Baş nazirin keçmiş müavini Aleksey Reznikov Ukrayna Müdafiə Nazirliyinin yeni rəhbəri olub. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna parlamenti prezidentin təklifi ilə keçmiş baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə keçmiş nazir Aleksey Reznikovu müdafiə naziri təyin edib. A. Reznikovun namizədliyini 273 deputat dəstəkləyib.
Xatırladaq ki, keçmiş müdafiə naziri Andrey Taran Ali Radanın qərarı ilə noyabrın 3-də vəzifəsindən azad edilib.
Xəbərdə qeyd edilir ki, A.Reznikov Donbas bölgəsi üzrə təmas qrupunun siyasi məsələlər üzrə işçi altqrupunda rəsmi Kiyevin nümayəndəsi olub. KİV-in məlumatına görə, onun əvəzinə Müvəqqəti İşğal olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyinə hakim “Xalqın qulluqçusu” partiyasının fraksiyasından olan deputat İrina Vereşçuk rəhbərlik edəcək.