Aİ-nin 2028-2034-cü illər üzrə büdcəsi ətrafında fikir ayrılıqları qalır

Aİ-nin 2028-2034-cü illər üzrə büdcəsi ətrafında fikir ayrılıqları qalır

Avropa İttifaqına (Aİ) üzv ölkələr qurumun 2028-2034-cü illəri əhatə edən növbəti yeddiillik büdcəsinin üç əsas istiqaməti üzrə razılıq əldə edə bilməyiblər. Müzakirələrin dekabr ayında davam etdirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Antonio Koşta Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fikir ayrılıqları büdcənin ümumi həcmi, vəsaitlərin ayrı-ayrı sahələr üzrə bölgüsü və yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlıdır. Ölkələrin bir qismi büdcənin azaldılmasını, digərləri isə maliyyələşmənin artırılmasını tələb edir.

Antonio Koşta kənd təsərrüfatına ayrılan vəsaitlərin azaldılmasına da əksər üzv ölkələrin qarşı çıxdığını vurğulayıb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə yeni yeddiillik büdcənin təsdiqinin çətin proses olacağını bildirib.

Qeyd edək ki, müzakirəyə çıxarılan kompromis büdcə planı 1,52 trilyon avro təşkil edir. Bu məbləğ Avropa Komissiyasının ilkin təklifindən 204 milyard avro azdır. Ölkələr arasında hərbi xərclərin artırılması məsələsində isə fikir ayrılığı yoxdur. Yeni plan çərçivəsində müdafiə xərclərinin əvvəlki yeddiillik dövrlə müqayisədə təxminən 10 dəfə artırılması nəzərdə tutulur.