“Z” nəslinin kitabı

“Z” nəslinin kitabı

Açılırmı, bağlanırmı, bilinmir.

Hamı onların adından danışır. Həmişə belə olub - əvvəlcə nəsillərin adından, sonra isə əməllərindən danışılıb: “dövr”, “proses”, “tarix” və sair adlar altında ümumiləşdirilib.

Məsələn, bir vaxtlar özlərinə nəsihət lazım olan psixoloqlar “z” dövründə doğulan uşaqların valideynlərinə məsləhət verirdilər (indi də elədir): bunu etmə, onu et, oraya getmə, buraya get, o kitabı oxuma, bu kitabı oxu, o meyvəni yemə, bu meyvəni ye...Yaxud uşaqlara xaricdən gətirilmiş müxtəlif rəngli kitablar, oyunlar və cizgi filmləri sırınırdı. Bircə bizim milli elementlər orada olmasın. Yerli mədəniyyət də beləcə kənarda qalıb boynunu bükmüşdü: o mədəniyyət ki, min illərin sınağından keçib özünü doğrultmuş, formalaşmışdı - dəbdən salınırdı...

Ənənəvi, milli mədəniyyətin ən faydalı tərəfi odur ki, insanı təbiətdən ayırmır. “Z” nəslinin dövründə import olunan mədəniyyət isə qurama dünyalarda əcaib dekorlar quraraq oralarda uşaqlarımıza qanad verib uçurmaq istəyirdilər - onları əlimizdən alıb qəliz, rəngsiz dünyalara aparacaqdılar. Sonra uçuş sürəti daha da artdı, sehrli rəqəmsal vasitələr gəldi...

İndi isə “z” nəslini (o cümlədən digər yaş qruplarını) mütəmadi şəkildə təsnifatlaşdırırıq: sanki bunlar bizlərdən törəyən canlı insan deyilmişlər - zumerlərmiş, özlərindən əvvəl gələn “alfa” nəslindən fərli olaraq, fərdiyyətçiymiş, rəqəmsal həmyerlilər hesab edilən demoqrafik qrupmuş... Beləcə, onları istehlak bazarının hansısa rəflərinə yerləşdirib danlayırıq.

Əlbəttə, sözümüzə baxmayacaqlar...

Amerikalı müəllif Fredrik-de-Boyer bu məsələlərə dair maraqlı bir kitab yazıb. “Ağlın başındadır” (All in your head - hərfi tərcümə -M.N.). Dünyanı istehlak qruplarına bölüb yaşayan Amerikada vəziyyət bizdən min qat qəlizdir: Boyer öz kitabında deyir ki, artıq tibbdə təsnifatlaşdırılmış ən qəliz psixiatrik diaqnozlar cizgi filmləri şəklində uşaqlara təqdim edilir. Daha sonra bu hərəkətləri təkrarlayan təqlid qrupları yaranır. Onlar “Tik-tok”da toplaşıb dissosiyativ kimlik pozğunluğu - başqa sözlə, bir fərdin çoxşəxsiyyətlilik pozğunluğu, xəstə olmaq istəyi, bu xəstəliyin isə bir növ qrupdaxili statusa çevrilməsindən ruhlanaraq öz mühitlərində “çiçəklənir”, bu “çiçəklənmə” isə heşteqə çevrilir. Beləcə, onların dəstək qrupları yaranır və yeni gələnləri də aldadıb, buraya cəlb etməkdən məmnunluq duyurlar...

“Cırtdan”ı gözdən salanlara göz ağartmağın vaxtı deyilmi?

Məqsəd Nur