Şənbə üçün nəzm

Qulu Ağsəs

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı...fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var rahatlan, uyu...

 

Qəflətən bir çağa salar hay-həşir

Səhər - körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı.

 

Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş? körpəsi hanı?

... Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən...yandır özünü...

 

***

Canım-gözüm, şükür de ki,

Ölsən də başın üstdəki -

Pəmbə buluddu, daş deyil...

 

Sevməyi var, sancmağı var

Baxma hərdən uçmağı var -

Ürək yuvadı, quş deyil...

 

Neynəyərəm görən sənsiz?!

Ha istədim öləm sənsiz -

Baxdım ki, mənlik iş deyil...

 

Bu da mənim baxtımdandı,

Gözüm Tanrı taxtındadı -

Onun da yeri boş deyil...

 

***

Çox da salıb dünyanı eynəyim gözdən -

nolar

Ağız suyuyla bitir dodaqda söz də - nolar...

Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,

Dörd tərəfin köpəksə, demək, mühafizən var...

 

Yer tərpənir - tərpənsin, sallanarsan

budaqdan

Bir də gördün əl edir kimsə sənə uzaqdan...

Nə lazım, uzaqbaşı bircə otağın ola

Gecənin bir yarısı qəfil qonağın ola...

 

Sevəsən bu gəlişi başdan ayağa kimi

Küsdürəndə ağlaya qoynunda çağa kimi...

Gedəndə könlünü də yalvar - yapış apara

Gün görməmiş dərisin gün çıxmamış apara...

 

... Gedə, bir də qapından əcəl girəndə gələ

Günəş xəstə dünyaya şüa verəndə gələ...

 

***

Yığışıb qarama yüz söz deyərlər,

Bu boyda millətə nə cavab verim?

Bilsələr, qanıma yerikləyərlər -

Səni sevdiyimi... sevmədiklərim

 

Bir qz bir oğlana çoxuymuş, demə,

Sevdim təklənəsən... çoxaldın, gülüm.

Açdım ürəyimi yoldan ötənə,

Təki ordan səni çıxardım, gülüm...

 

Di gəl bacarmadım... düzünü desəm,

Özün tərpənmədin rahat yerindən.

Külli-ixtiyarsan, nə vaxt istəsən,

Oynat, ağlımı da oynat yerindən!

 

Bunu bir mən bilim, bir də sən ancaq,

Ölüncə bu gözəl sirr bəsimizdi.

Bizə nə yurd versin, nə yuva Allah,

Sənə ayırdığım yer bəsimizdi!.

 

Qarabağ müharibəsində itkin düşən dostum Xaliqə ...

Allaha baxmasaydım,

girməzdin yuxuma da!

Torpaq kimi soyuyur -

ən isti, yaxın adam...

 

Harda itib - batmısan,

hayına çağır gəlim.

Toyuna çağırmadın,

vayına çağır gəlim...

 

De, necə tapım səni,

nə mərdəm, nə ov iti.

Sənin izin, ünvanın

mənim axırım itib.

 

Bəlkə veriblər səni

Tanrının yaddaşına?

Mən sənə söz tapşırım,

sən də öz adaşına:

 

Nə olar, ayırmasın

de, ikimizdən məni!

Getdin?.. sənə yaxşı yol,

gəlməsən, gözlə məni..

 

***

Bu dünyada heç kəsə demədim...

O dünyada soruşsalar:

sən kimsən? -

gözümü yumub, ağzımı açacam!

Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam...

 

***

Bəzi şeirlərin hekayəsi var,

Bəzi xoşbəxtliyin qafiyəsi var.

Buludlar yağış yox, toz ələyirlər

Ulduzlar yanmır ha...

his eləyirlər.

Beş-üç arzu etməz ömrün qalığı

Didir başımızı kəpək balığı.

Daş-daş oynanılan bir aynabəddi,

Aman umduqları amana bənddi.

Nə talant?

nə vergi?

nə sehr? -

Adam

Günü axşam edir bikarçılıqdan.

Yaxşı pəhrizi var iztirabların

Nə özüm kökəldim,

nə kitablarım...

 

***

Yorulub oturdum

varağın bir küncündə,

ürəyim it kimi ulayır

it kimi...

at gücündə.

Qışa bir taya şeir yığmışam

sözü misraya vura - vura.

Günəş - müqəvva görünsəydi

gecəni quş kimi qorxuzub uçura...

Düşünürəm:

Yaşamaq!

- dünyanın ən zor işi!

Yaşamaq!

- irəli qovaraq keçmişi!

Fəqət...

istəyirəm əcəl gələndə

qarşımda heç nə dayanmasın.

Məni elə çağırsın ki,

sevgilim yuxudan oyanmasın...

 

***

Dilimdən düşmür bir ad

nöqtələr

Tanrıdan gözəl cəllad

nöqtələr

Dərdidi dərmanımın

nöqtələr

Arasında qanımın

nöqtələr

Yel vurduqca tökülür

nöqtələr

“Göy” suala bükülü

nöqtələr

Qələm-varaqdı, bir də

nöqtələr

Göydə Allahdı, yerdə

nöqtələr

 

***

Qələt eləyərəm desəm:

Hamı qələt eləyir...

Allah bizi xəlq eyləyib,

Yoxsa lənət eləyib?!

 

Qaç bu xain yuvasından

Əri, yox ol havada.

Qorx ki, yenə yerdən çıxa

Buluddan dama adam...

 

Baş açmazsan:

yaşdı, ya da daş?! -

Damarında qan durar.

Gözündən düşən nədisə,

Ayağını sındırar...

 

Bu da axır...

bu da xilas...

Son gecə...

səhər ertə...

Qoşulub göyün quşuna

Üstündən saat ötər...

 

***

Yastıq qoyub başımıza

əcəb yatırdın bizi.

Aç gözünü, qaranlığın

Qırıb batırdı bizi.

 

Milyon illərdi yeyirik

Süfrənin qırağından.

Çörək bizi tutar deyin,

Dinmirik qabağından.

 

Nə boydasan görən heylə?

Bir ölçüyə gəlmirsən?

Baş çəkmirsən qullarına

Bizə niyə gəlmirsən?

 

...Özünü görməsək də,

Xofun yamandı, Allah!

Bizi qırıb qurtarmamış,

Ölmə, amandı, Allah!..

 

***

Kimsən, nəçisən, ay Allah -

Heç səndən baş tapammadıq.

Özün qurduğun dünyada

Sənə bir iş tapammadıq.

 

Günün necə keçir barı,

Can verib can almağınan?..

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmağnan?!

 

Görsək, heç nə eləmərik,

Bir üzünü göstər bizə!

Yaxşı günün əgər busa,

Yaman günü göstər bizə!..

 

Neyləsən, sevirəm səni,

Qulunam, gəl min boynuma!..

Bu şeiri də sən yazmısan,

Babalı mənim boynuma...

 

***

Bir yol yatağından çıxmayan bu çay

Qoluna düyməni nə vaxt yazdırıb?

Qış günü soyuqdan ölən ağacın 

Yasına mart ayı yarpaq yazdırıb...

 

Başını yelləsən, odu közərir,

İşıq vermir, amma işıq söz verir.

Bircə eybi var ki, dünya gözəlin

Məni qucağına qonaq yazdırıb...

 

Şükür o göydəki ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb...

 

***

Rəngsizdi, tamsızdı,

ətsiz-qansızdı,

Allahsız, imansızdı,

Mən çəkən dərdlər.

 

Nəfsi bıçaqdan iti,

içimi dağıdır, didir,

vecinə deyiləm qəti

Mən çəkən dərdlərin.

 

Nə ət deyil,

nə siqaret

Deyəsən çəkildi, qurtardı.

...Dünya, Tale, Tanrı deyilən

nə var hamısı günahkardı

Mən çəkən dərdlərə.

 

Dərdi nə çəkiləsidi,

nə qaçılacaq,

Mən çəkən dərdlərin.

...Bir gün “sərgisi” açılacaq,

Mən çəkən dərdlərin.

 

***

Yazırsan: “Ölürəm...” Min şükür, alqış!

Nə yaxşı, sevgidən ölən hələ var.

Demə, kişidən də mələk olarmış,

Əzrayıl olanda axı nə olar...

 

Bilmirəm dünyanın xoşbəxti deyim,

Bilmirəm dünyanın bədbəxti sənə.

Düzü, istəmirəm xətrinə dəyim,

Cavab axtarıram nə vaxtdı sənə...

 

Kimsə ayağını qoymaz içəri -

Könlümün keşiyin balam çəkirsə.

Sevgi ötən gündür məndən ötəri,

Sən məni səvməklə dala çəkirsən.

 

Cavab məktubumda sözlər baş-ayaq,

Bir ucdan yazılır, pozulur elə.

Qorxuram öləsən sevgin yaşaya,

Qorxuram qalasan - məhəbbət ölə.