Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

Böyük Britaniya hökuməti “Skynet” hərbi peyk rabitə sistemi üçün yeni nəsil peyklərin yaradılmasına dair ABŞ-nin “Lockheed Martin” şirkəti ilə bağlanması planlaşdırılan müqavilənin risklərini qiymətləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təxminən 2 milyard funt-sterlinq dəyərində olan müqavilə ilə bağlı əsas narahatlıq ABŞ-nin Böyük Britaniyanın hərbi peyk sistemindən istifadəsinə məhdudiyyət qoya bilməsi ehtimalıdır.

Qəzet Britaniya rəsmilərinin bu narahatlığını Ukraynada “Starlink” peyk rabitə sistemindən istifadəyə qoyulan məhdudiyyətlərlə əlaqələndirir.

Nəşrin yazdığına görə, London gələcəkdə mümkün hərbi böhran zamanı Vaşinqtonun “Skynet” sistemindən istifadəyə mane ola biləcəyindən ehtiyat edir.