Mahmud Abbas Cənubi Kiprdən İsraillə danışıq üçün kömək istəyir

Şimali Kipr Cümhuriyyəti isə Şuşada TDT iclasında iştirak edirdi

Xəbər verildiyi kimi, Fələstin Prezidenti Mahmud Abbas oktyabrın 29-da Cənubi Kiprə (Yunan Kiprinə) səfər edib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Səfər çərçivəsində Fələstin rəhbəri Cənubi Kiprin rəhbəri Nikos Xristodulidislə danışıqlar aparıb. Türkiyə mətbuatı qeyd edir ki, Fələstin Prezidenti Mahmud Abbas görüşdə İsraildəki seçki prosesi ilə bağlı deyib: “Ümid edirik ki, yeni İsrail hökuməti qurulduqdan dərhal sonra birlikdə dialoqa başlaya bilərik”. Abbas Cənubi Kipr ilə İsrail arasındakı yaxşı münasibətlərin “Fələstin üçün faydalı ola biləcəyini və İsrail-Fələstin danışıqlarına kömək edə biləcəyini” bildirib və bu mövzuda Xristodulidesdən dəstək istəyib. Səfərin Türkiyənin Cümhuriyyət Gününə təsadüf etməsi isə Türkiyə mətbuatından xüsusilə maraq kəsb edib...

ŞKTC Mahmud Abbasın səfərindən kədərləndi...

Qeyd edək ki, bu səfər Şimali Kipr Türk Respublikasında (ŞKTR) birmənalı qarşılanmayıb. Ölkənin Xarici İşlər Nazirliyi Fələstin Prezidenti Mahmud Abbasın Kipr Rum Administrasiyasına (KKR) səfəri ilə bağlı açıqlama yayıb və bildirib ki, “Şimali Kipr Türk Respublikasının qanuni hüquqlarının və həssaslıqlarının nəzərə alınacağına dair gözləntilərimizi vurğulamaq istərdik”. ŞKTR Xarici İşlər Nazirliyi “X” sosial media platforması hesabında Fələstin Prezidenti Abbasın KKR-a səfəri ilə bağlı açıqlama verib. Bəyanatda qeyd olunub ki, Kipr məsələsinin Abbasın KKR-a səfəri və Nikos Xristodulides ilə görüşü zamanı müzakirə ediləcəyi barədə açıqlama diqqətlə qeyd edilib. Kipr türk xalqının uzun müddətdir ki, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu və qanuni mübarizəsini ürəkdən dəstəklədiyi qeyd olunan bəyanatda aşağıdakılar bildirilir: “Bu güclü tarixi həmrəyliyə uyğun olaraq, Şimali Kipr Türk Respublikasının qanuni hüquqlarının və həssaslıqlarının nəzərə alınması gözləntilərimizi vurğulamaq istərdik. Adada iki ayrı xalq və iki ayrı dövlətin olması nəzərə alınmaqla, Kipr türk xalqının iradəsinə məhəl qoyulmadan həyata keçirilən bu səfər Kipr türk xalqı tərəfindən kədərlə qarşılandı”.

Ersin Tatar Şuşaya gəlişini xoşbəxtlik adlandırmışdı

Xatırladaq ki, 2024-cü ilin iyulunda Şuşada keçirilən TDT-nin Qeyri-Rəsmi Zirvə Toplantısına Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin tatar dəvət edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul etmişdi və Ersin Tatar Türk Dövlətləri Təşkilatının Şuşa şəhərində keçirilən qeyri-rəsmi Zirvə toplantısına dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirmişdi. Hətta ölkəsinə qayıtdıqdan sonra Ersin Tatar Türkiyənin “Ulusal Kanal” telekanalının efirində bildirmişdi ki, Kiprin türk xalqı adından TDT-nin Zirvə görüşündə iştirakını böyük şərəf adlandırıb. “Şuşada keçirilən Zirvə görüşü Kiprin bütün türk xalqı üçün mühüm hadisəyə çevrilib”, - deyə Ersin Tatar vurğulamışdı. “Mənim digər türk dövlətlərinin liderlərinə müraciət etmək və birgə foto çəkilişlərində iştirak etmək imkanım olub”, - deyə Tatar bildirmişdi.

Həmin iclasda imzalanan Qarabağ Bəyannaməsinin 26-cı bölməsində Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində TDT-yə dəyərli töhfələri vurğulanırdı...

Bu Azərbaycan, bu da...

Görünən dağa nə bələdçi. Azərbaycan özünün müstəqilliyi uğrunda beynəlxalq iş aparan Şimali Kipr Türk Cümhuriyyətini hər zaman dəyərləndirib, ona dəstək olub. Ölkəmizdə bu dövlətin nümayəndəliyi fəaliyyət göstərir. Türkiyə mediası isə Mahmud Abbasın Türkiyənin himayəsində sayılan ŞKTC ilə münasibətləri heç də xoş olmayan Yunan Kiprinə səfərini təftiş etmək istəyir...

SADİQ