Azərbaycan-İtaliya münasibətləri...

Azərbaycan-İtaliya münasibətləri...

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb. Görüş zamanı nazirlər Azərbaycan-İtaliya münasibətlərinin geniş gündəliyini, strateji tərəfdaşlığın hazırkı vəziyyətini və perspektivlərini, eləcə də əsas regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Ticarət dövriyyəsi 12 milyard ABŞ dollarına çatıb

Nazirlər 2014 və 2020-ci illərdə imzalanmış Strateji Tərəfdaşlıq sənədlərinə əsaslanan iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıblar. İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin 12 milyard ABŞ dollarına çatması ilə İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Nazirlər ticarət, investisiya, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Həmçinin Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes-Forumunun nəticələrini müsbət qiymətləndiriblər. Nazirlər Azərbaycanın İtaliya üçün etibarlı enerji təchizatçısı kimi rolunu, Cənub Qaz Dəhlizinin və Trans-Adriatik Boru Kəmərinin (TAP) strateji əhəmiyyətini, eləcə də SOCAR-ın İtaliyanın enerji bazarında genişlənən mövcudluğunu vurğulayıblar.

C.Bayramov İtaliya şirkətləri üçün Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika infrastrukturunun qurulması, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və inkişaf layihələri çərçivəsində mövcud olan imkanları diqqətə çatdırıb. Kritik xammal sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi də vurğulanıb.

Nazirlər regiondakı proseslər, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılması istiqamətində səylər barədə fikir mübadiləsi aparıblar. C.Bayramov qarşı tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı, eləcə də minaların yaratdığı çətinliklər barədə məlumatlandırıb.

Eyni zamanda, nazirlər təhsil, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha qeyd edərək, xalqlararası əlaqələrin möhkəmləndirilməsində İtaliya-Azərbaycan Universitetinin rolunu vurğulayıblar. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov: Yeni layihədə ölkəmizə qarşı ərazi iddialarının olmaması müsbət haldır

Daha sonra mətbuat konfransı keçirilib. Ceyhun Bayramov bildirib ki, İtaliya ilə münasibətlərimiz çox möhkəm təməl üzərində qurulub, sürətlə, uğurla inkişaf edib. Gələn il ölkələrimiz arasında münasibətlər baxımından çox önəmli bir tarixdir. Belə ki, diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd ediləcək. “Bu müddət ərzində ölkələrimiz arasında çoxsaylı sənədlər imzalanıb və qəbul edilib. Onların sırasında xüsusilə 2014-cü ildə qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və 2020-ci ildə imzalanmış Çoxtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsini qeyd etmək istərdim” - deyə, nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla İtaliya arasında indiyədək 65 sənəd imzalanıb. C.Bayramov qeyd edib ki, müxtəlif istiqamətləri əhatə edən 20 sənəd isə hazırda Azərbaycan və İtaliya tərəflərinin baxışındadır. Həmçinin diqqətə çatdırılıb ki, beynəlxalq səviyyədə Azərbaycanın irəli sürdüyü səkkiz təşəbbüs İtaliya tərəfindən dəstəklənib. Nazir deyib ki, İtaliya minatəmizləmə sahəsində də ölkəmizə dəstək göstərib. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə tarixi-mədəni irsin bərpası və qorunması istiqamətində bir sıra İtaliya şirkətləri iştirak ediblər.

C.Bayramov, həmçinin Ermənistanın yeni konstitusiya layihəsinə də münasibət bildirib: “Ölkəmiz dəfələrlə bəyan edib ki, Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq. Bu gün Ermənistanda çox önəmli bir inkişaf baş verdi. Ermənistanın Baş naziri Konstitusiya mətnini ictimaiyyətə açıqladı. Azərbaycan üçün maraqlı olan məqam ondan ibarətdir ki, yeni konstitusiya layihəsində bu cür iddiaların yer almadığını müşahidə edirik. Bu, müsbət haldır, inkişafdır. Sözügedən məsələ öz yekun həllini tapdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq”.

A.Tayani: TAP layihəsi mühüm əməkdaşlıq nümunəsidir

İtaliyalı nazir Antonio Tayani isə bildirib ki, ölkələrimiz arasında imzalanmış sənədlər ikitərəfli münasibətlərin genişləndirilməsinə, siyasi və iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə təkan verəcək: “Gələn ilin əvvəlində də qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur. Əminəm ki, bu görüşlər əməkdaşlığımızın daha da inkişafına xidmət edəcək”. Onun sözlərinə görə, İtaliya və Azərbaycan bir-biri üçün dost ölkələrdir. Bizim ölkələrimiz sülhün bərqərar olmasına və beynəlxalq sabitliyin təmin edilməsinə çalışır. “Dünyada baş verən müharibə və münaqişələrin sülh yolu ilə həllinə töhfə verməliyik. Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması regionda sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə italiyalı qeyd edib.

Antonio Tayani həmçinin qeyd edib ki, Azərbaycan qazının TAP layihəsi çərçivəsində Avropanın ölkələrinə çatdırılması enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əməkdaşlıq nümunəsidir. Onun sözlərinə görə, sualtı kabellərin çəkilməsi, dəmir yolu sahəsində iri layihələrin həyata keçirilməsi də əməkdaşlıq istiqamətlərindən biridir.

Nardar BAYRAMLI