Belçikada beş ölkənin hərbçilərinin iştirakı ilə genişmiqyaslı təlim başlayıb

Belçikada beş ölkənin hərbçilərinin iştirakı ilə genişmiqyaslı təlim başlayıb

Belçikada beş ölkənin hərbçilərinin iştirakı ilə genişmiqyaslı kəşfiyyat təlimi başlayıb.

AZƏRTAC xəbər verir ki, "Yellow Guardian" adlanan təlim noyabrın 23-dən dekabrın 4-dək davam edəcək.

Təlimdə Belçika, Niderland, Fransa, Lüksemburq və Litvanın azı 700 hərbçisi iştirak edir. Təlim Qərbi Flandriya, Şərqi Flandriya, Henqau, Flaman Brabantı və Valon Brabantı olmaqla beş əyalətin təxminən 120 bələdiyyəsini əhatə edəcək. Təlimdə təxminən 200 hərbi texnika iştirak edəcək, bu isə bəzi ərazilərdə nəqliyyatda cüzi çətinliklərə səbəb ola bilər. Kəşfiyyat təlimi hərbçilərin hərəkətə keçməzdən əvvəl ərazi, vəziyyət və ya hədəf haqqında məlumat toplamasını nəzərdə tutur.

Belçikanın "Jagers te Paard" batalyonu tərəfindən təşkil olunan təlimin məqsədi hərbi bölmələri NATO-nun və Avropa İttifaqının missiyalarına hazırlamaq, taktiki prosedurları, logistika imkanlarını və müttəfiq qüvvələr arasında əməkdaşlığı təkmilləşdirməkdir. Sakinlər əvvəlcədən xəbərdar edilib ki, təlim zonalarında pilotsuz uçuş aparatları fəaliyyət göstərəcək. Eyni zamanda, yaşayış məntəqələrində atəş səsləri imitasiya ediləcək və piyada hərbi patrullar görünə bilər.

Belçikanın Müdafiə Nazirliyinin məlumatına görə, təlim qoşunların potensial əməliyyatlara hazırlanmasına və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsinə xidmət edir.