Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı

Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı

Azərbaycan Mətbuat Şurası informasiya məkanında bəzi media subyektləri tərəfindən yol verilən peşə etikası pozuntuları, yoxlanılmamış məlumatların yayılması, şəxsi həyatın toxunulmazlığı və təqsirsizlik prezumpsiyasına əməl olunmaması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, informasiya məkanında baş verən proseslər media subyektlərindən və jurnalistlərdən yüksək peşəkarlıqla yanaşı, ictimai məsuliyyət və həssaslıq tələb edir. Lakin son dövrlər bəzi media təqdimatlarında hadisələrin mahiyyətini işıqlandırmaq əvəzinə, süni rezonans yaratmağa hesablanmış yanaşmalar müşahidə olunur.

Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraqlara xidmət etməli, hadisələr auditoriyanın diqqətini cəlb etmək vasitəsinə çevrilməməlidir. Xüsusilə, tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə yanaşmaların ictimai müzakirə mədəniyyətinə də mənfi təsir göstərdiyi vurğulanıb.

Bəyanatda uşaqlarla bağlı məlumat və görüntülərin yayılması zamanı yol verilən nöqsanlara da diqqət çəkilib. Qeyd olunub ki, uşaqların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliyidir. Xüsusilə, faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliklərinin açıqlanması və şəxsi məlumatlarının yayılması yolverilməzdir.

Şura, həmçinin vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılmasını, bədbəxt hadisələr zamanı zərərçəkənlər haqqında təsdiqlənməmiş informasiyaların tirajlanmasını peşə etikası prinsiplərinin pozulması kimi qiymətləndirib.

Bəyanatda digər ciddi problem kimi bəzi media materiallarında təqsirsizlik prezumpsiyasına əməl olunmaması göstərilib. Bildirilib ki, məhkəmə hökmü qanuni qüvvəyə minmədən şəxslərin cinayətkar kimi təqdim edilməsi və onların ictimai linç obyektinə çevrilməsinə yönələn çağırışlar hüquqi dövlət prinsipləri ilə uzlaşmır.

Azərbaycan Mətbuat Şurası jurnalistikanın nüfuzuna xələl gətirən, vətəndaşların hüquq və qanuni mənafelərini, işgüzar və şəxsi nüfuzlarını zərbə altında qoyan hallara münasibətdə prinsipial mövqe tutacağını bəyan edib.

Şura bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə ciddi əməl etməyə çağırıb.