Tacikistan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması barədə BMT-yə rəsmi bildiriş göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin depozitar qismində çıxış edən Baş katibi Antonio Quterreşin məlumatında deyilir.
Bildirilib ki, Tacikistan bir ildən sonra təşkilatda iştirakını dayandıracaq, həmin vaxta qədər isə məhkəmə qarşısında öhdəliklərini yerinə yetirməkdə davam edəcək.
BMT-nin bildirişinə əsasən, Tacikistan müvafiq sənədi 2026-cı il noyabrın 20-də göndərib. Lakin ölkə yalnız 2027-ci il noyabrın 20-dən BCM-in üzvü kimi iştirakını dayandıracaq. Həmin tarixədək Tacikistan məhkəmənin fəaliyyətinin hüquqi əsasını təşkil edən beynəlxalq müqaviləyə - Roma Statutunun müddəalarına əməl etməlidir.
Avropa İttifaqı artıq Düşənbənin bu qərarından təəssüfləndiyini bildirib və onu mövqeyinə yenidən baxmağa çağırıb. Bununla yanaşı, BCM-dən çıxmaq Tacikistanı üzvlüyünə xitam verilənədək yaranmış öhdəliklərdən, o cümlədən daha əvvəl başlanmış araşdırmalar çərçivəsində məhkəmə ilə əməkdaşlıq öhdəliyindən azad etmir.