Almaniyanın bir sıra əyalətlərində yüzlərlə məktəbə bomba təhdidi ilə bağlı elektron məktublar göndərilib.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından daxil olan təhdidlər səbəbindən bəzi təhsil müəssisələrində dərslər dayandırılıb, ayrı-ayrı məktəblər isə ehtiyat tədbiri olaraq boşaldılıb.
Hadisələr Türingiya, Saksoniya-Anhalt, Baden-Vürtemberq, Saksoniya, Brandenburq, Hamburq, Aşağı Saksoniya və digər əyalətlərdə qeydə alınıb. Baden-Vürtemberqdə 450, Saksoniya-Anhaltda isə təxminən 260 məktəbə təhdid məktubları göndərilib. Leypsiqdə 80-dən çox, Kemnitsdə 70, Drezdendə 20-dən artıq belə hal aşkarlanıb. Hamburqda 12 məktəb hədələrin hədəfinə çevrilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təhdidlərin real təhlükə yaratdığına dair hər hansı sübut yoxdur. Türingiya polisi məktəblərə fəaliyyətlərini normal qaydada davam etdirməyi tövsiyə edib. Baden-Vürtemberqdə hadisələrin genişmiqyaslı polis əməliyyatına səbəb olmaq məqsədi daşıdığı ehtimal edilir. Təhdid məktublarının müəllifləri hələ müəyyən edilməyib. Faktlarla bağlı araşdırma aparılır.