Avropa Komissiyasının 4 noyabrda açıqlanmış 2026-cı il Genişlənmə Paketi Gürcüstanın üzvlük prosesinin faktiki dayandığını bir daha təsdiqləyib
Gürcüstanın Avropa İttifaqına inteqrasiya istiqamətindəki siyasi və strateji seçimi Cənubi Qafqazın gələcəyinə təsir göstərə biləcək mühüm geosiyasi məsələlərdən birinə çevrilib. Bir neçə il əvvəl Avropa İttifaqına üzvlük perspektivi Gürcüstanın dövlət siyasətinin əsas istiqamətlərindən biri, cəmiyyətin böyük hissəsini birləşdirən ümummilli məqsəd və ölkənin təhlükəsizlik strategiyasının mühüm dayağı kimi qəbul edilirdi. 2023-cü ilin dekabrında Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi bu prosesin ən mühüm mərhələsi oldu. Həmin vaxt Tbilisinin Ukrayna və Moldova ilə birlikdə Avropaya inteqrasiyasının yeni mərhələsinə daxil olması ölkənin siyasi gələcəyi baxımından ciddi imkanlar yaratmışdı. Lakin 2024-cü ildən etibarən hakimiyyətlə Avropa institutları arasında yaranan ziddiyyətlər, mübahisəli qanunvericilik təşəbbüsləri, siyasi etirazlara münasibət və xarici siyasət ritorikasındakı dəyişikliklər Gürcüstanın Avropa perspektivini ciddi sual altına qoydu. 2026-cı ilin noyabr ayının 4-də Avropa Komissiyasının açıqladığı yeni Genişlənmə Paketi isə bu böhranın aradan qalxmadığını, əksinə, daha da dərinləşdiyini göstərdi. Komissiyanın qiymətləndirməsinə görə, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanmış vəziyyətdədir və ölkə namizəd statusunun verdiyi imkanlardan real şəkildə yararlana bilmir. Beləliklə, Tbilisinin qarşısında duran əsas məsələ artıq üzvlük danışıqlarının hansı tarixdə başlanacağı deyil, ölkənin Avropa inteqrasiyasına imkan verən siyasi və institusional şərtləri yenidən formalaşdırıb-formalaşdırmayacağıdır.
Gürcüstanın Avropaya yaxınlaşması son illər yaranmış siyasi təşəbbüs deyil. Ölkə müstəqilliyini bərpa edəndən sonra Qərb institutları ilə əməkdaşlığı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. 2014-cü ilin iyun ayının 27-də Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb, sənəd 1 iyul 2016-cı ildə tam qüvvəyə minib. Sazişin mühüm tərkib hissəsi olan Dərin və Hərtərəfli Azad Ticarət Məkanı (DCFTA) Gürcüstan iqtisadiyyatının Avropa bazarına inteqrasiyası, məhsul və xidmət standartlarının uyğunlaşdırılması, rəqabət mühitinin yaxşılaşdırılması və iqtisadi qanunvericiliyin Avropa normalarına yaxınlaşdırılması üçün hüquqi baza yaradıb. 2017-ci ilin martından Gürcüstan vətəndaşları biometrik pasportlarla Şengen zonasına qısamüddətli səfərlər üçün vizasız rejimdən istifadə etməyə başlayıblar. Bu addımlar Gürcüstanın Avropa ilə münasibətlərini yalnız diplomatik bəyanatlar səviyyəsində saxlamayıb, vətəndaşların gündəlik həyatına, biznes mühitinə və ölkənin xarici iqtisadi əlaqələrinə də təsir göstərib.
2022-ci ilin mart ayının 3-də Gürcüstan Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edib. Həmin ilin iyununda Avropa Şurası Gürcüstana Avropa perspektivi təqdim edib, lakin namizəd statusunun verilməsini müəyyən islahatların həyata keçirilməsi şərtilə əlaqələndirib. 2023-cü ilin dekabr ayının 14-də isə Gürcüstana namizəd ölkə statusu verilib. Bu qərar ölkənin Avropa inteqrasiyasında mühüm siyasi nailiyyət sayılsa da, namizəd statusu avtomatik olaraq üzvlük danışıqlarının başlanması demək deyildi. Avropa Komissiyası demokratik institutların gücləndirilməsi, hüququn aliliyinin təmin olunması, məhkəmə sisteminin müstəqilliyi, korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının qorunması, siyasi plüralizm və media azadlığı sahələrində konkret irəliləyiş tələb edirdi. Başqa sözlə, Gürcüstanın qarşısında yalnız Avropa qanunvericiliyini qəbul etmək və texniki uyğunlaşma aparmaq vəzifəsi yox, həm də dövlət idarəçiliyinin demokratik keyfiyyətini yüksəltmək öhdəliyi dayanırdı.
Münasibətlərin kəskinləşməsində əsas dönüş nöqtələrindən biri 2024-cü ildə qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun oldu. Qanun xaricdən maliyyələşən müəyyən qeyri-hökumət təşkilatlarının və media qurumlarının xüsusi qeydiyyat prosedurundan keçməsini nəzərdə tuturdu. Gürcüstan hökuməti təşəbbüsü maliyyə şəffaflığının təmin edilməsi, xarici maliyyə mənbələrinin açıqlanması və ölkənin suverenliyinin qorunması ilə əsaslandırırdı. Tənqidçilər isə qanunun qeyri-hökumət sektoruna və müstəqil mediaya təzyiq vasitəsinə çevrilə biləcəyini, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıracağını bildirirdilər. Avropa İttifaqı və Avropa Şurasının Venesiya Komissiyası qanunun demokratik standartlara uyğunluğuyla bağlı ciddi narahatlıq ifadə etdi. Mübahisənin mahiyyəti xarici maliyyənin açıqlanması məsələsiylə məhdudlaşmırdı, əsas problem qanunun tətbiq mexanizmlərinin, siyasi mühitin və vətəndaş cəmiyyətinə münasibətin demokratik institutların müstəqilliyinə necə təsir göstərəcəyi idi.
Avropa İttifaqının narahatlığı sonrakı aylarda daha da artdı. 2024-cü ilin iyun ayının 27-də Avropa Şurası Gürcüstan hökumətinin atdığı addımların ölkənin Avropa İttifaqına üzvlük prosesinin faktiki dayandırılmasına gətirib çıxardığını bildirdi. Oktyabrın 17-də Avropa Şurası bu mövqeyini yenidən təsdiqlədi və Gürcüstan hakimiyyətini demokratik, hərtərəfli və davamlı islahatlara qayıtmağa çağırdı. Bununla belə ən ciddi siyasi dönüş noyabrın 28-də baş Verdi: baş nazir İrakli Kobaxidze hökumətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük danışıqlarının açılması məsələsini gündəmə gətirməyəcəyini və bu müddət ərzində Avropa İttifaqından büdcə qrantlarının qəbul edilməsini dayandıracağını bəyan etdi. Bu bəyanat cəmiyyətdə geniş etirazlara səbəb oldu. Tbilisi və digər şəhərlərdə keçirilən nümayişlərdə minlərlə insan ölkənin Avropa istiqamətindən uzaqlaşmasına etiraz etdi. Beləliklə, Avropaya inteqrasiya hökumətlə Brüssel arasında diplomatik fikir ayrılığı olmaqdan çıxaraq Gürcüstanın daxili siyasi mübarizəsinin əsas mövzularından birinə çevrildi.
2025-ci ildə siyasi qarşıdurma daha da dərinləşdi. Qanunvericilik sahəsində xarici maliyyələşmə və vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər qoyuldu, etiraz aksiyalarına və müxalifət nümayəndələrinə münasibət beynəlxalq təşkilatların diqqət mərkəzində qaldı. 2026-cı ilin Avropa Komissiyası hesabatında da məhz bu proseslərin Gürcüstanın Avropaya inteqrasiyasına mane olan əsas amillər kimi qiymətləndirilir. Komissiya bildirir ki, hakim partiyanın siyasəti demokratik prinsiplərə, hüququn aliliyinə və fundamental hüquqlara mənfi təsir göstərib, vətəndaş cəmiyyətinin fəaliyyət sahəsi getdikcə daralıb. Sənəddə dövlət institutlarının siyasi təsirdən qorunması və hakimiyyətin hesabatlılığı ilə bağlı problemlər də vurğulanır. Bu qiymətləndirmə Brüsselin Gürcüstanla bağlı mövqeyinin müvəqqəti narazılıqdan ibarət olmadığını, üzvlük meyarlarının yerinə yetirilməsiylə bağlı sistemli problem gördüyünü göstərir.
2026-cı ilin noyabr ayının 4-də açıqlanan Avropa Komissiyasının Genişlənmə Paketi Gürcüstanın vəziyyətinə dair indiyədək verilmiş ən mühüm rəsmi qiymətləndirmələrdən biridir. Komissiya ölkənin üzvlük prosesinin de-fakto dayandığını və Gürcüstanın “yalnız formal olaraq namizəd” vəziyyətində qaldığını bildirir. Sənəddə Gürcüstanın namizəd statusunun verilməsiylə bağlı müəyyən edilmiş doqquz əsas addım üzrə tələbləri yerinə yetirmədiyi qeyd olunur. Komissiyanın mövqeyinə görə, hakimiyyət demokratik prinsiplərə, hüququn aliliyinə, fundamental hüquqlara və vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə dair narahatlıqları aradan qaldırmalıdır. Eyni zamanda, Avropa İttifaqı Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini, eləcə də Gürcüstan xalqının Avropa arzularına münasibətdə mövqeyini dəyişmədiyini xüsusi vurğulayır. Bu fərq olduqca vacibdir: Brüssel Gürcüstan dövlətinin Avropa perspektivini rədd etmir, lakin hazırkı hakimiyyətin siyasətini üzvlük meyarlarına uyğun saymır.
Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinski noyabrın 4-də hesabatın təqdimatıyla bağlı çıxışında Gürcüstanın Avropa yolunun hazırda faktiki dayandığını bildirib. Onun sözlərinə görə, son bir ildə demokratik geriləmə, hüququn aliliyinin zəifləməsi və fundamental hüquqlara məhdudiyyətlər daha da dərinləşib. Herçinski qeyd edib ki, Avropa yolu Gürcüstan üçün bağlı deyil, lakin hakimiyyət demokratiya, hüququn aliliyi və fundamental hüquqlar prinsiplərinə yenidən sadiqliyini real addımlarla nümayiş etdirməlidir. Bu açıqlama diplomatik baxımdan əhəmiyyətlidir: Aİ-nin Gürcüstanla bağlı mövqeyi ölkənin coğrafi və siyasi əhəmiyyətini inkar etməyə yox, üzvlük prosesinin əsas şərtlərinin yerinə yetirilməsinə yönəlib. Səfirin fikrincə, namizəd ölkələrin irəliləyişini müəyyən edən əsas amil siyasi seçimlər və fundamental islahatların həyata keçirilməsidir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın noyabrın 4-də verdiyi açıqlama isə böhranın növbəti mərhələyə keçə biləcəyini göstərir. Kallas bildirib ki, Gürcüstan hakimiyyəti demokratik geriləmə istiqamətində hərəkət edir və Aİ ilə açıq qarşıdurma xəttinə yaxınlaşır. Onun sözlərinə görə, 2027-ci ilin yanvarında Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirləri Gürcüstanla bağlı əlavə tədbirləri ətraflı müzakirə edəcəklər. Kallas mümkün sanksiyaların konkret formasını əvvəlcədən açıqlamayıb, qərarın üzv dövlətlər arasında müzakirədən sonra müəyyənləşəcəyini bildirib. Bununla belə, onun vurğuladığı əsas prinsip diqqətəlayiqdir: Avropa İttifaqı Gürcüstan xalqının İttifaqa üzvlük arzusunu dəstəkləməli, eyni zamanda həmin arzunun reallaşmasına mane olan hökumət siyasətinə münasibətdə aydın mövqe nümayiş etdirməlidir. Bu, Brüsselin cəmiyyətlə hakimiyyət arasında fərq qoymaq strategiyasının davam etdiyini göstərir.
Tbilisinin mövqeyi isə tam fərqlidir. Noyabrın 3-də Brüsseldə keçirilmiş Euronews Genişlənmə Sammitində baş nazir İrakli Kobaxidze Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük niyyətindən imtina etmədiyini bildirib. Bununla yanaşı o, Avropa Komissiyasını Gürcüstanla siyasi dialoqu dayandırmaqda və ölkəyə təzyiq göstərməkdə ittiham edib. Kobaxidze hökumətin mübahisəli xarici təsir qanunvericiliyini ləğv etməyəcəyini də bildirib. Euronews kanalının jurnalistlərinə müsahibəsində ondan 2028-ci ilə qədər üzvlük danışıqlarının açılmaması qərarının hansı konkret planla dəyişdirilə biləcəyi soruşulsa da, baş nazir bu istiqamətdə aydın yol xəritəsi təqdim etməyib. O, Komissiyanın danışıqları açacağı təqdirdə Gürcüstanın prosesə dərhal qoşulmağa hazır olduğunu bildirib. Bu mövqe ilə Avropa Komissiyasının yanaşması arasında fundamental fərq var: Tbilisi danışıqların açılmasını Brüsselin siyasi qərarıyla əlaqələndirir, Brüssel isə danışıqların başlanması üçün əvvəlcə demokratik və hüquqi meyarların bərqərar olunmasını tələb edir.
Gürcüstan Xarici İşlər Nazirliyi də noyabrın 4-də Avropa Komissiyasının hesabatına münasibət bildirərək sənəddə faktiki yanlışlıqların və qərəzli qiymətləndirmələrin olduğunu iddia edib. Nazirlik hesabatın Gürcüstan haqqında mənfi narrativləri gücləndirdiyini, Avropa İttifaqı ilə konstruktiv dialoq imkanlarını daraltdığını bildirib. Gürcüstan tərəfi sənədi ətraflı araşdıracağını və Komissiyaya əsaslandırılmış iradlarını təqdim edəcəyini açıqlayıb. Xarici işlər naziri Maka Boçorişvili isə Avropa İttifaqının Gürcüstanla dialoqu davam etdirmədən ölkədəki vəziyyəti obyektiv qiymətləndirməsinin çətin olduğunu vurğulayıb. Bu yanaşma Tbilisinin öz siyasətini suverenlik və milli maraqlar çərçivəsində əsaslandırmağa çalışdığını göstərir. Lakin diplomatik dialoqun davam etdirilməsi zərurətiylə üzvlük meyarlarının yerinə yetirilməsi məsələsi bir-birini istisna etmir. Əksinə, Aİ-yə üzvlük prosesi namizəd ölkənin siyasi iradəsini, hüquqi institutlarının müstəqilliyini və beynəlxalq öhdəliklərini praktiki nəticələrlə sübuta yetirməsini tələb edir.
Böhranın yalnız hökumət və Avropa Komissiyası arasında diplomatik mübahisə olmadığını göstərən başqa bir mühüm hadisə Gürcüstanda müxalifət partiyalarının fəaliyyətinin qadağan edilməsi təşəbbüsüdür. 2025-ci ilin noyabrında hakim “Gürcü Arzusu” partiyasının nəzarətində olan parlament bir sıra əsas müxalifət qüvvələrinin konstitusiyaya uyğunluğunun araşdırılması və qadağan olunması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. 2026-cı ilin oktyabrında bu məsələ üzrə məhkəmə dinləmələri keçirilib. Reuters-in 21 oktyabr 2026-cı il tarixli məlumatına görə, iddia beş əsas qərbyönümlü müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsini nəzərdə tutur və Konstitusiya Məhkəməsinin 2027-ci ilin iyununa qədər bu barədə qərar verəcəyi gözlənir. Hakimiyyət bu addımı konstitusiya quruluşunun müdafiəsiylə əsaslandırır, tənqidçilər isə belə qərarın siyasi plüralizmi aradan qaldıra və ölkəni faktiki olaraq birpartiyalı siyasi sistemə yaxınlaşdıra biləcəyini bildirirlər.
Avropa Parlamenti də bu məsələylə bağlı konkret mövqe nümayiş etdirib. Oktyabrın 8-də qəbul edilmiş qətnamədə Gürcüstanda müxalifət partiyalarının yasaqlanması təşəbbüsləri tənqid olunub. Avropa Parlamentinin rəsmi məlumatına əsasən, qətnamə 445 lehinə, 37 əleyhinə səslə qəbul olunub, 97 deputat bitərəf qalıb. Sənəddə Gürcüstanda demokratiya, media azadlığı, insan hüquqları və hüququn aliliyi sahəsində geriləmənin davam etdiyi bildirilir. Avropa Parlamentinin narahatlığına görə, müxalifət partiyalarının fəaliyyətinin qadağan olunması siyasi rəqabət və demokratik təmsilçilik imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Oktyabrın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Mikita Poturayev də beş müxalifət partiyasının qadağan olunmasıyla bağlı məhkəmə prosesindən narahatlığını ifadə edib. O, siyasi partiyaların və vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinin demokratik sistemin əsas şərtlərindən biri olduğunu vurğulayıb. Bu mövqelər göstərir ki, Gürcüstanın daxili siyasi mühiti artıq yalnız Aİ institutlarının yox, daha geniş beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert