həssas məsələsini izah edir: Ukrayna atəşin dayandırılmasına getsə, gələcəkdə yeni müharibənin başlanmayacağına hansı mexanizmlə əmin ola bilər?
Kiyev üçün bu sual ərazi məsələsindən də geniş siyasi məna daşıyır. Ukrayna rəhbərliyi müharibənin yalnız müəyyən müddətə dayandırılmasını, sonra isə daha ağır qarşıdurmanın başlanmasını istəmir. Buna görə təhlükəsizlik təminatları, gələcək hərbi imkanlar, beynəlxalq müşahidə mexanizmləri və müharibədən sonrakı müdafiə sistemi danışıqların əsas istiqamətlərinə çevrilir.
Minsk razılaşmalarının təcrübəsi də bu məsələyə təsir göstərir. 2014 və 2015-ci illərdə əldə edilmiş razılaşmalar Donbasda münaqişəni tam dayandıra bilmədi. Tərəflər razılaşmaların ayrı-ayrı müddəalarının icrası, siyasi dəyişikliklər, sərhəd nəzarəti və təhlükəsizlik məsələləri üzrə bir-birini ittiham edirdi. Nəticədə münaqişə həll olunmadan qaldı və 2022-ci ildə daha geniş müharibəyə çevrildi. İndi diplomatik tərəflər üçün əsas problem yalnız sənəd imzalamaq yox, həmin sənədin uzun müddət işləməsini təmin edəcək mexanizmi müəyyənləşdirməkdir.
Vaşinqtonun vaxt hesabı və qarşıdakı diplomatik addımlar
2027-ci ilin yayına qədər olan müddət diplomatik baxımdan xüsusi əhəmiyyət daşıya bilər. Ukrayna prezidenti Volodimir Zelenski bu ilin avqustunda ABŞ vasitəçiliyilə müharibənin sona çatması üçün 2026-cı ilin dekabrından 2027-ci ilin yayının sonuna qədər siyasi imkan pəncərəsinin mövcud olduğunu bildirmişdi. Onun açıqlamasında ABŞ-da 2028-ci il prezident seçkilərinə hazırlıq dövrünün diplomatik prosesə təsiri də nəzərə alınırdı.
Bu zaman çərçivəsinin arxasında siyasi məntiq var. ABŞ prezidentinin diplomatik təşəbbüsləri üçün siyasi nəticə əldə etmək imkanları daxili siyasi gündəmlə də bağlıdır. 2028-ci il prezident seçkiləri yaxınlaşdıqca xarici siyasətdə qazanılmış nəticələrin siyasi əhəmiyyəti arta bilər. Müharibənin sona çatması, böyük dövlətlər arasında razılaşma və Avropada təhlükəsizlik vəziyyətinin sabitləşməsi ABŞ rəhbərliyi üçün ciddi siyasi nailiyyət kimi təqdim oluna bilər. Bununla yanaşı, Konqresin mövqeyi, maliyyə qərarları, hərbi yardım və seçkiqabağı siyasi mübarizə diplomatik prosesə təsir göstərə bilər.
Əbu-Dabidəki görüşlərdən sonra Ukrayna nümayəndə heyətinin rəhbərlərindən David Araxamiya növbəti diplomatik mərhələnin ABŞ nümayəndələrinin Moskva və Dublin səfərlərindən sonra müəyyənləşdirilə biləcəyini bildirmişdi. Həmin mərhələdə Avropa nümayəndələrinin danışıqlara cəlb edilməsi və humanitar məsələlər də gündəmdəydi.
“Reuters”in məlumatına görə, noyabrın 19-da Vladimir Putin Avropa nümayəndələrinin Moskvaya gəlməsiylə bağlı diplomatik təklif irəli sürüldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu təmaslar Avropa tərəfinin Ukrayna üzrə sülh danışıqlarında hansı mövqedən çıxış etdiyini aydınlaşdırmaq məqsədi daşıyır. Putin Avropanın təhlükəsizliyinə dair məsələlərin Avropa ölkələrinin iştirakı olmadan müzakirə edilməsini mənasız saydığını bildirib. Bu açıqlama Avropa nümayəndələrinin gələcək danışıqlara qoşulması ehtimalını gündəmə gətirsə də, onların iştirak edəcəyi yeni danışıqlar formatı hələ razılaşdırılmayıb.
Əbu-Dabidə müzakirə olunan məsələlər arasında Ukraynanın gələcək təhlükəsizliyi, ərazi məsələləri və Avropanın rolunun müəyyənləşdirilməsi əsas yer tuturdu. ABŞ nümayəndələri eyni zamanda Avropa dövlətləriylə ayrıca təmaslara girərək müharibədən sonrakı təhlükəsizlik sisteminə dair müzakirələri genişləndirməyə çalışırdılar. Bu, gələcək razılaşmanın yalnız iki ölkə arasında atəşin dayandırılmasıyla məhdudlaşmayacağı, Avropanın təhlükəsizlik quruluşuna da təsir göstərə biləcəyi ehtimalını ortaya çıxarır.
Ən maraqlı təkliflərdən biri Donbasda sərbəst iqtisadi zona yaradılması ideyasıdır. Zelenski 2026-cı ilin avqustunda ABŞ və Avropa nümayəndələriylə hazırlanmış təkliflər arasında atəşin dayandırılması və Donbasın müəyyən hissəsində üçüncü tərəfin idarə edə biləcəyi sərbəst iqtisadi zona yaradılması ideyasının olduğunu bildirmişdi. Bu model ərazi məsələsinin tam siyasi həllini dərhal tələb etmədən iqtisadi və təhlükəsizlik baxımından yeni mexanizm yaratmaq cəhdi kimi nəzərdən keçirilə bilər. Belə bir zonanın yaradılması üçün ərazinin statusu, idarəetmə mexanizmi, təhlükəsizlik, iqtisadi fəaliyyət, sərhəd və hüquqi məsələlər üzrə çoxsaylı razılaşmalar tələb olunacaq. Moskva bu ideyanın həyata keçirilməsinin mümkünlüyünə şübhəylə yanaşıb. Buna görə həmin təklif hazırda konkret razılaşma kimi yox, diplomatik müzakirələrdə nəzərdən keçirilən variant kimi qiymətləndirilməlidir.
Dünyanın əsas narahatlığı isə müharibənin bitməsindən sonra yeni münaqişənin başlanması ehtimalıdır. Əgər atəşin dayandırılması yalnız hərbi əməliyyatların müvəqqəti azalmasıyla nəticələnərsə, Avropada silahlanma, müdafiə xərcləri və hərbi hazırlıq daha uzun müddət davam edə bilər. Əgər razılaşma təhlükəsizlik təminatları, beynəlxalq müşahidə, qarşılıqlı öhdəliklər və diplomatik mexanizmlərlə möhkəmləndirilərsə, Avropada daha sabit siyasi mühitin formalaşması üçün imkan yaranar.
2027-ci ildə müharibənin başa çatması mümkündür, lakin bu, hazırda zəmanətli nəticə kimi qələmə verilə bilməz. Əsas şərt tərəflərin siyasi kompromisə hazır olması, təhlükəsizlik məsələlərinin həll edilməsi və razılaşmanın icrasına nəzarət mexanizminin yaradılmasıdır. Diplomatik proseslərin indiki fəallığı sülh üçün yeni imkanlar yaradır, lakin bu imkanların real nəticəyə çevrilməsi hələ qarşıda duran mürəkkəb siyasi qərarlardan asılıdır. Müharibənin sona çatması Azərbaycanın da maraqlarına uyğun yeni regional və iqtisadi imkanlar yarada bilər. Avropada sabitliyin güclənməsi, beynəlxalq nəqliyyat marşrutlarının genişlənməsi, Şərq-Qərb ticarət əlaqələrinin artması və enerji əməkdaşlığının inkişafı Azərbaycanın tranzit və logistika imkanlarını daha da yüksəldər. Orta Dəhlizin əhəmiyyəti, Xəzər regionunun beynəlxalq iqtisadi əlaqələrdə mövqeyi və Azərbaycanın regional əməkdaşlıq təşəbbüsləri belə bir sülh şəraitində daha geniş perspektiv qazanar.
2027-ci il dünyanın müharibədən sülhə keçid ili ola bilər. Bunun üçün diplomatik görüşlərin sayı yox, həmin görüşlərdə qəbul edilən qərarların real siyasi nəticəyə çevrilməsi əsasdır. Hazırda Vaşinqton, Moskva, Kiyev və Avropa paytaxtları qarşısında duran ən böyük vəzifə müharibəni dayandırmaqla yanaşı, gələcəkdə onun yenidən başlanmasının qarşısını alacaq təhlükəsizlik sistemini yaratmaqdır.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert